Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları açıqlanıb.
FED.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı elan yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq aparılır.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər
• Təhsilə dair tələblər: ali təhsil (xarici ölkədə təhsil almış namizədlərin ali təhsilə aid kvalifikasiyaları tanınmalı və ekvivalentliyi müəyyən edilməlidir)
• Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
• Azərbaycan (dövlət) dili üzrə tələblər: danışma, dinləmə, oxuma və yazma – tam sərbəst
• Xarici dil biliklərinə dair tələblər: İştirakçı hansı xarici dilləri və hansı səviyyədə bilməsindən asılı olmayaraq aşağıdakı xarici dillərdən ən azı biri üzrə C1* səviyyəsində biliklərə malik olmalıdır: ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars, Çin, portuqal və ibri.
Qeydiyyat zamanı namizədin bildiyi (C1 səviyyəsi üzrə) xarici dillər və yazılı imtahanda iştirak etmək istədiyi xarici dil seçimləri olacaq.
*QEYD : C1 səviyyəsi dedikdə aşağıdakılar nəzərdə tutulur:
• müxtəlif mövzularda geniş həcmli və mürəkkəb mətnləri başa düşür;
• lüğətdən istifadə etmədən öz fikirlərini sərbəst və birbaşa ifadə edə bilir;
• sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir;
• mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir.
• Məzmuna dair tələblər: Elan edilmiş müsabiqə proqramında göstərilən normativ-hüquqi aktları, həmçinin qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, dövlət siyasəti, beynəlxalq münasibətlərdə iştirakı və xarici siyasəti haqqında ümumi məlumatları.
Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:
• Onlayn qeydiyyat
• Yazılı imtahanın birinci mərhələsi - test tapşırıqları
• Yazılı imtahanın ikinci mərhələsi - analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması
• Müsahibə
Onlayn qeydiyyat
Yazılı imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 2023-cü il 3 iyul saat 10:00-dan 2023-cü il 15 avqust saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahan 2 mərhələdən ibarətdir.
Test tapşırıqlarından ibarət olan birinci mərhələ 2023-cü il 17 sentyabr tarixində keçiriləcək.
Analitik yazı bacarıqlarının və xarici dil biliklərinin yoxlanılmasını nəzərdə tutan ikinci mərhələ 2023-cü il 23 və 24 sentyabr tarixlərində keçiriləcək.
Yazılı imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Yazılı imtahanın hər bir mərhələsində iştirak haqqı 70 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Yazılı imtahanın ikinci mərhələsi üçün iştirak haqqını yalnız birinci mərhələni müvəffəqiyyətlə keçərək ikinci mərhələyə buraxılmış şəxslər ödəyəcək.
“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən və müvafiq imtahan mərhələsində iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.
• Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 22.06.2023-cü il saat 10:00-dan 21.07.2023-cü il saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaqdır.
Sınaq imtahanı 30.07.2023-cü il tarixində keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi üzrə keçirilir və imtahanda analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması nəzərdə tutulmur.
İmtahanın keçirilməsi
Yazılı imtahan 2 mərhələdən ibarətdir: test tapşırıqları (birinci mərhələ) və analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması (ikinci mərhələ).
• Yazılı imtahanın birinci mərhələsində namizədlərin müvafiq sahələr üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi üçün onlara 120 test tapşırığı təqdim ediləcək:
• Qanunvericilik və ümumi sahəvi biliklər – 75 tapşırıq;
• Ümumi dünyagörüşü və verbal, rəqəmsal məlumatlarla işləmə və mücərrəd düşünmə bacarığı üzrə - 45 tapşırıq.
• Yazılı imtahanın ikinci mərhələsinə aşağıdakı şəxslər buraxılacaqlar:
• İmtahanın birinci mərhələsinin hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı nəticə göstərən namizədlər;
• İmtahanın birinci mərhələsinin hər bir tapşırıq bloku üzrə 40%-dən yuxarı nəticə göstərən Çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərinə malik namizədlər;
• Yazılı imtahanın ikinci mərhələsində namizədlərin 4 bacarıq (eşidib-anlama, oxuyub-anlama, yazı və danışıq) üzrə xarici dil biliyinin qiymətləndirilməsi aparılacaq. Bundan əlavə namizədlərdən həm xarici dildə, həm də Azərbaycan dilində arqumentativ inşa (esse) tipli yazı tapşırığının təqdim olunması tələb olunacaq.
• Azərbaycan dilində icra olunan esse tapşırığından 50% və xarici dilin bütün komponentləri üzrə cəmi 60%, hər bir komponenti üzrə 20%-dən az olmayan nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.
• Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə mərhələsinə çağırılacaq.
Müsahibənin keçirilməsi
• Yazılı imtahanın iki mərhələsi üzrə ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək.
• Yazılı imtahan və müsahibə mərhələsi üçün proqram eynidir.
• Müsahibə mərhələsində namizədlərin dil və kompüter bilikləri də yoxlanılacaq.
Nəzərdə tutulan işə qəbul planı:
Müəyyən edilmiş müsabiqə proqramı üzrə hər iki (yazılı imtahan və müsahibə) mərhələni uğurla başa vurmuş iştirakçılar mövcud vakant vəzifələr üzrə xidmətə müvafiq ardıcıllıqla qəbul ediləcək.
Namizədlər qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər: https://exidmet.dim.gov.az/elimt/XinTest/elan.