“Səkkiz aydır ki, tariximizin bütün əlamətdar günlərini belə demək mümkündürsə, xüsusi formatda qeyd edirik. Bir-birimizi bayram, xoş gün münasibəti ilə təbrik edərkən mütləq “qarabağlı” və ya “şuşalı” sözlərini əlavə edirik. “Qarabağlı Novruz bayramımız mübarək!”, “Şuşalı Respublika günümüz mübarək olsun!” kimi. Son 30 ilimizin ağrı-acılı qara günləri olan rayonlarımızın işğal tarixləri də bizə sadəcə tarix kimi gəlir”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, Kəlbəcər, Şuşa, Laçının ermənilər tərəfindən işğalı günləri tarixi unutmamaq, düşmənin etdiklərini yaddan çıxarmamaq üçün xatirələrimizə həkk etdiyimiz günlər, rəqəmlərdir:
“İndi Şuşa da azaddır, Laçın da, Kəlbəcər də. 10 Noyabr Qələbə günündən bu yana bir çox qarabağlı, şuşalı bayramlarımızı qeyd etmişik. İndi sıra Qurtuluş Günümüzə çatıb. Fikrimcə, bayramlarımız içində Qurtuluş Günü ən çox qarabağlı bayramdır.
Çünki 44 günlük Vətən müharibəsindəki zəfərimizin özülünü məhz bu tarixdə - 15 iyun 1993-cü ildə qoymuşuq. Müdrik xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev o vaxtkı Ali Sovetin sədri seçildi.
Həmin gündən bugünkü güclü, sabit və firavan Azərbaycanın əsası qoyuldu. Vətəndaş qarşıdurması və yarıtmaz idarəçilikdən təngə gələn ölkəmiz rifah və tərəqqi yoluna yönəldi. Yolumuz uzun və mürəkkəb oldu. Şərəfli yol başqa cür ola bilməz.
Müqəddəs amala, məqsəd və mərama gedən yol keşməkeşli olmalıdır. Axı nəticə şirin olacaq! Firavan həyatımız, güclü dövlətimiz, dinamik inkişafımız, dünyada müsbət reputasiyamız, mətin ordumuz bu uzun yolun nəticələridir. Mübarizə adlı ağacın verdiyi məhsullardır, bardır. Həmin tarix – 15 iyun 1993-cü il bizim nəsli orta məktəbdə haqladı.
Hamı kimi bizim də qarşımızda duran əsas vəzifə təhsil almaq üçün məktəbə getmək, dərs oxumaq idi. Ancaq hətta bizim yaşda olan yeni nəslin nümayəndələri belə cəmiyyətdə olan gərginliyi hiss etməyə bilmirdik”.
Millət vəkilinin sözlərinə görə, Sovetlər ittifaqı dağılandan sonra hökm sürən hərc-mərclik, siyasi anarxiya, xaotik dövlət idarəçiliyi həmin dövrü xarakterizə edən əsas əlamətlər idi:
“Doğma Qarabağımızda verdiyimiz itki və tələfat, Vətən torpağının ard-arda işğalı hər birimizin uşaqlıq yaddaşına həkk olunub. Bax belə bir reallıqda Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq dövlətin, xalqın müqəddəratını öz üzərinə götürdü, ağır siyasi və mənəvi yükün altına girməkdən çəkinmədi.
2020-ci ilin noyabrından etibarən Qarabağda qazandığımız qələbəmizi qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi igid oğullarımız düşmənə tarixi sarsıdıcı zərbəni vurmaqla 30 ilə yaxındır işğal altında olan müqəddəs yurdumuzu azad edib, bu qələbəni bizə yaşatdılar.
Bu zəfərdən öncə bizim başqa qələbələrimiz də var idi. Dövlətimiz sabit inkişaf yoluna qədəm qoymuşdu, möhkəm hüquqi sistemimiz, dünyada hökm sürən böhranlara baxmayaraq, inkişafda olan iqtisadiyyatımız, Covid-19 pandemiyası ilə əlaqədar iqtisadi və sosial həyatı tənəzzüldə olan ölkələr fonunda firavan həyatımız... Bunların hər biri ayrı-ayrılıqda bir qələbədir. Hətta ən qabaqcıl dövlətlərin belə, iqtisadiyyatları pandemiyanın zərbələrinə tab gətirmir, bizim iqtisadi göstəricilərimiz isə ya artır, ya da sabitdir. Onlarla ölkə əhalisinin sağlamlığı üçün vaksin axtarışındadır, Azərbaycan əhalisinin əhəmiyyətli qismi isə bu prosesi uğurla keçməkdədir.
Dövlətimiz böhran şəraitində hətta özəl sektor təmsilçilərinin xərclərini öz üzərinə götürür, ölkələr var ki, dövlət sektorunun problemlərini çözə bilmir.
Ancaq bizim ən böyük qələbəmiz təbii ki, nail olduğumuz sabitlikdir, rifah halımızdır. Bu böyük qələbənin özülü məhz həmin gündə - 1993-cü ilin 15 iyununda qoyulub. Ulu öndərin başladığı dövlət quruculuğu prosesini Prezident cənab İlham Əliyev davam etdirib. Nəticə bütün dünyanın gözlərin önündədir.
Ölkəmizdə mötəbər tədbirlər keçirilir, elə bu günlərdə izlədiyimiz futbol üzrə Avropa çempionatının oyunlarını götürək. Xaricdən paytaxtımıza azarkeşlər gəlir, sakit, mehriban, təhlükəsiz mühitimizlə tanış olurlar. İndi gəlin 1993-cü ilin acı xatirələrini yaddaşlarımızda canlandıraq: küçələrdə silahlı şəxslər, nəzarətdən çıxmış kriminal, hər an təhlükə baş verə bilər qorxusu. Məncə, bu illərdə qazandığımız ən böyük uğur məhz budur.
Qurtuluş Günü bir xalq bayramıdır. Çünki bu günün aparıcı qüvvəsi məhz müdrik xalqımız olub, özünün düzgün seçimi ilə Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışını təkidlə tələb edib və yanılmayıb. Qurtuluş Günümüz mübarək!”