Azərbaycanın ərazi bütövlüyünə real təhlükə yaranarsa, Azərbaycan qabaqlayıcı zərbə vurmaqla o təhlükəni məhv edəcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla müharibədən sonrakı münasibətlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, xarici ölkələrin, xüsusilə də Fransanın qızışdırdığı Ermənistanda bəzi qüvvələr hələ də revanş götürmək, Azərbaycanla yenidən müharibə başlamaq və Qarabağı geri qaytarmaq barədə düşünə bilərlər.
Ona görə də müharibə başa çatsa da, Azərbaycan ehtiyatı əldən verməyəcək və ordu quruculuğu davam edir: «Biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik».
Dövlət başçısı bildirib ki, ötən vaxtda Azərbaycan ordusu daha da güclənib onun gücü və texniki imkanları artıb: «İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək».
Əliyev Ermənistana xəbərldarlıq edib ki, Azərbaycana təhlükə yaratmaq barədə düşünməsin, əks halda Azərbaycan preventiv zərbə endirəcək: «Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik».