Azərbaycandan qızıl və gümüşün emal edilib ölkəyə qaytarılması qaydalarında dəyişiklik edilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında» dəyişiklik edib.
Sözügedən qayda 2014-cı il 16 fevral tarixində NK-nin 34 saylı qərarı ilə təsdiqlənib və qüvvədədir.
Həmin qərarın 5.2 bəndinə yeni - 5.2.3-ci yarımbənd əlavə edilib.
5.2-ci bənddə göstərilir ki, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə hansı şəxslərə icazə verilir. Yeni qərarla bura edilən əlavədə göstərilir ki, əgər söhbət qızıl gümüşdən gedirsə, bu icazə yalnız o şəxslərə və ya şirkətlərə veriləcək ki, onlar Azərbaycanda qızıl-gümüş hasilatı ilə məşğul olsunlar, yəni yerin təkindən qızıl çıxarmağa icazəsi olsun. Bu şirkətlər qızılı xaricdə emal edib ölkəyə külçə, sikkə və qranul şəklində qaytara bilərlər.
Digər şəxslərin buna icazəsi olmayacaq.
Sözügedən əlavənin mətni belədir:
«5.2.3. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə».
Başqa sözlə, Azərbayanda qızıl-gümüş hasil etməyən şirkət və ya şəxslər qızıl və ya gümüşü emal üçün ölkədən xaricə çıxara bilməyəcəklər.
Nazirlər Kabinetinin açıqlamasından məlum olur ki, indiyədək qızıl-gümüşün ölkədən emal üçün çıxarılması adı ilə əslində bu qiymətli metallar ölkədən vergisiz çıxarılırmış.
Hökumətin bu qərarla bağlı açıqlamasında deyilir: «Qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycan Respublikasının regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaqdır. Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur».
Maraqlıdır ki, hökumətin qərarla bağlı izahatında bundan sonra həmni əməliyyatın başqa şəxslər üçün qadağan edildiyi bildirilmir.
Xatırladaq ki, hazırda Azərbaycanda qızıl-gümüş hasilatı ilə dövlətə məxsus olan «Azergold» ASC və xarici investorlara məxsus olan «Anglo-Asian Minnig company» məşğul olur.