Abşeron rayonu, Masazır qəsəbəsində bəzi əraziləri su basıb, ailələr çarəsiz qalıb evdən çıxa bilməyiblər.
FED.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinə bu barədə məlumat daxil olan kimi Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
Mövcud vəziyyət Masazır qəsəbəsinin Əliağa Vahid küçəsindəki döngə 5 ünvanında yaşanır. Bu küçədə bütün əraziləri kanalizasiya suları basıb. Sakinlər yalnız iriboğaz çəkmələrlə böyük gölməçələrdən keçərək mənzillərindən bayıra çıxmağa çalışırlar.
Qeyd edək ki, Xırdalan şəhərində də eyni vəziyyət hökm sürür. Dünəndən yağan yağış suları ətraf küçə və prospektləri keçilməz edib. İri gölməçələrin yaranması piyadaların və avtomobillərin hərəkətində ciddi problemlər yaradıb. Məsələ ilə bağlı Abşeron Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov “Xəzər Xəbər”ə bildirib ki, günün sonuna qədər bütün əsas küçələrdən suyun çəkilməsi prosesi yekunlaşacaq (Xezerxeber.az).