“Yer kürəsində təxminən 23 min, Xəzər dənizində isə 120 balıq növü var. Xəzərin Azərbaycana aid hissəsində isə 100-ə qədər balıq növü var”.
Eləcə də bax: Nazirlik: Azərbaycanda nərə balığı ovuna - İCAZƏ YOXDUR
FED.az xəbər verir ki, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.
O bildirib ki, bu vəziyyət təkcə bugünkü situasiyadan yox, 20 il ərzində baş verən proseslərin nəticəsində qiymətləndirilməlidir:
“Xəzər dənizi bioloji resurslarla o qədər də zəngin hövzə deyil. Amma 1920-ci ilin sonunda Xəzərə yeni növ daxil olub ki, bu da daraqlı meduzaya oxşayan canlıdır. Bu isə 90% zooplanktonu məhv edir. Bu da həmin zooplanktonla qidalanan kilkələrin həcminin azalmasına səbəb olur. 2011-ci ildə Xəzər dənizi üzrə bioloji resurslar komissiyası nərə balıqlarının kommersiyasına qadağa qoyub. Hər il bu qadağa qüvvədə saxlanılır. Son zamanlar İranda, Rusiyada, Azərbaycanda çoxlu nərə balığı yetişdirmək üçün akvakulturalar yaradılıb. O cümlədən də müxtəlif digər balıq növləri üzrə akvakultura təsərrüfat növləri yaradılıb. 2011-ci ildə Azərbaycanın kvotası 90 ton nərə balığı əti, 3,6 ton kürü idi. Hazırda akvakultura təsərrüfatları tərəfindən 400 tona qədər nərə balığı yetişdirilir. Bu da azdır. Ən yaxşı vaxtlarda Azərbaycanda 5000 ton nərə balığı kvotası var idi. Bu say yenə 5000 tona çatdırılmalıdır. Hətta o vaxt əhalinin sayı az idi, amma indi bu kvota hardasa 10 min tona qədər çatdırılmalıdır”.
Mehman Axundov qeyd edib ki, nərə balıqlarının artırılması çox vacibdir: “1950-ci illərin əvvəllərində Volqa çayında, Kür çayında elektrik bəndlər qurulub. Yeganə çay Uraldır ki, orada nərə balıqlarının təbii çoxalması baş verir. Nərə balıqlarının ehtiyatlarının yaradılması üçün süni balıqartırma zavodları fəaliyyət göstərir. Son zamanlar Xəzər dənizində bioloji resursları ehtiyatlarının bərpa olunduğunu müşahidə edirik, kilkə ehtiyatları da artır". (Apa)