Bir qədər əvvəl Azərbaycanda keçirilən parlament seçkiləri, Milli Məclisin tərkibini yenilənməsi və burada elan edilən islahatlar parlamentin ictimaiyyət və media ilə əlaqələrində dəyişikliyə səbəb olmayıb.
Qurumun bu sahəyə cavabdeh olan qurumlarının işində indiyədək müşahidə edilən qeyri-şəffaflıq aradan qaldırılmayıb, əksinə daha da artıb. Bu isə həm ölkə qanunvericiliyinə, həm də prezident İlham Əliyevin Milli Məclisin ilk iclasındakı çıxışı zamanı parlamentin işi ilə bağlı səsləndirdiyi prioritet istiqamətlərə ziddir.
Eləcə də bax: Milli Məclisdə - İSLAHAT BAŞLADI
FED.az-ın məlumatına görə, bu özünü ilk növbədə qəbul edilməsi nəzərdə tutulan qanun layihələrinin vaxtında açıqlanmamasında göstərir.
Qeyd edək ki, qanunlara ediləcək dəyişikliklər əvvəlcə müvafiq komitələrin iclasında müzakirə olunur, bundan sonra isə plenar iclasa çıxarılır.
Müzakirə edilən sənədlərlə medianın və ictimaiyyətin əvvəlcədən tanış olmaq imkanı sıfıra bərabərdir.
Parlamentin mətbuat xidmətinin işindəki Birinci qeyri şəffaflıq:
Qanun layihələrinin komitələrdə müzakirə edildiyi iclaslara yalnız bir sıra media qurumları dəvət edilir, qanun layihələri də yalnız həmin qurumlara açıqlanır. Baxmayaraq ki, bunun üçün Milli Məclisin rəsmi internet səhifəsi var və bu sənədləri onun vasitəsilə yaymaq lazımdır.
Bu vəziyyət qanun layihələnin hərtərəfli işıqlandırılmasına və ictimaiyyətin məlumatlanmasına mane olur, ən əsası media qurumları arasında qeyri-bərabər rəqabət yaradır.
Parlamentin mətbuat xidməti bu vəziyyəti qeyri-ciddi, bəzən isə texniki səbəblərlə («çap edilən nüsxələrin sayı azdır» və sair kimi) izah edir. Buradan FED.az-a bildirilib ki, yalnız komitənin parlamentə tövsiyə etdiyi qanun layihələri sayta yerləşdirilir. Halbuki, ondan əvvəl bu sənədlər digər media qurumlarına açıqlanır və adətən problemsiz plenar iclasa tövsiyə olunur.
Parlamentin mətbuat xidmətinin işindəki İkinci qeyri şəffaflıq:
Hətta komitənin iclasında müzakirə edilib parlamentin iclasına tövsiyə edilən qanun layihələri də internetə vaxtında yerləşdirilmir. Ya da çox gec, bəzən qanun artıq qəbul olunduqdan sonra yerləşdirilir və həmin vaxt artıq bunun əhəmiyyəti olmur.
Buna misal olaraq son misal - Hökumətin Milli Məclicdəki hesabatını göstərmək olar. Aprelin 9-da hesabat verilməsinə və artıq prosesin başa çatmasına baxmayaraq, hesabatın tam mətni hələ də parlamentin saytına yerləşdirilməyib.
Digər misal: aprelin 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Deputatlar yuxarıda adları çəkilən sənədlərə təklif olunan düzəlişlər barədə öz fikirlərini söyləyib, təkliflərini səsləndiriblər. İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Amma Milli Məclisin saytına baxanda məlum olur ki, bu layihələrdən heç biri rəsmi olaraq açıqlanmayıb. Baxmayaraq ki, bu sənədlər artıq komitə iclaslarında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Hazırda MM-in saytında olan qanun layihələri bunlardır:
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
I oxunuş | II oxunuş
Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
I oxunuş | II oxunuş
Müzakirədə iştirak edin
"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
I oxunuş | II oxunuş
Müzakirədə iştirak edin
"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
I oxunuş | II oxunuş
Müzakirədə iştirak edin
Parlamentin mətbuat xidmətinin işindəki Üçüncü qeyri şəffaflıq:
Elan edilən qanun layihələri və digər məlumatları sorğu vasitəsilə də almaq mümkün deyil. Dəfələrlə bununla bağlı edilən müraciətlər cavabsız qalır.
Bundan başqa, hətta gündəlik (parlamentdə müzakirə ediləcək qanun layihələrinin siyahısı) də vaxtında açıqlanmır. Bununla bağlı edilən müraciətlər zamanı isə MX-nin əməkdaşları gündəliyi internetlə göndərməkdənsə, şifahi oxumağa üstünlük verirlər.
Mətbuat xidmətinin işində müasir kommunikasiya vasitələrindən istifadə səviyyəsi çox aşağıdır. Heç bir qanun layihəsi mətbuata internetlə göndərilmir. Bu da ölkə ictimaiyyətinin, xüsusilə də FED.az-ın aktiv çalışdığı biznes qurumlarının ölkədə qəbul ediləcək qanunlardan, vacib yeniliklərdən xəbərsiz olması ilə nəticələnir.
Məhz bu vəziyyət səbəbindən FED.az oxucularını dəqiq məlumatlarla təmin etmək məqsədilə bir qədər əvvəl qanun layihələrinin ödənişlə alınmasını təklif edib.
Həmin təklif indi də qüvvədədir:
FED.az MM-in komitələrində müzakirə olunan qanun layihələrinin satın alınması üçün (xüsusilə bu sənədlərin komitədə müzakirəsindən əvvəl) ödəniş etməyə hazırdır.
Portalımız bu sənədlərə çıxışı olaq şəxsləri – Millət vəkillərini, MM-in texniki və digər personalını, eləcə də sənədlərin hazırlanmasında iştirakı olan şəxsləri əməkdaşlığa dəvət edir.
Amma daha yaxşı çıxış yolu, parlamentin ictimaiyyətlə əlaqələrinin yenidən qurulması, bu sahədə müasir texnologiyalardan geniş istifadə, media qurumları arasında ayrı-seçkiliyin aradan qaldırılmasıdır.
Bunun üçün komitələrin iclasları onlayn yayımlanmalı, buraya media və biznes nümayəndələrinin (daha dəqiqi sahəvi və maraqlı sektorun nümaynədələrinin) çıxışı təmin edilməlidir.
Parlamentin səhifəsində qanuna layihələri və digər sənədlər plenar iclasa tövsiyə edildikdən sonra deyil, ondan əvvəl - artıq komitənin iclasının gündəliyinə salındıqdan dərhal sonra açıqlanmalıdır.
Parlamentə mediadan daxil olan sorğular vaxtında va ətraflı cavablandırılmalı, korporativ maillərdən istifadə edilməlidir.
Media üçün «vatsap qrupu» yaradılmalı bu bütün sənədlər bu qrup vasitəsilə də yayımlanmalıdır və sair tədbirlər.
Bu tədbirlərin siyahısını uzatmaq olar. Əsas odur ki, Mili Məclisdə bu məsələlərə cavabdeh olan şəxslər unutmamalıdırlar ki, fəaliyyətin şəffaf qurulması digər dövlət qurumları kimi, parlamentin də ictimaiyyət qarşısında borcudur.