Azərbaycanda sahibkarların dövlət qurumlarından şikayətlərinə baxılması qaydalarında dəyişikliklər edilib. FED.az xəbər verir ki, aprelin 5-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası haqqında ƏSASNAMƏ»nin yeni redaksiyasını təsdiqləyib. Dəyişikliklərdə şikayətlərin aha operativ və obyektiv baxılması üçün bəzi yeniliklər var. Xatırladaq ki, əsasnamənin əvvəlki variantı 2016-cı ilin 3 fevralında təsdiqlənmişdi.
Əsas dəyişikliklərdən biri odur ki, indi Prezidenti yanında Apelyasiya Şurası şikayət vermiş şəxsləri (ya da onların səlahiyyətli nümayəndələrini) və orqanların Apellyasiya Şuralarının sədrlərini və ya digər üzvlərini Şuranın iclaslarına dəvət edə biləcək. Başqa sözlə, şikayətlərin baxılması prosesində həm şikayətçinin özü həm də bundan əvvəl həmin şikayətə baxmış şəxslər də iştirak edəcəklər.
Digər dəyişikliyə əsasən, Apelyasiya Qurası buraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı orqanların Apellyasiya Şuralarına və ya həmin orqanlara müvafiq göstərişlər verə biləcək. Bu göstəriclər icra olunmadıqda isə Şura bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcək. İndiyədək olan qaydaya görə isə Şura belə hallarda pozuntuya yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məsələ qaldıra bilərdi.
Bu dəfəki digər dəyişikliklərə görə, Şuraya qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ da verilib.
Əsasnaməyə edilən dəyişikliklər nəticəsində Şuranın ayrı-ayrı üzvlərinin də hüquqları artırılıb. Belə ki, onlar iclası protokoluna qeydlər təklif edə bilər, eləcə də qəbul edilmiş ümumi qərarla razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək səlahiyyətinə malik olacaqlar.
Ən maraqlı yeniliklərdən biri şurada şikayətlərə baxılmasının fideoçəkilişinin də aparılması olacaq. Əsasnaməyə görə, Apelyasiya Şurası şikayətlərə baxarkən digər sənədlərlə yanaşı, şikayətin əvvəlki qurumda baxılmasının videogörüntüçünü də alacaq.
Əsasnaməyə edilən digər maraqlı yenilik isə ondan ibarətdir ki, Şura daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına şifahi və ya yazılı, o cümlədən elektron sorğular verə bilər. Sorğu edilən məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndiriləcək.
Sahibkarların şikayətinə baxılması - QAYDASI DƏYİŞİR
20:31
24 Aprel 2018