Kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artırılması, stimullaşdırıcı vergi siyasətinin həyata keçirilməsi, biznes sektoruna tətbiq olunan ümumi vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi istiqamətində islahatlar ölkə iqtisadiyyatının müasir çağırışları ilə bağlı suallara iqtisad üzrə fəlsəfə doktoru Ədalət Əsədovl cavab verir.
- Ədalət müəllim,Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatların əsas konturlarını ümumi şəkildə necə təsvir etmək olar?
- Ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ardıcıl səciyyə daşıyır. Dövlətin iqtisadi siyasəti biznesə dövlət dəstəyi tədbirlərinin artırılmasına, sahibkarlarla dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına, azad biznesin istehsal və ixrac imkanlarının inkişafına güclü zəmin yaradır. Buna baxmayaraq, bəzi problemlərin hələ də qalması biznes sektorunda narahatlıq yaradır. Bu, daha çox maliyyə-fiskal sahələrlə bağlıdır. Biznesdə güclü inam hissi olmalıdır. Hazırda biznes sektorunun sahələr və qruplararası təhlili biznesə inam göstəricisinin yetərli olmadığını göstərir. Bunun əsas səbəblərindən biri maliyyə bazarlarında baş verən spekulyasiyalar, sahibkarlara maliyyə təminatı sahəsində fərqli münasibət göstərilməsi, onların yüksək fiskal vergi yükünə məruz qalmaları, yoxlamalar və digər nəzarət tədbirləri zamanı üzləşdikləri problemlər və digər məqamlarla bağlıdır. Ona görə də ilk növbədə inamı möhkəmləndirmək lazımdır. Biznes sektoru maliyyə-vergi-fiskal məsələlərlə bağlı bütün hərəkətlərin konkret və aydın olmasını istəyir.
Qeyd etdiyim məsələlərin bəzilərinin həlli istiqamətində təsirli addımlar atılır. Xüsusilə də iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi inzibatçılığı ilə bağlı son vaxtlar aparılan islahatları təqdir edirəm. İnzibatçılıq nə qədər sadə və təkmil olarsa, biznes də o qədər sürətlə inkişaf edər.
Vergidə dəyişikliklər – DAHA KORRUPSİYA OLMAYACAQ
- Fiskal vergi yükünün aşağı salınması ilə bağlı müzakirələr davam edir. Sizcə, bu istiqamətdə hansı optimal mexanizm tapmaq mümkündür?
- Fiskal vergi yükü biznesin təşkili, fəaliyyəti və inkişafı baxımından ən mühüm iqtisadi vasitədir. Onun tərkibində təkcə sosial xarakterli vergi yükü 26%-ə (işsizliyə görə, sığorta haqqı nəzərə alınmaqla) bərabərdir. Sahibkarlar üçün bu hədd səmərəlilik baxımından münasib deyil, bu baxımdan sosial sığorta haqları dərəcələrini təkmilləşdirmək və sosial sığorta sahəsində diferensial dərəcələr tətbiq etmək lazımdır. Çayxana işlədən sahibkarla şadlıq evinin sahibi arasında fərqin olmaması nə dərəcədə ədalətlidir? O cümlədən 15-25 kvadratmetr sahəsi olan ticarət obyektində fəaliyyət göstərən sahibkarla topdansatış ticarət fəaliyyəti ilə məşğul olan sahibkar eyni gücə malik ola bilərmi?
Bu gün dövlət kiçik və orta sahibkarlığın inkişafına müxtəlif vasitələrlə dəstək verir. Amma nəzərə almaq lazımdır ki, hazırda sosial sığorta haqlarının ağırlığından ən çox əziyyət çəkən də kiçik və orta sahibkarlıq subyektləridir. Bu cür amillərin nəticəsidir ki, Azərbaycanda kiçik və orta biznesin ümumi sahibkarlıqda payı cəmi 10-15% təşkil edir, Avropa ölkələrində isə bu rəqəm 50%-dən çoxdur. Buna görə də həmin sahəyə bütün iqtisadi blok tərəfindən həm maliyyə, həm institusional, həm də inzibati baxımdan dəstək gücləndirilməlidir.
Sosial sığorta haqlarının əməkhaqqından tutulduğunu nəzərə alsaq, 25%-lik (22%+3 %) sığorta dərəcəsinin 10-12%-ə endirilməsinə ciddi ehtiyac var. İlk baxışdan, bu, bəlkə də «büdcə ayırmalarına mənfi təsir edəcək» kimi dəyərləndirilsə də, əslində, az faizlə daha çox insanın rəsmi işə cəlb olunmasına və faktiki əmək haqlarının real formada göstərilməsinə şərait yaradacaq. Bakı şəhərində fəaliyyət göstərən bir işçinin orta hesabla gündə 10 manat əməkhaqqı aldığını nəzərə alaraq, sadə bir hesablama aparaq: kiçik ticarət obyektində bir nəfəri işlə təmin edən sahibkar faktiki əməkhaqqını rəsmiləşdirdikdə həmin işçiyə aylıq 300 manat əməkhaqqı verir. Bu halda həmin sahibkarın işçi üçün ödədiyi sığorta haqqı ilə birlikdə ( 300*25%=75.00, 300-155*14%= 20,3) ödədiyi ümumi vergi məbləği 95,3 manat təşkil edəcək və sahibkarın işçiyə çəkdiyi aylıq ümumi xərc (300+95,3) 395,3 manat olacaq. Bu şəraitdə sahibkar həmin əlavə 95,3 manatı ödəməmək üçün ya işçini rəsmiləşdirmədən işə qəbul edir, ya da ona verilən faktiki əməkhaqqının məbləği azaldılır. Real əməkhaqqı 300 manat olduğu halda, rəsmiləşdirilmiş əməkhaqqı 150 manat göstərilir. Burada təkcə büdcə itkisi 58,7 manat təşkil edir. Bu halda 14%-lik vergi ödənişi ümumiyyətlə mümkün olmur. Çünki 150 manatdan vergi tutulmur. Sahibkar yalnız (150*25% =37,50) 37,5 manat həcmində sosial sığorta haqqı ödəyir. Bu cür hallar nəzərə alınsa, dövlət milyonlarla manat vergini itirir. Bütün bunların qarşısını almağın ən optimal yolu sosial vergi dərəcəsini aşağı salmaq, inzibatçılığı, nəzarət tədbirlərini sərtləşdirməkdir.
Bu sahədə ən optimal mexanizmlərdən biri kiçik sahibkarlıq subyektlərində beş nəfərdən çox işçi cəlb edən (bu sayı müəyyən qədər artırmaq da olar, amma bu zaman fəaliyyət növü və fəaliyyət göstərdiyi ərazi də nəzərə alınmalıdır ) sahibkara tətbiq edilən sığorta dərəcələrinin azaldılmasıdır. Təklif edərdim ki, Bakı şəhərində pərakəndə ticarət (ümumi sahibkarlıq fəaliyyətində pərakəndə ticarət üstünlük təşkil edir) sahəsində fəaliyyət göstərən sahibkar dörd nəfəri işlə təmin etdikdə ümumi sosial sığortanın 100%-ni, beş nəfərə görə 90%-ni , 10 nəfər üçün 85%-ni, 25 nəfəri işə cəlb etdikdə isə 70%-ni ödəsin. Yəni işçilərin sayı artdıqca sosial ayırmalar 50%-dək azaldılsın. Bundan sonra inzibati metodları sərtləşdirmək olar.
Sahibkarlığın ümumi vergi yükünün aşağı salınmasında digər mühüm məsələ ƏDV-nin diferensiallaşdırılmasıdır. Əldə etdiyim məlumata görə, Vergilər Nazirliyi bu məsələdə sahibkarlarla açıq dialoqa hazırdır və nazirliyin həyata keçirdiyi mühüm islahatlar kursunun əsas istiqamətlərindən biri də məhz ƏDV ilə bağlıdır. Bu təşəbbüsü yüksək qiymətləndirirəm və hesab edirəm ki, ƏDV-nin diferensiallaşdırılması müxtəlif zəruri mallara görə tənzimlənə, ərzaq və digər əsas qida məhsullarına tətbiq edilən vergi yüngülləşdirilə bilər, qeyri-ərzaq, sənaye və istehlakda az istifadə olunan digər mallara isə bu vergi dərəcəsini 4-5% artırmaq mümkündür.
ƏDV dərəcəsinin diferensiallaşdırılması qeyri-neft sektoru üzrə istehsal həcmini artıracaq, regionlarda yeyinti məhsullarının istehsalı və tədarükü üçün stimul əldə olunacaq, istehsal dövriyyəsi artacaq, nəticədə yeni vergi mənbələri yaranacaq.
- Vətəndaşları sosial vergilərlə bağlı narahat edən məsələlərdən biri həmin ödənişlərin gələcəkdə yığım hesabından ona qaytarılıb-qaytarılmayacağıdır. Yəni həmin ödənişlər yalnız pensiya yaşına çatdıqda verilir. Sizcə, bu mexanizm nə dərəcədə ədalətlidir?
- Ümumiyyətlə, sosial vergilərlə bağlı bəzi təkmilləşdirmələrin aparılması olduqca zəruridir. Həmin sahədə ciddi islahatların aparılmasına, işləyən vətəndaşların gələcək sosial müdafiəsinin gücləndirilməsinə, onlardan tutulan sosial vergilərin ünvanlılığının və şəffaflığın təmin edilməsinə ciddi ehtiyac var. Biznes sektorunda inamsızlığın əsas səbəblərindən biri məhz sosial ayırmaların təyinatlılığının olmamasıdır. İnsanlar illər ərzində ödədiyi sosial sığorta haqlarının gələcəkdə onlara qaytarılıb-qaytarılmaması, yaxud hansı formada qaytarılacağı barədə narahatlıq keçirirlər və bu qeyri-müəyyənliyə konkret aydınlıq gətirilmir. Avropa və bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da insanların hesablarına yığılmış sosial sığorta vəsaitlərinin vərəsəliliyi təmin edilməlidir. Ölkəmizdə orta ömür yaşı aşağı düşüb, pensiya yaşı isə artırılıb, vətəndaşlar dünyasını dəyişdikdə onların illər üzrə ödədiyi vəsaitlər itir. Sahibkar və işçi arxayın olmalıdır ki, ondan alınan sosial vergi pensiya yaşına çatdıqda özü tərəfindən xərclənəcək, yaxud qalan hissə vərəsəlilik prinsipi ilə ailə üzvünə çatdırılacaqdır. Belə olduqda könüllülük səviyyəsi də artar. Hesab edirəm ki, inzibati tədbirlərdən çox əhalinin maarifləndirilməsi bu sahədə mövcud problemlərin həllinə gətirib çıxara bilər.
- Sizcə, yeni fiskal vergi yükü müəyyənləşdirilib tətbiq edilərsə, qeyri-rəsmi məşğulluğun qarşısını almaq mümkün olacaqmı?
- Bununla büdcə daxilolmalarının azalacağını iddia edənlər yanılırlar. Sosial verginin dərəcəsini iki dəfə aşağı salmaqla ikili mühasibatın ləğvinə və vergi daxilolmalarının ikiqat artımına nail olmaq mümkündür. Bu gün ölkəmizdə insanların çalışdığı əsas sahələr ictimai-iaşə, ticarət və tikintidir. Qeyri-rəsmi məşğulluğun ən çox rast gəlindiyi sahələr də bunlardır. Həmin sahələrdə işçilərin uçotunun aparılması ilə bağlı problemlərin səbəblərindən biri kimi sosial vergi yükünün yüksək olmasını qeyd etdik. Amma burada digər amillər, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar da qeyri-leqal işsizliyə şərait yaradır. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri və digər sahələrdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.
İkili mühasibatın aradan qaldırılmasının əsas yolu sosial ayırmaların yüngülləşdirilməsi ilə yanaşı, bu sahədə sənədləşmə işinin sadələşdirilməsidir. Zənnimcə, bir çox vergi bəyannamələri birləşdirilməlidir. Sosial fonda bir bəyannamə, vergiyə başqa bəyannamə verilir. 2018-ci ildən etibarən digər bir sənəd - işsizlikdən sığorta fonduna da bəyannamə göndərilməsi tələb olunur. Statistika idarəsi, məşğulluq fondu və digər qurumlar da nəzərə alındıqda, bəyannamə və hesabatların sayı kifayət qədər çoxdur. Bir çox ölkələr bəyannamələrin sayını azaltdığı halda, bizdə artırılır. Bunların hamısını birləşdirib vahid bəyannamə sisteminə keçmək lazımdır. Ümumiyyətlə, kiçik sahibkarlığın inkişafı məqsədilə vergi yükünün aşağı salınması ilə bərabər, həm də həvəsləndirici vergi güzəştlərinin tətbiqi məqsədəuyğun olardı.
- Vergi sistemində kifayət qədər güzəşt mövcuddur. Sizcə, güzəştlər hər hansı sahənin inkişafı üçün nə qədər səmərəlidir?
- Uzun müddət vergi orqanlarında çalışmış bir iqtisadçı-tədqiqatçı kimi heç bir sahənin vergidən azad edilməsini dəstəkləmirəm. Amma ilkin dövrdə sahibkarın özünü doğrultması üçün bəzi güzəştlər ola bilər. Vergi siyasətinin güzəştlərdən daha çox stimullaşdırıcı olması səmərəlidir. Məsələn, arzu ediləndir ki, inkişafı daha zəruri hesab olunan sahə üzrə il ərzində daha çox vergi ödəyən, daha çox iş yeri yaradan və s. sahibkar Vergilər Nazirliyi tərəfindən fərqləndirilsin, adı mətbuatda işıqlandırılsın. İlin ən yaxşı sahibkarı, vergi öhdəliklərini vaxtında ödəyən sahibkar, ən çox ixrac edən iş adamı kimi müxtəlif nominasiyalar üzrə stimullaşdırıcı addımların atılması, məncə, sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər.
Kiçik sahibkarlıq subyektlərini müəyyən müddətə nəzarət-kassa aparatlarının tətbiqindən azad etmək olar. Onlar üçün, məsələn, 8-10 kvadratmetrlik dükanlarda xüsusi standart vergi tətbiq etmək olar. Bundan başqa, sahibkarlarla bağlı stimulverici layihələr həyata keçirmək mümkündür. Daha çox vergi ödəyən sahibkarlara güzəştlər edilə bilər. Məsələn, Latviyada ən çox vergi ödəyən şəxslərə ildə bir dəfə istirahət göndərişləri verilir. Ölkəmizdə də bu cür vasitələrdən faydalanmaq olar.
- Kiçik və orta sahibkarlığın inkişafı məqsədilə davamlı olaraq stimullaşdırıcı tədbirləri həyata keçirilir...
- Vergilər Nazirliyi kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə yönəldilmiş siyasət yürütməkdə inamlı görünür. Hiss olunur ki, kiçik və orta biznes üçün fiskal və inzibatçılıq yükünün daha da aşağı salınması üçün təsirli addımlar atılacaq. Kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi həmin sahibkarlıq qrupunun iqtisadi sektorda payının artmasına səbəb olacaq.
Vergilər Nazirliyi həm də ixracın təşviqi sahəsində fəal rol oynayır, müxtəlif stimullaşdırıcı addımlar atır. Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq qeyri-neft ixracatçılarına müxtəlif güzəştlər edilir, onlara təşviq vəsaitləri ödənilir. Sahibkarlara əldə etdikləri gəlirlərə görə vergidən azadolmalar tətbiq olunub: bu isə onların maliyyə imkanlarının yaxşılaşmasına, həmin vəsaitləri təkrar istehsala və investisiyalara yönəltməyə imkan verir.
Artıq vergi sistemində yeni əhval-ruhiyyə, bizneslə partnyorluğun yeni modelinin qurulması istiqamətində fəal təşəbbüslər müşahidə olunur. Vergilər Nazirliyi sahibkarlar ordusuna müraciət edərək onları yeni iqtisadi münasibətlərə və çağırışlara əsaslanan əməkdaşlığa dəvət etdi və bu güclü iradə sayəsində biznesdə inam hissi artmağa başlayıb. Nazirlik hazırda biznesin daha geniş fəaliyyətinə stimul verən və inzibatçılığı asanlaşdıran qaydalar üzərində çalışır və biznes sektorunun təkliflərinə həssaslıqla yanaşır. Əminəm ki, inzibatçılığa və qanunvericiliyə dəyişikliklər zamanı bu gün qaldırdığımız bir sıra məsələlər də nəzərə alınacaq.
Vergi bəyannamələrinin vaxtıdır - SIYAHI
Mənbə: "Vergilər" qəzeti