Xəbər verildiyi kimi, sentyabrın 24-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Görüşün əsas mövzusu gələn il və qarşıdakı 3 ilin büdcə proqnozları olsa da, bu rəqəmlərin son versiyası açıqlanmayıb. Eləcə də büdcə layihəsinin Prezident Administrasiyasına göndərilməsi ilə bağlı qərar hələ qəbul edilməyib.
FED.az xatırladır ki, 2022-ci ilin büdcə layihəsi ilə bağlı hökumətdə bu sahə ilə məşğul olan iki əsas qurum – Maliyyə və İqtisadiyyat nazirlikləri arasındpa fikir ayrılıqları var. Bir qədər əvvəl, sentyabrın 15-də Maliyyə Nazirliyi 20220-ci il üzrə Azərbaycanın icmal (yəni bütün büdcələrin ümumiləşdirilmiş variantı) büdcəsi, dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı ilkin proqnozlarını açıqlamışdı.
Həmin proqnozlara əsasən 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək. Başqa sözlə, 2022-ci ildə büdcə gəlirlərinin 2021-ci illə müqayisədə 3,8 faiz artıq olacağı gözlənilir.
2022-ci ildə də büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək. Gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcək.
O cümlədən, büdcə proqnozuna əsasən, 2022-ci ildə vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar 2021-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 1 844 milyon manat və ya 19,3 faiz artıq proqnozlaşdırılıb.
Amma Maliyə Nazirliyinin bu pronozları açıqlamasından sonra İqtisadiyyat nazirliyi bildirib ki, hələlik bu proqnozlar bütün qurumlarla, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmayıb.
Fikir ayrılığının əsas mövzusu: 2022-ci ildə büdcə gəlirlərində vergi xidmətinin toplayacağı verginin məbləği ilə bağlıdır.
Belə ki, Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2022-ci ildə vergi xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 138 milyon manat vəsait toplanması planlaşdırılır. Bu, 2021-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə təqribən 2 milyard manat, daha dəqiq isə 1 milyard 888 milyon manat artıqdır.
İqtisadiyyat Nazirliyinin isə bununla bağlı mövqeyi fərqlidir. Nazirlik bildirib ki, Maliyyə Nazirliyi bu sənədi açıqlayandan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır. Başqa sözlə, İqtisadiyyat Nazirliyi açıq elan etməsə də, gizlətmir ki, daxilolmaların artım mənbələri ilə bağlı mətbuatdan daxilolan «çoxsaylı sorğular»ın cavabı nazirliyin özü üçün də maraqlıdır.
Bundan başqa, FED.az-ın əldə etdiyi digər məlumata görə, İqtisadiyyat Nazirliyi ilkin büdcə pronozlarında neftin baza qiymətinin 45 dollardan götürülməsi ilə də razı deyil. Xatırladaq ki, büdcə proqnozları məhz neftin 45 dollarlıq ehtiyatlı qiyməti üzərində hazırlanıb. Maliyyə Nazirliyi dünyadın neft bazarında baş verən dəyişiklikləri nəzərə alaraq bu «ehtiyatlı qiymətə» üstünlük verib. FED.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi bu yanaşmanı həddən artıq konservativ sayır və neftin qiymətinin 50-55 dollardan götürülməsini dəstəkləyir.
Bu açıqlamalardan sonra 2022-ci ilin büdcə proqnozları hökumətdə iki dəfə müzakirə edilib.
Belə ki, sentyabrın 21-də Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib. İclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar və sair müzakirə edilib. Sentyabrın 24-də isə Baş nazir Əli Əsədovun sədrliyi ilə hökumətin büdcə proqnozlarına həsr edilən geniş iclası keçirilib.
Hələlik bu iclasların nəticəsi olaraq büdcə proqnozlarnın son varinatı açıqlanmayıb. Eləcə də, prosedura uyğun olaraq və müzakirələrin nəticəsi olaraq büdcə sənədləri hələlik Prezident Administrasiyasına göndərilməyib.