Bir neçə gün əvvəl Azərbaycanda bütün dünyanın maraqla izlədiyi mühüm tədbir - COP-29 konfransında, planetin iqlim şəraiti ilə bağlı mühüm qərarlar qəbul edildi.
FED.az xəbər verir ki, konfransın nəticəsinə əsasən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə 2035-ci ilə qədər ildə 1,3 trilyon dollarlıq dəstək verilməsi üçün qlobal hədəf müəyyənləşib. Bakıda keçirilən COP29 tədbirinin əsas əhəmiyyəti ondadır ki, burada indiyədək olan illik 100 milyard dollarlıq dəstək məbləği 300 milyard dollara qaldırılıb.
Bəs ekologiyanı qorumaq üçün və iqlim dəyişikliklərinə qarşı mübarizə üçün ayrılan pullar adətən necə xərclənir? Bunlar hansı tədbirlərə sərf edilir? FED.az bununla bağlı maliyyəçi ekspert Xıdır Səfərovun fikirlərini öyrənib.
Ekspertin sözlərinə görə, ətraf mühitin müdafiəsi və iqlim dəyişikliuləri ilə mübarizəyə ayrılan vəsaitlər adətən müxtəlif tədbirlərə sərf edilir. Bu tədbirlərə təbiətə dəyən zərərlərin azaldılması, eləcə də iqlim dəyişikliklərinə adaptasiya aiddir.
Günəş və külək stansiyaları qurulur, elektromobillər artırılır
X.Səfərovun sözlərinə görə, tədbirlərə ilk növbədə təbiətə atılan istixana qazlarının azaldılması aiddir. Bunun üçün, insanlar, şirkətlər və hökumətlər bərpa olunan enerji mənbələrinə – məsələn günəş, külək və su elektrik stansiyalarına keçid etməlidirlər. Eyni zamanda enerjidən səmərəli istifadə edilməsi üçün binaların enerji effektivliyi artırılmalıdır, yəni köhnə, enerjini buraxan binalar, daha müasir sistemlərlə təmin edilməlidir.
Ciddi tədbirlərdən biri – ekoloji nəqliyyatın inkişafı – elektromobillərə və velosipedlərdən istifadəyə keçid, eləcə də daha aşağı tulantı qazları olan ictimai nəqliyyatdan istifadədir.
Zavod və fabriklər modernizasiya edilir
Əsas tədbirlərdən biri ətraf mühitə zərərli maddələrin atılmasına nəzarətin güclənməsidir. Fabriklər, zavodlar, digər iri istehsal müəssisələri təbiətin çirkləndirilməsinin əsas mənbələrindən biridir. Onların təbiətə buraxdığı kimyəvi maddələr ətraf mühitə böyük zərər vurur.
Ekspertin sözlərinə görə, COP-29 çərçivəsində ayrılan vəsaitlərin bir hissəsi bu müəssisələrin modernləşdirilməsinə və tullantıların azalmasına sərf edilməlidir. Ayrılan vəsaitlər bu qurğuların tikintisi və ya alınması üçün güzəştli kreditlərə və subsidiyaların verilməsinə, xüsusilə də ekoloji nəqliyyat vasitələrinin istehsalına və alınmasına sərf ediləcək.
Təbii fəlakətlər 3 dəfə artıb
İqlim dəyişiklikləri ilə mübarizə üçün digər vacib istiqamət iqlim dəyişikliklərinin səbəb olduğu hadisələrin ya qarşısının alınması ya da onlardan gələn zərərlərin qarşılanmasıdır. X.Səfərov qeyd edir ki, son 10 illiklərdə iqlim dəyişiklikləri nəticəsində zərərli təbiət hadisələrinin sayı kəskin artmaqdadır. Məsələn, 1980-ci illərdə il ərzində baş verən iri təbiət hadisələrinin sayı 245-250 arasında dəyişirdisə 2020-ci illərdə bu rəqəm 850-900-ə çatır.
Bəndlər tikilir, quraqlığa davamlı bitkilər əkilir
Görülən tədbirlər isə biznes və insanların iqlimin şıltaqlıqlarına qarşı daha davamlı olmasına imkan verir. Məsələn, infrastruktur layihələri – bura su bəndlərinin və suyun qarşısını alan qurğuların tikintisi, torpaqların daşqınlarlan və eroziyadan qorunması aiddir.
Ekspertin sözlərindən aydın olur ki, oxşar tədbirlər kənd təsərrüufatının dayanıqlığı üzrə də həyata keçirilir. Məsələn, quraqlığa davmmlı bitkilərin əkilməsi - son illər quraqlıq hallarının artması səbəbindən bitkilərin məhsuldarlığı azalır, quraqlığa davamlı bitkilər isə istifadə olunmayan torpaqların daha səmərəli istifadəsinə imkan verir.
Karbon kreditləri bazarı - kvotalar alınıb satılır
İqlim dəyişikliklərinə qarşı mübarizədə istifadə olunan əsas maliyyə alətlərindən biri karbon qazı kvotalarının satışı üzrə qlobal bazarın, daha sadə desək, karbon kreditləri bazarının yaradılmasıdır.
Məlumat üçün bildirək ki, karbon kreditləri birjası dedikdə karbon kreditlərinin alınıb satıldığı platforma nəzərdə tutulur. Xıdır Səfərov bildirir ki, bu birjalar şirkətlərə, təşkilat və dövlətlərə öz karbon tullantılarını idarə etməyə imkan verir. Məsələn, öz kvotasından tam istifadə etməyən dövlət və ya şirkət kvotanın istifadə olunmayan hissəsini başqasına sata bilər. Bu da tullantılara daha ciddi nəzarət etməyə imkan verir, eləcə də kvotanın satışından əldə edilən vəsait fabrik və qurğuların daha da modernləşməsinə sərf edilir. Belə birjaların yaranmasının məqsədi texnoloji yeniliklərin və insan həyatının iqlimə təsirini azaltmaq və beynəlxalq öhdəliklərə əməl edilməsidir.
Həmsöhbətimizin sözlərinə görə, son nəticədə belə mexanizmlər dayanıqlı iqlim maliyyəsi sisteminin yaranmasına səbəb olur.