Britaniyanın “Anglo Asian Mining” şirkəti Azərbaycan hökuməti ilə əməkdaşlıqda Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarına səbəb olan tullantı anbarının ikinci bəndinin tikintisi layihəsi çərçivəsində ekoloji tədqiqat aparacaq.
“Anglo Asian Mining”in Azərbaycanda qızıl hasilatı - KƏSKİN AZALIB
FED.az şirkətə istinadən xəbər verir ki, AAM-ın tullantı anbarının ikinci bəndinin tikintisi üçün seçdiyi sahə mövcud bəndin yanında yerləşir, lazımi torpaq sahəsi Azərbaycan hökuməti tərəfindən ayrılıb.
“Ancaq yeni bəndin yerləşdiyi yer son zamanlarda etirazlara səbəb olub (yerli əhali tərəfindən – İF). Etirazlar başladıqdan bəri müxtəlif hökumət qurumları müstəqil laboratoriyaların köməyi ilə mövcud bəndin yerləşdiyi ərazidə ətraf mühitdən nümunə götürüb. Yerli sakinlər arasında yoluxma və ya xəstələnmənin artdığı qeydə alınmayıb”, - deyə şirkətin məlumatında bildirilir.
AAM qeyd edir ki, 2009-cu ildən Gədəbəydə fəaliyyət göstərir və yerli əhali ilə uzunmüddətli və möhkəm əlaqələri, xüsusilə məşğulluğun aşağı səviyyədə olduğu rayonun sosial və iqtisadi inkişafına mühüm töhfəsi ilə fəxr edir.
“İkinci tullantı anbarının yeri ilə bağlı narahatlıqlar gözlənilməz olsa da, şirkət layihənin texniki və ekoloji aspektlərini, o cümlədən nəzərdə tutulan yeri yenidən qiymətləndirmək üçün hökumətlə əməkdaşlıqda ekoloji tədqiqat aparmağa razılıq verib.
Şirkət qeyd edir ki, ekoloji tədqiqat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəvət olunmuş müstəqil beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılacaq. AAM-ın yerli ətraf mühit mühəndisləri və “Knight Piésold” şirkətinin tullantıların idarə olunması üzrə müstəqil məsləhətçiləri bu prosesdə köməklik göstərəcəklər.
“Hazırda şirkət hökumətlə ekoloji tədqiqat protokolunu razılaşdırır və bu müddət ərzində mövcud tullantı anbarına atqılarla nəticələnən bəzi əməliyyatları azaltmağı planlaşdırır”, - deyə məlumatda bildirilir.
“Anglo Asian Mining” qeyd edir ki, o, Azərbaycanda bütün müvafiq yerli qayda və qanunlara tam riayət etməklə fəaliyyət göstərir, ikinci tullantı anbarının tikintisi və idarə olunması isə tullantı anbarlarının sənaye standartı hesab edilən ICMM standartlarına uyğun həyata keçirilir.
“Şirkət, həmçinin mövcud bəndin divarının ucaldılmasının məqsədəuyğunluğu ilə bağlı texniki təminatlar da alıb. Hökumət şirkət tərəfindən lazımi icazələr alındıqdan və ekoloji tədqiqat yekunlaşdıqdan sonra belə bir zəmanət verməyə razılıq verib. Beləliklə, şirkət ikinci bəndtikilən zaman onun kifayət qədər tullantı tutumuna malik olacağına əmindir”, - deyə məlumatda vurğulanır.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50-54 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30-32 min unsiya, mis hasilatını 4,1-4,3 min ton həcmində gözləyir.
“Anglo Asian Mining plc” şirkətinin 2023-2028-ci illəri əhatə edən strateji inkişaf planına əsasən, 2024-2025-ci illərdə Azərbaycanda 70-75 min unsiya, 2026-2027-ci illərdə 115-125 min unsiya, 2028-ci ildə 175 min unsiya qiymətli metal hasil ediləcək. Beləliklə, 2023-2028-ci illərdə qiymətli metal hasilatı 3,2-3,5 dəfə artacaq. (İnterfaks-Azərbaycan)