“Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib”.
FED.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı bildirib ki, Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır.
“Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”, - deyə Prezident Əliyev vurğulayıb.
İlham Əliyev, “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir”, bildirib.
Prezident qeyd edib ki, bu, sırf insan haqları məsələsidir: “Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.