Milli Məclisin 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən deputatı, parlamentin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrlə bağlı geniş müsahibə verib. FED.az onunla söhbəti təqdim edirik:
- Milli Məclisin fevralın 12-də keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Bu məruzəni bələdiyyələrin fəaliyyətinin qiymətləndirilməsində qənaətbəxş hesab etmək olarmı?
- Bildiyimiz ki, Milli Məclisin fevralın 12-də keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Qeyd edim ki, 2019-cu il bələdiyyələr üçün rəmzi xarakter daşıyır. Çünki bələdiyyələrin 20 yaşı tamam olur və bu il bələdiyyə seçkiləri ilidir. İclas zamanı məruzə dinlənildi və bir neçə həmkarımın təklifləri, çıxışları oldu. İllik məruzələrin təqdim olunması çox gözəl bir təcrübədir. Bu baxımdan ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət var. Yəni onların qəbul etdiyi qərarların ölkənin qanunvericiliyinə uyğunluğunu araşdıran bir fəaliyyətdir. Bu məruzədə müsbət məqamlarla yanaşı, mənfi məqamlar da var idi. Biz heç də bələdiyyələrin fəaliyyətini ancaq tərifləyə bilmərik. Çünki real və obyektiv olmaq lazımdır. Bələdiyyələrin fəaliyyətində də 20 il ərzində həmişə müəyyən mənfi məqamlar və qüsurlar olub. Həmin məruzələrdə də hər il qüsurlar qeyd edilir və həlli yolları axtarılır. Sizə bir misal da gətirim ki, konkret olaraq məruzədə bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mənfi məqamlara toxunuldu. Onlardan biri bələdiyyə fəaliyyətinin mətbuatda işıqlandırılmaması, ictimailəşdirilməməsi ilə bağlı idi. Eyni zamanda, bu günə qədər bələdiyyələrin nəzdində yaradılmış müəssisələrin fəaliyyətsizliyi ilə bağlı məsələ qaldırılmışdı. Bildiyimiz kimi, bələdiyyələr yerli vergi və ödənişlərin yığılması ilə də məşğuldurlar. Məhz uçot məsələlərində olan problemlər də qeyd edildi. Bununla bağlı müəyyən təkliflər də verilib. Hazırda bir sıra təkliflər Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Artıq Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən də bir neçə layihə hazırlanıb və parlamentin plenar iclasında qəbul edilib.
- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bunlar istisna olmaqla, hər hansı bir kənddə bütün torpaqlar bələdiyyələrin sayıla bilərmi? Buna yoxsa, icra hakimiyyətləri baxmalıdır? Məsələyə geniş aydınlıq gətirmənizi xahiş edirik...
- 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, torpaqların mülkiyyəti 3 yerə bölünür. Dövlət, bələdiyyə və xüsusi (özəl) mülkiyyətdə olan torpaqlar. Bu baxımdan sizə bildirim ki, bələdiyyənin əhatə etdiyi ərazidə olan torpaqların hamısı heç də onun deyil. Çünki bələdiyyənin inzibati ərazisində dövlət, xüsusi mülkiyyətdə olan və öz torpaqları olur. Bələdiyyənin malik olduğu torpaq dedikdə onun çıxarışı olmalıdır. Yalnız o sənəd və bələdiyyənin mülkiyyətini bildirən xəritə olduqda o zaman həmin torpaqlar bələdiyyənin mülkiyyətində olmuş olur. Bu, məsələ ilə bağlı çox böyük mübahisələr var. Onu da demək lazımdır ki, vaxtilə bələdiyyələr yeni yaradılan zaman torpaq məsələlərində böyük problemlər yaranmışdı. Bələdiyyələr sərəncamlarında olan torpaqların bolluğundan başlarını itirmişdilər. Bələdiyyələrin əsas funksiyalarından biri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Vətəndaşlara fərdi ev tikintisi üçün torpaqların ayırmasıdır. Bu, təbii bir şeydir. Lakin bu sahədə də sui-istifadə halları var idi. Bələdiyyələrlə bağlı belə bir fikir formalaşmışdı ki, onlar yalnız torpaq satan qurumdur.
- Fərz edək ki, biz hər hansı bir rayona getmişik. Və sırf bələdiyyənin ərazisində yox, mülkiyyətində olan torpağı almışıq. Bizə də bələdiyyədən siz dediyiniz çıxarışı veriblər. Amma bu, torpağı şəxsi mülkiyyətimizə keçirmək üçün bəs etmir. Niyə?
- Ümumiyyətlə, bələdiyyə mülkiyyətində olan torpağı əldə etmək vətəndaşın hüququdur. Əgər bələdiyyənin ehtiyat fondunda təyinatı fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaq varsa, vətəndaş müraciət edə bilər. Amma burada bir məqam var. Bizdə iki cür torpaq satışı var: bilavasitə və hərrac yolu ilə torpaq satışı. Bilavasitə torpaq satışını heç bir hərrac keçirilmədən müraciət edərək almaq olar. Onu yalnız həmin bələdiyyənin ərazisində ən azı 5 il yaşayan və həmin ərazidə qeydiyyatda olan vətəndaşlar ala bilərlər. Amma mən ayrı bir şəhərdə, rayonda yaşayıramsa, torpaq almaq üçün digər bələdiyyəyə müraciət edirəmsə, bu zaman yalnız hərrac vasitəsilə həll olunur. Təbii ki, hərracda da bir nəfər yox, bir neçəsi iştirak edir. Hərracda da kim qalib gələrsə, həmin torpağı ala bilər. Bələdiyyə ilə alqı-satqı zamanı qərar verilir və müqavilə bağlanılır. Həmin müqavilədə nəzərdə tutulmuş məbləğ vətəndaş tərəfindən ödənildikdən sonra həmin torpaq vətəndaşın istifadəsinə keçir. Lakin, bu hələ o demək deyil ki, vətəndaş həmin torpağın sahibidir. Çünki vətəndaş həmin torpağı mülkiyyətinə keçirmək üçün sənədləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq qurumuna təqdim etməlidir. Həmin o sənədlər əsasında isə reyestrdən çıxarış alır. Bundan sonra isə vətəndaş həmin əmlakın sahibi olur.
- Kamran müəllim, torpağın vətəndaşın mülkiyyətinə keçirməyi illə bağlı proseduru izah etdiniz. Bəs, burada icra hakimiyyətinin rolu nələrdən ibarətdir?
- Qanunvericilikdə belə bir qayda nəzərdə tutulub ki, bələdiyyələr özbaşına, yəni birtərəfli qaydada torpağı sata bilməsinlər deyə, həmin rayon icra hakimiyyətinə tikintiyə icazə vermək tapşırılıb. Eyni zamanda, burada bir neçə qurumlar da var. Məsələn, kommunikasiya xətlərinin çəkilməsini həyata keçirən orqanlarının da rəyləri alınmalıdır. Burada birbaşa bələdiyyənin fəaliyyəti ilə iş bitmir. Elə bir mexanizm qurulub ki, hər bir dövlət orqanının rəyi nəzərə alınmaqla torpaq mülkiyyətə verilir və orada tikintiyə icazə verilir.
- Şəffaf bir sistem yaradılaraq bu səlahiyyətlərin hamısı niyə bələdiyyəyə verilmir? Bələdiyyələr bundan yaxşı pul qazana da bilərlər...
- 2007-ci ildən əvvəl torpaq satışını elə bələdiyyələr həyata keçirirdi. Onun da artıq fəsadlarını görürük. Hazırda demək olar ki, bələdiyyə mülkiyyətində torpaq qalmayıb. Düzdür, ölkəmiz inkişaf edir, əhalinin sayı çoxalır. Təbii ki, onların da mənzil şəraitinə böyük ehtiyac var. Ona görə də bələdiyyələr həmin torpaqları satırlar ki, evlər tikilsin. Amma sui-istifadə halları da vardı. Əgər torpaq satışını ancaq bələdiyyəyə tapşırsaq, orada sui-istifadə halları çoxalar. Məhz bu səbəbdən də bir neçə qurumun iştirakını torpaq satışına salınıb ki, sui-istifadə halları azalsın.
- Bu, sizcə süründürməçiliyə gətirib çıxarmır ki?
- Təbii ki, yox. İnsanlar bilirlər ki, torpağın alınmasına görə sənədləri qanunidir. Çünki burada bir neçə qurumun iştirakı var. Əgər hansısa bir qumun rəyi, icazəsi yoxdursa, təbii ki, həmin torpaq vətəndaşın əlindən alınacaq. Çünki o, qanuna uyğun olmayıb. Artıq bir neçə ildir ki, cənab Prezidentin təşəbbüsü ilə bələdiyyələrin bir sıra vergi növlərində çox müsbət dəyişikliklər baş verir. Onların hesablanması, yığılması prosesi asanlaşdırılıb. Bu da ölkə başçısının Milli Məclisə təqdim etdiyi qanunvericilik təşəbbüslərindən irəli gəlir. Biz həmin sənədlərə Milli Məclisdə baxmışıq və qəbul etmişik. Bugünkü gündə isə artıq bələdiyyələr onların birbaşa səlahiyyətlərinə daxil olan vergi yığımı ilə məşğul olurlar. Burada da çox böyük nailiyyətlər baş verib.
-2019-cu ildə ilk dəfə olaraq dövlət büdcəsindən bələdiyyələrə 1 milyon manat subvensiya ayrıldı. Bu məbləğ hansı bələdiyyələr arasında bölüşdürüləcək?
- Çox düzgün qeyd etdiniz. Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə dotasiyalarla yanaşı, bu il bir milyon manat məbləğində subvensiya da ayrılacaq. Ümumiyyətlə, dotasiyalarla bağlı onu deyim ki, bu, dövlətin bələdiyyələrə vacib bir köməyidir. Son 4-5 il ərzində bələdiyyələrə ildə 5,2 milyon manat dövlət büdcəsindən dotasiya ayrılır. Bu, məqsədsiz istifadə üçün ayrılan vəsaitdir. Yəni, bələdiyyə həmin vəsaiti istənilən sahəyə yönləndirə bilər. Subvensiya isə məqsədli təyinatlı vəsaitdir. Yəni, bələdiyyə müəyyən bir layihə hazırlayır. Məsələn, öz ərazisində ət kəsimi məntəqəsi açmaq istəyir. Özünün layihə formasında biznes planını tərtib edir. Orada qeyd edir ki, həmin yerin filan qədər işçisi olacaq, filan qədər yer lazımdır, tikintiyə pul lazımdır və s. Həmin layihə isə bələdiyyənin özü və ya Bələdiyyələrin Milli Assosiasiyası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunur. Maliyyə Nazirliyi də həmin layihəyə baxır, araşdırır və müvafiq qərarı qəbul edir. Burada əsas məsələ ondadır ki, həmin pul bələdiyyəyə ayrılandan sonra layihə həyata keçirilməzsə, bütün vəsait dövlət büdcəsinə qaytarılmalıdır. Bu, çox gözəl bir mexanizmdir. Çünki bələdiyyə təqdim etdiyi layihəni reallaşdıra biləcək və balansında əmlakı olacaq. Həmin əmlakdan isə gəlir əldə edə biləcək. Təbii ki, 1 milyon manat subvensiya 1600 bələdiyyəyə verilə bilməz. Maliyyə Nazirliyinə layihələri təqdim edən və onlar tərəfindən dəyərləndirilən bələdiyyələrə maliyyə ayrılacaq.
- Bayaq qeyd etdiniz ki, dotasiyalar bələdiyyələrə məqsədsiz istifadə üçün ayrılan vəsaitdir. Sizcə, bələdiyyələr həmin vəsaitdən təyinatı üzrə düzgün istifadə edə bilirlərmi? Yeyinti halları olurmu?
- Bələdiyyə onsuz da bütün xərclədiyi vəsaiti müvafiq qərarla rəsmiləşdirir. Yəni, büdcədən ayrılan pul kassadan çıxarılaraq kiməsə elə-belə verilmir. Həmin vəsait bələdiyyənin qərarı əsasında ayrılır. Yeyinti hallarından danışdınız, təbii ki, Ədliyyə Nazirliyi bələdiyyələrə ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi məsələsinə də diqqət yetirir.
- Olmazmı ki, bələdiyyələrə qanun çərçivəsində tam müstəqillik verilsin, özləri-özlərini dolandırsınlar?
- Bildiyimiz ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqda, müəyyən öhdəlikləri öz üzərinə götürüb. Həmin öhdəliklərdən biri də “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasına qoşulmaqdır. Bizim ölkəmiz də həmin beynəlxalq sənədə qoşulub. 25 dekabr 2001-ci il tarixli qanunla biz həmin xartiyanı təsdiq etmişik. 2002-ci ilin avqustun 1-də isə qüvvəyə minib. Həmin xartiyada inzibati nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Bu, normal bir şeydir. İndi isə gəlin təsəvvür edək. Əgər bizdə inzibati nəzarət olmasa, bələdiyyələr qərar qəbul etsə kim təminat verəcək ki, həmin qərarlar qanunidir?! Deyək ki, bələdiyyə qanunsuz qərar qəbul etdi. Onu kim sübut edəcək?!
- Səhv etmirəmsə, dediyiniz öhdəliklərdən biri də Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasıdır. Bəs bu, niyə bu vaxta qədər gerçəkləşməyib?
- Nəzərdən qaçırmayın ki, Bakı şəhər İcra Hakimiyyəti fəaliyyət göstərir. Ancaq belə düşünürəm ki, nə vaxtsa, Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ola bilər ki, gələcəkdə bununla bağlı hər hansı bir pilot layihə də həyata keçirilsin. Amma hazırda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına ehtiyac görmürəm.
- Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmamasının səbəbləri nədir? İstərdik ki, daha obyektiv cavab verəsiniz...
- Bakı şəhərində səhv etmirəmsə, 50-də çox bələdiyyə var. Hər bələdiyyənin də demək olar ki, 11, 17, 19 üzvü var. Ümumilikdə götürdükdə isə 200-250 nəfər üzv var. Onların aparatlarında 300-400 nəfər işləyir. Əgər bələdiyyələr birləşdirilsə, nə qədər iş yeri ixtisar olunacaq. Bu, nə qədər düzgündür?
- İş yerlərinin ixtisarı və islahatlar - hansı daha vacibdir? Azərbaycanda bələdiyyələr o qədər inkişaf edə bilər ki, orada 1000 nəfər də işləyə bilər. Çünki bələdiyyələrin xəstəxanası, bağçası, yolu və s obyektləri ola bilər...
- Hazırda bələdiyyələr o səviyyədə deyil ki, biz onların bağçalarından, məktəblərindən danışaq. Hələ ki, güc-bəla ilə özlərini saxlaya bilirlər. Azərbaycanda 1000-dən çox kənd bələdiyyələri var. Onların da maliyyə vəziyyəti yaxşı deyil. Özlərini güc-bəla ilə saxlayırlar. Hələ mən onların vətəndaşlara gördüyü işlərdən və s. söhbət etmirəm. Nə vaxtsa, Bakı Böyük Şəhər Bələdiyyəsi reallaşa bilər. Amma mən indi buna ehtiyac görmürəm. İş yerləri bir tərəfdən, digər tərəfdən isə orada müəyyən maraqların toqquşması ola bilər. Hesab edirəm ki, Azərbaycanda bələdiyyələr bir az oturuşmalıdır, onların maliyyə imkanları artmalıdır. Ondan sonra isə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsindən də, birləşməsindən də danışa bilərik. Bəziləri deyir ki, bələdiyyələrin sayı çoxdur. Bələdiyyələr 1999-cu ildə yeni yaradılanda onların sayı 2757 idi. 2009-cu ildə birləşmə prosesi getdi və sayları 1718 oldu. 2014-cü ildə bir də birləşmə prosesi getdi və sayları 1606 oldu. İndi də sual olunur ki, niyə daha da birləşmir ki? Bizə “bələdiyyələr birləşsin”. Amma elə deyil. Birləşmə proseduru çox ağır və mürəkkəbdir. Bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti və birgə fəaliyyəti haqqında” qanunla tənzimlənir. Bələdiyyələrin birləşməsinin təşəbbüskarı vətəndaşdır. Onu nə dövlət orqanı təşəbbüs edə bilər, nə də bələdiyyə. Qanuna görə, bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizi toplanıb hər iki bələdiyyədə belə bir təşəbbüslə çıxış edərsə, ondan sonra birləşə bilər. Ondan sonra da bələdiyyə üzvləri toplanmalıdır, protokollar tərtib olunmalıdır. Bundan sonra isə qanuna uyğun olaraq toplanmış sənədlər Milli Məclisə təqdim olunmalıdır. Parlament üzvləri tərəfindən də bu məsələ müzakirə edilib, qərar qəbul olunmalıdır. Mən 2014-cü ildə bələdiyyələrin birləşmə prosesi gedən zaman Prezident Administrasiyasında Bələdiyyələrlə iş sektorunda çalışırdım. O zaman həmin prosesin içində idim. Çox mürəkkəb prosesdir. Elə hallar olur ki, iki qonşu bələdiyyənin birləşməsi məsələsi gələndə vətəndaş deyir ki, istəmirik. Vətəndaşa da qarşı getmək olmaz axı. Əsas vətəndaşın marağıdır. Ona görə bu proses təbii olmalıdır. İnzibati resurslarla yox, vətəndaşın təşəbbüsü ilə həll edilməlidir.
- 2004-cü ildə şahidi olduğum bir hadisəni demək istəyirəm. Bu hadisə Şamaxıda olmuşdu. Üzvlər bələdiyyə sədrini seçən zaman rayonun o zamankı polis rəisi bəzi üzvlərə təzyiq göstərmişdi. Onun dediyi adama səs vermk üçün təzyiqlər etmişdi. Nəticədə də o üzvlərin fikri dəyişdi və o biri şəxsi dəstəklədilər. İndi belə hallar olurmu?
- Ümumiyyətlə heç kim, nə polis rəisi, nə prokuror, nə də icra hakimiyyəti heç vaxt bələdiyyənin fəaliyyətinə, xüsusilə də bələdiyyənin iclasının gedişinə müdaxilə edə bilməz. Xüsusilə də bələdiyyə sədrinin seçilməsinə. Siz dediyiniz məsələ isə tamamilə qanunsuz bir şeydir. Ancaq bələdiyyə üzvlərinin iştirakı ilə müəyyən qərarlar qəbul edilməlidir. Hansısa bir qurumun, vəzifəli şəxsin bələdiyyənin fəaliyyətinə, iclasına müdaxilə etməsi yolverilməzdir. Amma bələdiyyənin belə bir hüququ var ki, istənilən vətəndaşı, QHT nümayəndəsini, dövlət qurumunun nümayəndəsini öz iclasına dəvət edə bilər. Təbii ki, onun səs hüququ yoxdur. Amma siz dediyiniz hal xoşagəlməzdir. Elə halların qarşısı alınmalıdır. Sözün düzü, mən belə bir hallarla rastlaşmamışam. Amma belə bir hal olarsa, bununla bağlı məhkəmə orqanlarına, yuxarı instansiyalı qurumlarına müraciət etmək lazımdır. Əgər belə hallar olarsa, bildirilməlidir. Bəzi hallar olub ki, dövlət qurumları tərəfindən müdaxilələr olub və qarşısı alınıb.
- Kamran müəllim, siz 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilmisiniz. Təmsil etdiyiniz bölgələrdə bələdiyyələrin fəaliyyəti necədir? Sizi qane edirmi?
- Mən kəndlərdə seçicilərimlə görüşən zaman çalışıram ki, mütləq bələdiyyə sədrləri orada olsun. Çalışıram ki, böyük tədbirlər olan zaman bələdiyyə sədrləri ilə görüşüm, onlarla məsləhətləşmələr aparım. Çünki mən bu sahədə çalışmışam, ixtisaslaşmışam. Şəmkirlə Daşkəsənin bələdiyyələri arasında fərqlər var. Şəmkir bələdiyyələri bir az öndədir. Bu yaxınlarda bizim Şəmkir rayonunda çox yaxşı bir tədbirimiz də oldu. Şəmkirdə olan bütün bələdiyyələri topladıq, bələdiyyə müəssisələrinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq. Şəmkirdə 42 bələdiyyə var, 40 müəssisə. Onlar da fəaliyyət göstərirlər. Gəlir də gətirirlər. Şəmkirdə fəaliyyət sahəsi də genişdir. Orada yaxşı müəssisələri yaratmaq üçün şərait və imkanlar var. Çünki Şəmkirin əhalisi də 200 mindir. Daşkəsən bələdiyyələrində isə vəziyyət bir az ağırdır. Çünki orada fəaliyyət sahəsi bir o qədər də geniş deyil. İnsanlar əsasən mal-qara ilə məşğuldurlar. Orada bələdiyyələr üçün konkret gəlir gətirən fəaliyyət növünü mən görmürəm. Amma vətəndaşlar üçün Daşkəsən bələdiyyələri kifayət qədər iş görə bilirlər.
- Yəqin ki, təhlil aparmış olarsınız. Azərbaycanda maliyyə imkanlarına görə ən varlı və kasıb bələdiyyələr hansılardır?
- Əslində varlı və kasıb bələdiyyə anlayışı yoxdur. Maliyyə cəhətdən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər böyük şəhərlərin bələdiyyələrinin vəsaiti çoxdur. Onun da səbəbi var. Vətəndaşların sayı artıb, “kupçalı” mənzillər çoxalıb və onlardan da vergi yığılır. Hətta bizdə büdcəsi 1 milyon manatı ötmüş bələdiyyələr də var. Özü də həmin büdcə torpaq satışına görə deyil. Əsas vergi yığımına görədir. Səhv etmirəmsə, bunlar Sumqayıt və Abşeronun bəzi bələdiyyələridir.