“Kür çayının quruması artıq böyük müzakirə predmetinə çevrilib. Həqiqətən də Kür çayında suyun azalması, səviyyəsinin enməsini müşahidə edirik”.
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, bu, daha çox iqlim dəyişmələri ilə bağlıdır: “Xüsusilə yanvar-fevral aylarında görünməmiş quraqlıq olub. Əfsuslar olsun ki, yağıntı az olub. Qar yağan günlər də çox az olub. Çaylarda suyun əsas mənbəyi qar, qar ehtiyatlarının əriməsi və yağışdır. Amma yağıntılar çox azdır. Əlbəttə ki, bu da neqativ təsir göstərir. Əsas məqsədimiz harada əlverişli şərait varsa, orada suyun yığılması, qorunması və istehlakçıların su ilə təmin olunmasıdır. Təbii ki, burada biomüxtəlifliyi də nəzərə almaq lazımdır. Çünki bunun biomüxtəlifliyə də böyük neqativ təsiri var. Bunun həlli yolunu beynəlxalq təşkilatlarla müzakirə edirik. Amma əfsuslar olsun ki, bu proses təkcə Azərbaycanda deyil”.
Nazir deyib ki, dünyanın müxtəlif ölkələrində dənizlərdə suyun səviyyəsi düşüb: “Xüsusilə buna Xəzər dənizini misal göstərə bilərik. Son 20 il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi bizi narahat edir. Burada iqlim dəyişmələri əsas faktordur. Amma başqa faktorlar da var. Əhali artıb, tələbat, istehlak çox artıb. Əsas məqsədimiz istehlakın daha səmərəli formada idarə olunmasıdır. Burada vətəndaşlar, fermerlər, istehlakçılar suya qarşı məsuliyyətli olmalıdırlar. Məsuliyyətli istehlakçını təşviq etməliyik. İnanıram ki, böyük proqramlar icra olunacaq”. (Apa)