Azərbaycanda yeni iqtisadi şəraitə uyğun aparılan institusional islahatların əhatə dairəsinin genişlənməsi, maliyyə-fiskal idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlar beynəlxalq qurumların da diqqət mərkəzindədir. FED.az bildirir ki, «PricewaterhouseCoopers» (PwC) beynəlxalq konsaltinq şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevlə müsahibəni təqdim edir.
- Mövlan müəllim, Azərbaycanda azad biznesin inkişafı ilə bağlı aparılan islahatları təmsil etdiyiniz qurum yaxından izləyir. Bu prosesdə hansı əsas məqamları vurğulamaq istərdiniz?
- Biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi-gömrük idarəetməsinin keyfiyyətinin yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda azad rəqabət mühitinin, azad biznes şərtlərinin təmin olunması, sahibkarlığın iqtisadiyyatda rolunun artırılması ilə onların hüquq və mənafelərinin qorunması sahəsində ardıcıl islahatlar həyata keçirilməkdədir.
Yürüdülən yeni iqtisadi siyasət və biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, sahibkarlarla sağlam münasibətin qurulması ölkədə azad sahibkarlığın perspektiv inkişafına güclü zəmin yaradır. Bu baxımdan, apardığımız araşdırmalara əsasən deyə bilərəm ki, iri biznes təmsilçiləri iqtisadiyyatın və əmtəə qiymətlərinin sabitləşməsi, ölkədə həyata keçirilən institusional islahatlar və iqtisadi şaxələndirmə fonunda qısa və ortamüddətli inkişaf perspektivlərinə nikbin baxırlar.
«Biznes sektorunda risklər hələ də qalır»
- «PwC Azərbaycan»ın bu günlərdə apardığı sorğunun nəticələri açıqlanarkən qeyd edilmişdi ki, biznes sektorunda risklər hələ də qalmaqdadır. Bunun əsas səbəblərini necə şərh edərdiniz?
- Artıq ictimaiyyətə açıqladığımız «CEO Survey - 2018» sorğusunda biznes sektorunda inamsızlığa təsir edən amillər diqqət mərkəzində saxlanmışdı. Bunun əsas səbəbləri daha çox xarici amillərlə bağlıdır. 2015-2016-cı illərdə qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirləri özəl sektorda bir sıra problemlərin yaranmasına səbəb oldu, baş verən iqtisadi proseslər biznes təmsilçilərində müəyyən sarsıntı yaratdı. Ancaq geosiyasi və iqtisadi baxımdan yenidən formalaşan dünyada risklər və çağırışlar düzgün qiymətləndirilməklə Azərbaycan dövləti tərəfindən təsirli addımların atılması, biznesin fəaliyyəti üçün stimullaşdırıcı və təşviqedici tədbirlərin görülməsi problemin qarşısını aldı, sabit inkişafı təmin etdi. Bununla yanaşı, biznes sektorunun özü yeni çağırışlara uyğun hərəkət etməyə başladı və iqtisadi şəraitə adaptasiya olundu. 2017-ci ildə sabitliyin bərpa edilməsi, iqtisadiyyatda fəallığın yüksəlməsi, qeyri-neft istehsalı və ixracının xüsusi çəkisinin artması, maliyyə sabitliyinin təmin olunması biznes sektorunda qeyri-müəyyənlikləri azaltdı.
«Biznes qeyri-müəyyənlik istəmir»
Biznes qurumlarının əksəriyyəti üzləşdikləri problemlərin öhdəsindən gəlsələr də, postböhran dövründəki şoklar hələ də onları qayğılandırır. Biznes sektoru üçün mühüm faktorlardan biri müəyyənlikdir. Valyuta dəyişkənliyi, regionun geosiyasi qeyri-sabitliyi, maliyyə və vergi sistemindəki dəyişikliklər, vergi yükü ilə bağlı qeyri-mütənasiblik, əlverişli kapitala və maliyyə xidmətlərinə çıxışın məhdudluğu iş adamları üçün müəyyən risklər yaradır. Bu baxımdan, biznes sektorunun üzvlərini inandırmaq lazımdır ki, aparılan pul siyasəti maliyyə sabitliyinin təmin edilməsi və uzunmüddətli biznes planlarının həyata keçirilməsi üçün imkan verir. Biznes ictimaiyyəti istəyir ki, bu məsələlərin hər biri üzrə konkretlik və aydınlıq olsun. Bundan başqa, kommunikasiya amili də biznes sektoru üçün problemlərdən biridir. Biznes təmsilçiləri üçün iqtisadi sektorda baş verən yeniliklər, dəyişikliklər haqqında ətraflı, geniş məlumat əldə etmək imkanları təmin olunmalıdır.
«Bəzən vergidə ədalətlilik əmsalı pozulur»
- Vergi yükü ilə bağlı qeyri-mütənasiblik dedikdə, hansı meyarlar nəzərdə tutulur?
- Söhbət vergi yükünün ağır olub-olmamasından getmir, biznes üçün əsas narahatlıq vergi yükünün qeyri-mütənasib paylanması, bu sahədə müəyyənliyin təmin edilməməsidir. Burada əsas problem vergitutma zamanı dövriyyəsindən asılı olmayaraq biznesin bütün qruplarına eyni meyarlarla yanaşma ilə bağlıdır. Bəzən vergi yükü bərabər paylanmayıb, ədalətlilik əmsalı pozulub. Vergi orqanı biznes sektorunun bütün nümayəndələrinə eyni meyarlarla yanaşma tətbiq etməli, qaydalar aydın, şəffaf olmalıdır. Nəzarət sistemi bərabərliyə əsaslanmalı, mütənasiblik qorunmalıdır. Sahibkar tam əmin olmaq istəyir ki, onun vergi yükü nə qədərdir, hansı həcmdə vergi ödəyir, ödənişi nə vaxt etməlidir. Bilmək istəyir ki, vergini ödəmədikdə onu hansı cəzalar gözləyir, yaxud vergiləri tam həcmdə və vaxtında ödəyibsə, onun üçün hansı əlverişli imkanlar təmin olunacaq, hansı stimullaşdırıcı addımlar atılacaq.
Vergilər Nazirliyinin yeni strategiyasında əsas fundamental faktorlardan biri biznesə yanaşmanın müasir meyarlara uyğunlaşdırılmasıdır. Şəffaflıq, aydınlıq, ayrı-seçkiliyə yol verməmək vergi orqanı ilə vergi ödəyicisi arasında inamı möhkəmləndirə bilər. Vergi sistemində bu aspektlərin təmin ediləcəyinə inanıram və növbəti hesabatda həmin amillərin öz həllini tapacağını düşünürəm. Bu isə biznes sektorunun mövqeyində əhəmiyyətli müsbət dəyişikliklər olacağına imkan yaradacaq.
«Biznes özü də şəfaf olmalıdır»
- Siz biznes sektorunda şəffaflıqla bağlı problemlərin olduğunu qeyd etdiniz. Əgər biznes özü şəffaf deyilsə, ümumi uğurlardan necə danışmaq olar?
- Şəffaflıq qarşılıqlı olmalıdır. Şirkətlərdə də ciddi problemlər var: mühasibat, uçot sistemi, maliyyə hesabatlarının tərtibi və təqdim olunması sahəsində nöqsanlar qalır. Bu, təkcə vergi hesabatları ilə bağlı deyil, başqa qurumlara təqdim edilməli sənədlərdə də bəzi uyğunsuzluqlar var, audit və maliyyə hesabatlarının, digər sənədlərin tərtibi yeni meyarlara uyğunlaşdırılmalıdır. Audit institutu yenidən qurulmalı, biznes sektorunun hər kateqoriyası üzrə fərqli yanaşma mexanizmləri tətbiq edilməli, risk qrupları nəzərə alınmalıdır.
«Mühasibat və audit sahəsində ciddi nöqsanlar var»
- Biznes sektorunun rəyi öyrəniləndə, adətən, iri sahibkarlıq subyektlərinin fikirlərinə daha çox üstünlük verilir...
- Doğrudur, orta və kiçik biznesdə problemlər mövcuddur. Maliyyə xidmətlərindən faydalanmada, kapitalın əldə olunmasında belə hallar özünü daha çox göstərir. Ümumiyyətlə, kapitalın əldə edil¬məsi yerli şirkətlər üçün əsas əngəllərdəndir. Xarici banklar Azərbaycan şirkətlərinə pul vermək üçün o qədər də həvəsli deyillər. Onların bu sahədə tərəddüd etməsinin səbəbi Azərbaycan şirkətlərində korporativ idarəetmənin adekvat olmaması, şəffaflığın aşağı səviyyəsi, audit və maliyyə hesabatları ilə bağlı problemlər və digər amillərdir. Xüsusilə mühasibat və audit sahəsində ciddi nöqsanlar var. Bazar iştirakçıları da məsuliyyətini anlayaraq yeni iqtisadi reallıqlara adaptasiya olunmalıdır. Şirkətlərdə idaretmənin təkmilləşdirilməsinə ehtiyac var. Bu cür problemlər həll olunsa, kapitalın əldə edilməsi də asanlaşacaq.
2018-ci ilin əvvəllərində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması özəl sektorun, kiçik sahibkarlığın inkişafına mühüm töhfə verəcək. Bu qrupa aid biznes icmasının maliyyə xidmətlərinə çıxışı, informasiya-kommunikasiya resurslarından istifadəsi asanlaşacaq. Agentlik onların marketinq və satış imkanlarının yaxşılaşmasına, dövlət-özəl sektor əməkdaşlığının güclənməsinə, korporativ idarəetmənin səmərəliliyinin artmasına şərait yaradacaq.
Orta və kiçik biznes sektorunun rəy sorğusunda iştirak etməsinə gəlincə, «PwC Azərbaycan» şirkəti növbəti sorğuda bu sektorun daha geniş təmsil olunmasını planlaşdırır ("Vergilər qəzeti").
Vergi orqanı bütün biznes qurumlarına eyni yanaşmalıdır - MÜSAHİBƏ
10:02
5 Aprel 2018