Prezident seçkilərindən sonra Azərbaycanda gözlənilən struktur islahatları başlanıb. FED.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamları ilə bəzi qurumların strukturu dəyişdirilib, bir sıra yeni qurumlar yaradılıb, eləcə də, bəzi qurumların gələcəyinə aydınlıq gətirilib.
Mədəniyyət və turizm ayrıldı
İlk parçalanma Mədəniyyət və Turizm Nazirliyində baş verdi. Prezidentin sərəncamı ilə nazirlik parçalanıb və onun bazasında iki qurum -
Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Ölkədə turizm sektorunu tənzimləyən və təbliğ edən ayrıca qurumun yaradılması təqribən bir il olar ki, müzakirə edilir. Məhz buna görə, 2017-ci ilin əvvəlində Turizm Şurası və Mədəniyyət və Turizm Nazirliyi nəzdində "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsi yaradıldı. İndi isə turizm sektorunun daha da güclənməsi və bu sahəyə investisiyaların artması ilə əlaqədar olaraq hökumət onun tənzimlənməsi üçün ayrıca qurumun yaradılmasını qərara alıb.
Turizm sektorunun necə sürətlə böyüdüyünü göstərmək üçün bildirmək kifayətdir ki, təkcə 2017-ci ildə ölkəyə 2,5 milyona yaxın turist səfər edib, qarşıdakı illərdə onların sayının daha da artması gözlənilir.
İqtisadiyyat Nazirliyi parçalandı
İlham Əliyevin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı isə bir neçə qurumu əhatə edib.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılsın. Yeni yaradılan agentlik mərkəzi icra hakimiyyəti orqanı, yəni ayrıca bir qurumdur. Qeyd edək ki, antiinhisar fəaliyyəti ilə məşğul olan qurumun hansısa nazirliyin tərkibində deyil, ayrıca bir təşkilat olmasına Azərbaycanda ayrıca tələbat vardı. Bunu ölkəyə xarici təşkilatlar da tövsiyə edirdilər. Məhz bu təqdirdə inhisarçılığa qarşı obyektiv siyasət aparıla bilərdi.
Bundan başqa, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində indiyədək fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər də bu Agentliyin nəzdində fəaliyyət göstərəcək.
Müəllif Hüquqları agentliyi böyüdü
Sərəncamla Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Dövlət Komitəsi ləğv edildi
Əsas dəyişikliklərdən biri - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilən Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.
Vergilər Nəzirliyi və Gömrük komitəsi birləşmədi
Ən maraqla gözlənilən və haqqında danışılan dəyişikliklərdən biri isə baş vermədi. Son aylar Vergilər Nəzirliyi və Gömrük komitəsinin birləşməsi gündəmdə olsa da, dövlət başçısının sərəncamı bu qurumların indiyədək olduğu kimi, ayrıca fəaliyyət göstərəəyini açıqladı.
Belə ki, Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən
bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.
Görünür elə buna görə, elə bu gün Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.
Struktur islahatları başlandı – SƏRƏNCAMLAR
00:15
21 Aprel 2018