Azərbaycan bu dəfə Ermənistanın münaqişənin həlli üçün danışıqlarını süni şəkildə uzatmasına imkan verməyəcək və bunun üçün rayonların konkret qrafik əsasında boşaldılmasına nail olmaq niyyətindədir.
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici siyasətinə cavabdeh olan şəxslər - bu gün keçirilən mətbuat konfransında «Ermənistanla danışıqlar nə qədər davam edəcək?» sualına cavab verərkən bildiriblər.
«Danışıqlar prosesi yenə illərlə davaam edə bilərmi? Bunun üçü bir zaman çərçivəsi nəzərdə tutulubmu?» sualına xarici işlər naziri Ceyhun Bayramov və prezidentin köməkçisi Hikmət Hacıyev hər biri ayrıca cavab veriblər.
Nazir bildirib ki, bu gün səhər Moskvada imzalanmış sənəddə də qeyd edilir ki, tərəflər baza prinsipləri əsasında danışıqlara başlamalıdırlar və danışıqların məqsədi ən qısa müddətdə prosesin siyasi müstəvidə həll edilməsinə nail olmaqdır.
«Təbii ki, münaqişənin həlli prosesinin 30 il ərzində mövcud olmaması, bunun bu formada saxlanılmasının mümkün olmaması hamıya bəlli oldu. Hamı gördü ki, Azərbaycan uzun illər gözləmək niyyətində deyil. Həmişə deyirik ki, biz münaqişənin siyasi yolla həllinin tərəfdarıyıq, amma digər yollarla da həll hüququ bizdə var və biz bundan istifadə edə bilərik».
Nazirin sözlərindən məlum olub ki, danışıqların necə keçəcəyi və Ermənistanın bu prosesə nə qədən ciddi yanaşacağı yaxın günlərdə bilinəcək: «Hadisələrin gedişi yaxın vaxtlarda göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək. Amma Azərbaycan öz ərazisini bərpa etmək əzmindədir. Və hamıya aydındır ki, Azərbaycan xalqının əzmi yüksəkdir.
Kimlərsə hesab edirdi ki, konflikt tarixdə qalacaq və Azərbaycan xalqı buna səbrlə yanaşa bilər. Amma artıq səbr kasasının dolması hamıya aydın oldu və son hadisələr göstərdi ki, status-kvonun süni şəkildə uzadılması qəbul edilmir».
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bu suala bir qədər konkret cavab verib. «Elə danışıqlar prosesinin sonsuzluğa qədər uzadılmasına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əməliyyatları göstərdi ki, Azərbaycan danışıqların imitasiyasını və uzadılmasını qəbul edə bilməz»-deyə dövlət başçısının köməkçisi bildirib.
Onnu sözlərindən məlum olub ki, Azərbaycan tərəfi bu dəfə süni şəkildə uzadılmayan detallı və konkret danışıqlar prosesinin aparılmasını gözləyir: «Bundan sonra Azərbaycan tərəfinin tələbi və gözləntisi ondan ibarətdir ki, əgər danışıqlar olacaqsa, yəni qəbul edilən sənədlər əsasında danışıqlar davam etdiriləcəksə, burada konkret məzmun, konkret gündəlik və konkret vaxt çərçivəsi olmalıdır».
Hikmət Hacıyev bildirib ki, əslində belə qrafiklər vardır. Söhbət 1990-cı illərin ortalarında Azərbaycan-Ermənistan danışıqlarında tərtib olunan sənədlərdən gedir. Həmin sənədlərdə rayonların boşaldılması qrafiki də olub: «Biz xüsusilə 1994-1995-ci illərdə hazırlanan sənədlərə qayıtmalıyıq ki, həmin sənədlərdə, hansı ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatına əsasən hazırlanmışdı. O sənədlərdə konkret vaxt cədvəli vardı, konkret ay və gün göstərilməklə hansı ay və hansı gün Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılması əksini tapmışdı».
Prezidentin köməkçisi xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi bu dəfə mahiyyətli və hədəfə yönümlü danışıqları dəstəkləyir: «Ona görə də bu günkü status-kvonun dəyişməsindən irəli gələrək, bütün tərəflərin, o cümlədən ATƏT-in Minsk Qrupunun səyləri bunu yönəlməlidir ki, bu gün yaranan imkanı biz real fürsətlərə çevirək və işğal aradan qaldırılsın.
Təbii ki, Azərbaycan heç vaxt imitasiya xarakterli danışıqlara (yəni danışıqlarnın süni surətdə uzadılmasına – FED.az) tərəfdar olmayıb və bundan sonra belə hallar və cəhdlər olasa, biz bunu qəbul etməyəcəyik».