Dekabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
FED.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinə 34 məsələnin daxil edildiyini bildirib.
Parlament əvvəlcə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşdan keçəcək iki qanun layihəsini - Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu"nun təsdiq edilməsi haqqında qanun layihəsini və Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında qanun layihəsini müzakirə edib. Sənədlər haqqında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Komitə sədri qanun layihələrinin təqdimatlarında koronavirus pandemiyası ilə bağlı bu müqavilələrdə nəzərdə tutulan işlərin tam yerinə yetirilə bilməməsi və dəyişikliklərin əsas məqamının da vaxtın uzadılması ilə bağlı olması haqqında məlumat verib. Məsələlər barədə təqdimatlar dinlənildikdən sonra həmin qanun layihələrinin müzakirə olunduğu digər komitələrin də rəyi öyrənilib.
Qanun layihələrinin müzakirələrində komitə sədri Tahir Mirkişili, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Fatma Yıldırım, Fəzail Ağamalı, Siyavuş Novruzov fikirlərini bildiriblər. Müzakirələrin sonunda hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Sədr Sahibə Qafarova növbəti 5 məsələnin üçüncü oxunuşda olan qanun layihələri olduğunu qeyd edib və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə qanun layihəsi barədə məlumat vermək üçün sözü parlament sədrinin birinci müavini Əli Hüseynliyə təqdim edib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı olduğunu qeyd edib və əvvəlki oxunuşlarda təkliflərin daxil olmadığını bildirib.
Müzakirədə məsələ ilə bağlı Hicran Hüseynovanın və Səməd Seyidovun rəhbərlik etdikləri komitələrin müsbət rəyləri və Siyavuş Novruzovun sənədin cinayətkarlığın qarşısının alınmasında əhəmiyyəti ilə əlaqədar fikirləri, Sabir Rüstəmxanlının xaricdə yaşayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qaldırdığı məsələ dinlənildikdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Gündəliyin dördüncü məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, qanun dəyişikliyi işçilərin pozulmuş hüquqlarının bərpasına yönəlib və əvvəlki oxunuşda layihə ilə bağlı təklif daxil olmayıb.
Milli Məclisin sədri məsələnin baxıldığı digər komitənin - Əmək və sosial siyasət komitəsinin rəyini aldıqdan sonra sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Növbəti məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib.
O, üçüncü oxunuşda müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşda geniş məlumat verildiyini, fikir və rəylərin nəzərə alındığını bildirib.
Qanun layihəsinin baxıldığı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli komitənin heç bir əlavəsinin olmadığını bildirəndən sonra sənəd üçüncü oxunuşda təsdiqlənib.
Növbəti məsələ olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sənədin üçüncü oxunuşunda deputatlar tərəfindən əlavə və təkliflərin daxil olmadığını bildirib. Sənədin baxıldığı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyindən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Plenar iclasın üçüncü oxunuşda müzakirəyə çıxarılan sonuncu qanun layihəsi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qeyd edib ki, onların komitəsində hazırlanan qanun layihəsinə deputatların düzəliş xarakterli təklifləri nəzərə alınıb. Komitə sədri indiki formada qanun layihəsinin qarşıya qoyulan məqsədləri tam ehtiva etdiyini vurğulayıb.
Məsələ ilə bağlı müzakirələrdə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun və deputat Əminə Ağazadənin fikirləri də dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Bununla da plenar iclasda üçüncü oxunuşda olan qanun layihələrinin müzakirəsi başa çatıb.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasın 8-ci məsələsi olan və qanunvericiliyə əsasən bir oxunuşdan keçən "Pasportlar haqqında", "Dövlət qulluğu haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib.
Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə Azərbaycan Respublikasının ticarət nümayəndəsinin ayrıca fəaliyyət göstərməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasportların verilməsi ilə bağlı uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur.
Sənədin baxıldığı İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin rəyləri öyrənildikdən sonra müzakirələrdə deputat Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Məlahət İbrahimqızı qanun layihələri ilə bağlı müsbət rəylərini bildiriblər. Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasın 9-cu mələsə olan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin də bir oxunuşda qəbul ediləcəyini bildirən sədr Sahibə Qafarova sənədlə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevə verib.
Elnur Allahverdiyev bildirib ki, sənəd "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb. Layihədə "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı uyğunlaşdırma xarakterli dəyişiklik təklif edilib.
Sonra qanun layihəsi səsverməyə qoyulub və qəbul olunub.
Sədr Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 9 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ isə Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə daxil olub.
İkinci oxunuşda müzakirəyə çıxarılan "Turizm haqqında" qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Qanun layihəsinin birinci oxunuşunda geniş müzakirələrin keçirildiyini qeyd edən komitə sədri sənədin turizmin dayanıqlı inkişafını, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını təmin edəcək hüquqi bazanı yaratdığını bildirib və layihənin birinci oxunuşunda deputatların irəli sürdükləri təkliflərlə bağlı ümumi məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.
Məsələ ilə bağlı çıxış edən komitə sədrləri Əli Hüseynli, Qənirə Paşayeva, Tahir Rzayev, Ziyafət Əsgərov, Musa Quliyev, deputatlar Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Etibar Əliyev, Erkin Qədirli, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı, Rüfət Quliyev qanun layihəsinə dair fikirlərini bölüşüblər. Deputatlar sənəddə verilən termin və anlayışlar, viza rejimi, turizm rekreasiya zonalarının yaradılması kimi məsələlərlə bağlı, həmçinin Azərbaycanda turizmin mövcud durumu və inkişaf perspektivlərinə dair rəy və təkliflərini səsləndiriblər.
Sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Plenar iclasın fasilədən əvvəl müzakirə etdiyi son qanun layihəsi isə ikinci oxunuşda olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olub.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov sənədlə bağlı hər hansı bir təklif olmadığı üçün onun olduğu kimi səsə qoyulmasını irəli sürüb.
Qanun layihəsinin müzakirə olunduğu digər komitələrin də rəyi öyrənilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev komitələrinin layihəni dəstəklədiklərini bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra iclasda fasilə elan olunub.
Fasilədən sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili növbəti iki məsələni təqdim edib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi büdcə qaydasının təkmilləşdirilməsi, onun icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, habelə ümumi dövlət borcunun ÜDM-ə nisbəti parametrləri əsasında müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu parametrlər Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin yuxarı hədlərini tənzimləmək və dövlət borcunun səviyyəsinin artmasının qarşısını almaq məqsədilə təklif olunur. Layihədə bir sıra yeni anlayışlar müəyyən edilib, bəziləri isə yeni redaksiyada verilib. Eyni zamanda, dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsi dəqiqləşdirilib, büdcə təşkilatlarının və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların bu vəsaitlərin istifadəsi barədə müvafiq orqanlara aylıq hesabat vermə vəzifəsi aradan qaldırılır. Sənəddə dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə bu barədə məlumatların Hesablama Palatasına təqdim edilmə dövriliyi müəyyən edilir.
Komitə sədri “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qeyd edib ki, sənəd dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun statusunun dəqiqləşdirilməsi, onun xərclərinin yuxarı həddinə çərçivənin qoyulması məqsədilə hazırlanıb. Təklif olunan əlavələrə əsasən, dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir. Habelə, Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib. Bildirilib ki, sənədlərə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir.
Parlamentin komitə sədri Siyavuş Novruzov layihələr barədə fikirlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan digər iki layihə barədə məlumat verib. Bildirilib ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanunun tətbiqi barədə" Prezidentin müvafiq Fərmanının icrası çərçivəsində hazırlanıb. Qanunun əsas anlayışlarını ehtiva edən 2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, sığorta hadisəsi anlayışına dəqiqlik gətirilib. Sənəddə, həmçinin, sığorta ödənişini almaq hüququ olan şəxslərin çevrəsinin genişləndirilməsi, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək müqaviləsinin müddəti qurtardıqda tələb olunan ən azı 36 təqvim ayı ərzində əmək müqaviləsinin müddətinin 30 ayadək azaldılması, habelə sığorta ödənişinin 3 ay sonra deyil, sığorta hadisəsi baş verdikdə ödənilməsi məqsədilə müvafiq dəyişikliklər edilib.
Komitə sədri “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) qeyd edib ki, layihədə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar təklif edilir.
Deputat Aydın Hüseynov təklif olunan dəyişikliklər barədə öz qeydlərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda ikinci oxunuşda “Media haqqında” qanun layihəsinə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Medianın İnkişafı Agentliyinin Hüquq və İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Rəqsanə Kərimova, Mətbuat Şurasının sədri Əflatun Amaşov iclasda iştirak edirlər.
Qanun layihəsini ikinci oxunuşda təqdim edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında “Media haqqında” qanun layihəsinin hazırlıq mərhələsində, o cümlədən müxtəlif platformalarda – Milli Məclisdə və digər məkanlarda keçirilən görüşlərə, dinləmə və müzakirələrə ideya-siyasi və təşkilati dəstəyə, birbaşa iştiraka və yardıma görə Milli Məclisin sədri Sahibə Qafarovaya işçi qrupu adından təşəkkür edib. Bildirib ki, istər Milli Məclis üzvlərinin, istərsə də parlament Aparatının bütün resurslarının bu müzakirələrə səfərbər edilməsi razılıq hissi doğurur.
Sonra komitə sədri qanun layihəsi ilə bağlı görülən işlərə dair məlumatları diqqətə çatdıraraq, sənədin ötən müddət ərzində müzakirələri zamanı səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.
Diqqətə çatdırılıb ki, müzakirələrdə ifadə edilən fikirləri iki qrupa bölmək olar. Bunların bir hissəsi dövlət media siyasətinin müxtəlif aspektlərinə, onun tarixinə, praktiki tərəfinə yönəlib, müəyyən bir qismi isə dəqiqləşdirici xarakter daşıyır. Xüsusi olaraq qeyd edilib ki, layihədə internet televiziyaların fəaliyyətinə yasaq edilmədiyi aydın qeyd olunsa da, bununla belə işçi qrupu yeni 30.8-ci maddənin əlavə edilməsini məqbul hesab edir. Bildirilib ki, göstərilən rəqəmlər yalnız statistik hesabat deyil, ötən müddətdə parlamentin yeni media qanununun qəbulu istiqamətində sistemli, açıq və milli mənafelərə uyğun mövqeyini nümayiş etdirir.
Zahid Oruc deyib ki müzakirəyə çıxarılan qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək. O, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, bununla bağlı beynəlxalq təcrübədə olan nümunələr, mediada reklam qaydaları, sosial medianın fəaliyyəti, televiziyalarda ixtisaslı kadr seçimi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, xarici dil bilən professional jurnalistlərin hazırlanması məsələlərinə toxunub.
Komitə sədri onu da bildirib ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs isə artıq onlayn-media subyekti kimi çıxış edir və onunla qurulan münasibətlər bu çərçivədə tənzimlənəcək. O, blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir. Habelə, layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq. O da qeyd edilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.
Zahid Oruc çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları şərh edib, gizli audio və video yazılardan, foto çəkilişlər barədə danışıb və onları yaymaq qaydalarını da şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq, ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək layihə ətrafında bir neçə dəfə çox geniş və səmərəli müzakirələrin aparıldığı söyləyib, səsləndirilən cavabların məqbul olduğunu deyib.
Sonra qanun layihəsi ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədri Musa Quliyev, deputatlardan Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Vahid Əhmədov, Nigar Arpadarai, Etibar Əliyev, Aqil Abbas, Sabir Rüstəmxanlı qanun layihəsi barədə öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti məsələləri birinci oxunuşda olan qanun layihələridir. 19-cu məsələdən 32-ci məsələyə qədər olan layihələr Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək bildirib ki, təqdim olunan qanun layihələri “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara edilən dəyişikliklərin mahiyyətindən yaranan digər qanunlara edilən düzəlişlərdir.
Qeyd edilib ki, “Lotereyalar haqqında” qanunda dəyişiklik, eyni zamanda "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Prezidentin 2021-ci il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq hazırlanıb və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı qoyulan tələblərdən irəli gəlir. Komitə sədri deyib ki, bu gün dünyada informasiya texnologiyalarının inkişafı ilə əlaqədar lotereyalar və idman-mərc oyunlarının əhali arasında sürətlə yayılması, daha çox istifadəçisinin olması, bu imkanların daha çox əlçatan olması dövlət qarşısında bu sahənin tənzimlənməsi üçün müvafiq çağırışlar yaradıb. Burada əsas məqsəd vətəndaşların hüquqlarının qorunması, bu prosesin daha şəffaf olması, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinin tənzimlənməsi, Vergi Məcəlləsinin müvafiq müddəaların yerinə yetirilməsi ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, qanun layihəsi bir neçə istiqaməti özündə ehtiva edir. Belə ki, qanuna yeni anlayışlar əlavə olunub. Sənəddə, həmçinin lotereyaların təşkili və keçirilməsi üçün səlahiyyətli orqanın müəyyən edilməsi, həmin orqan üzrə tiraj komissiyalarının üzərinə qoyulan tələblər, bununla bağlı tənzimləmə formalarının qanunvericilikdə öz əksini tapması, lotereyalar üzrə uduş fondunun yuxarı həddinin ləğv olunması, habelə lotereya şərtlərinin təkmilləşdirilməsi, virtual lotereyaların təşkili üzrə hüquqi əsasların yaradılması ilə bağlı dəyişikliklər öz əksini tapıb.
Vergi Məcəlləsində edilən dəyişikliklərə toxunan komitə sədri bildirib ki, layihədə lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşların gəlir vergisindən azad edilməsi lotereya biletlərinin agent qaydasında satışını həyata keçirən hüquqi və fiziki şəxslərin gəlirlərinin vergidən azad edilməsi, idman mərc oyunlarının operatoru və satıcılarının, habelə lotereya təşkilatçısı və biletlərin satıcılarının sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilməsi məsələləri təsbit olunub.
Qeyd olunub ki, “Reklam haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsi isə lotereyalar və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində hazırlanıb və lotereyaların və idman mərc oyunlarının reklamının sifarişçisinin, habelə reklamına yol verilməyən halların dairəsinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Təklif olunan dəyişikliklər vətəndaşların hüquqlarının qorunmasına, bu sahədə tənzimləmənin daha aydın olmasına xidmət edir.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Lotereyalar haqqında” qanunda edilən dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə, Cinayət Məcəlləsinə və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna müvafiq dəyişikliklər edilir.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə keçirilən lotereyalar və idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və təsadüfdən asılı olan uduşların, mükafatların və digər gəlirin verilməsini nəzərdə tutan əməllər qumar oyunu hesab edilir və inzibati məsuliyyət yaradır. Təkliflərdə, həmçinin qumar oyunlarının və bu oyunların təşkilatçısının reklamı da inzibati məsuliyyətə səbəb olur.
Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair qeyd olunub ki, sənəd lotereyalar və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində hazırlanıb və dəqiqləşdirmə məqsədi daşıyır.
Qeyd olunub ki, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, keçirilən lotereyalar və idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və təsadüfdən asılı olan uduşların, mükafatların və digər gəlirin verilməsini nəzərdə tutan əməllər fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə qumar oyunu hesab edilir və cinayət məsuliyyətinə səbəb olur.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklərin bir qismi dəqiqləşdirmə və təkmilləşdirmə məqsədi daşıyır. Digər dəyişikliklərə görə, lotereya təşkilatçıları barəsində nəzarət orqanı funksiyalarının İqtisadiyyat Nazirliyinə, idman mərc oyunların operatorlarına münasibətdə isə Gənclər və İdman Nazirliyinə həvalə edilməsi nəzərdə tutulur.
Sonra Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi komitədə müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Sənədə təklif olunan dəyişikliklərə əsasən, virtual mühit, real mühitdə idman mərc oyunları, virtual satıcı kimi yeni anlayışlar müəyyən olunub, idman mərc oyunları anlayışı isə genişləndirilib.
Diqqətə çatdırılıb ki, “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Atçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də müvafiq dəyişikliklər edilir.
Yuxarıda adları çəkilən qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi Prezidentin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" 23 sentyabr 2020-ci il fərmanına əsasən hazırlanıb. Dəyişikliklərə əsasən, doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün və s. vətəndaşlıq vəziyyəti ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə vaxtında və düzgün ötürülməsi, müvafiq şəhadətnamə və arayışların elektron qaydada verilməsi və digər məsələlər qanunla tənzimlənəcək.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, dəyişikliklərin edilməsi zərurəti dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin inkişaf etdirilməsindən irəli gəlir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.