Hesablama Palatası Azərbaycandakı publik hüquqi şəxslərin fəaliyyətinə və gəlir- xərclərinə ciddi nəzarət tətbiq edilməsini təklif edir.
FED.az xəbər verir ki, bu barədə Palatanın 2020-ci ilin büdcəsi ilə bağlı rəyində bildirilir.
Qeyd edək ki, bu formada fəaliyyət göstərən təşkilatlar Avstriya, Belçika, Kipr, Almaniya, Finlandiya, İspaniya, Yunanıstan, Hollandiya, Portuqaliya, Moldova, Ukrayna, Gürcüstan kimi ölkələrin təcrübəsində mövcuddur.
Eləcə də bax: “İri dövlət şirkətləri dividendlər - HESABLAMIR VƏ ÖDƏMİRLƏR”
Kimsə onların fəaliyyətinə nəzarət etməlidir
Beynəlxalq təcrübəni araşdıran Hesablama Palatası hesab edir ki, publik hüquqi şəxsin fəaliyyətinin qanuniliyi, aktuallığı və səmərəliliyi, habelə maliyyə-təsərrüfat fəaliyyəti dövlət nəzarəti altında olmalıdır. Bundan başqa, həmin nəzarəti həyata keçirən orqan qanunla müəyyən edilmiş qaydada publik hüquqi şəxsin qanunsuz qərarının qüvvədən düşməsi və ya ləğv edilməsi səlahiyyətinə malik olmalıdır.
Ən əsası, Palatanın fikrincə, publik hüquqi şəxslər daşınmaz əmlak əldə etmək, sərəncam vermək, kredit götürmək, bəzi xərclər üzrə hədləri müəyyən etmək üçün bu orqanın razılığını almalıdırlar. Palata belə orqan olaraq Nazirlər Kabinetini təklif edir: «Beynəlxalq təcrübədə də tətbiq edilən yanaşmaları istifadə etməklə Azərbaycan Respublikasında da publik hüquqi şəxslərin büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılmasını təklif edirik»-deyə rəydə bildiriir.
Eləcə də bax: Palata: "Bütün dövlət satınalmaları ilə bağlı - ARAŞDIRMA APARILIR"
Həddən artıq vəsait və sərbəstlik verilib
Hesablama Palatası publik hüquqi şəxslərə çəkilən xərclər və onların gəlirlərinə nəzarətin artırılmasını da təklif edir. Palatanın rəyindən belə məlum olur ki, publik hüquqi şəxslərə həddən artıq vəsait və sərbəstlik verilib: «Bir tərəfdən bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır, digər tərəfdən isə publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur ki, bu dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir».
Eləcə də bax: Hesablama Palatası Azərbaycanda Fiskal Şuranın yaradılmasını - TƏKLİF EDİR
Büdcədən həmin təşkilatlara ayrılan pullar azalmalıdır
Palata bildirir ki, dövlətin publik hüquqi şəxslərə fasiləsiz maliyyə dəstəyi verməsi doğru addım deyil, dəstək müvəqqəti olmalıdır və sonrakı dövrdə publik hüquqi şəxslər öz fəaliyyətlərini özləri maliyyələşdirməlidir: «Yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir».
Publik hüquqi şəxslərə pullar konkret məqsədlə ayrılmır
Palata hesab edir ki, dövlət büdcəsindən belə təşkilatlara vəsait ayrılsa da, bundar ümumi deyil, konkret məqsədlə ayrılmalıdır: «Dövlət büdcəsinin icrası ilə bağlı məlumatların təhlili göstərir ki, bəzi hallarda publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlər konkret tədbirləri əhatə edən dövlət sifarişləri ilə bağlı olmur. Başqa sözlə, bəzi hallarda publik hüquqi şəxslərin saxlanılması və funksional fəaliyyəti də dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir». Hesablama Palatası bunu nəzərə alaraq, yeni maliyyələşmə mexanizminin yaradılmasını təklif edir. Bu mexanizmə əsasən, dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlər yalnız dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə görə ayrılmalıdır.
Vergidən birdəfəli azad etmə düz qərar deyil
Palata hesab edir ki, publik hüquqi şəxslər dövlət büdcəsinin xərclərinə artırıcı təsirə malik olduğu kimi, dövlət büdcəsi gəlirlərinə də azaldıcı təsirə malikdir. Xüsusilə də, Palatanın fikrincə, publik hüquqi şəxslərin mənfəət vergisindən birdəfəlik azad edilməsi bu sahədə intizamı poza bilər: «Vergi Məcəlləsinə əsasən publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəalar gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etməyə imkan verir. Bunun nəticəsində isə onlar tərəfindən maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnə bilər».
Bunu nəzərə alaraq Palata təklif edir ki, publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan maddələr məhdudlaşdırılmalıdır.
Xərcləri artırıb, gəlirləri azaldırlar
Üstəlik Palatanın fikrincə, bəzi büdcə təşkilatlarının publik hüquqi şəxsə çevrilməsi büdcəyə ikiqat zərər vurub. Əvvəla həmin təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlər dövlət büdcəsinə aid edilmir. Buna baxmayaraq həmin publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlərdə də azalmayıb.