Şəmkir rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman mütəxəssisləri, veteran idmançılar, ölkə çempionatlarında və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüş keçirilib.
FED.AZ xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətin başçısının birinci müavini Süleyman Zeynallı rayonun idman ictimaiyyətini bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Zeynallı qeyd edib ki, idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda bu gün mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib. Dövlət başçımızın idmana göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edirlər.
RİH başçısının birinci müavini güləş üzrə U15 Azərbaycan çempionatında uğurlu nəticələr əldə edən idmançıları təbrik edib, davam edən yarışda iştirak edən yeniyetmələrə, eyni zamanda milli komandamızla təlim-məşq toplanışında olan idmançılara uğurlar arzulayıb. Bildirib ki, bütün bu uğurlu nəticələr idmana yeni addımlarını atan uşaqlar üçün də əlavə bir stimuldur.
Şəmkirli idmançılar da göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, arzu və istəklərini səsləndiriblər.
Sonda 2024-cü ildə və 2025-ci ilin əvvəlində müxtəlif idman növlərində uğur qazanmış idmançılara və onların məşqçilərinə RİH başçısının Təşəkkürnamələri təqdim olunub.
Eyni zamanda Şəmkir rayonunda idmanın inkişafında göstərdiyi xidmətlərə görə veteran idman mütəxəssisi, əməkadar məşqçi Mikayıl Sadıqova və Azərbaycan bayrağını dəfələrlə Paralimpiya yarışlarında zirvələrdə dalğalandıran paraatlet Samir Nəbiyevə Fəxri Fərman təqdim olunub.
Sonda idmançılarla xatirə fotosu çəkilib.