Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) qanunvericilikdə bir sıra yeniliyin əks olunmasını təklf edir. Onlar Səbinə Əliyevanın, parlamentə təqdim etdiyi 2020-ci il üzrə illik məruzəsində əks olunub.
Eləcə də bax: Hərbçilərə növbəti əlavə ödənişlərin olması - Təklif Edilir
FED.az xəbər verir ki, bu təkliflər aliment fondunun yaradılmasından tutmuş penitensiar sistemin işi qaydalarınadək müxtəlif sahələri əhatə edir.
Ombudsmanın təklifləri:
• Uşağın anadan olmasına görə ailələrə ödənilən müavinətlərin məbləği artırılsın - hazırda bu 200 manat təşkil edir.
• Uşağın saxlanılması üçün təyin edilmiş alimentin ödənilməsi üçün Aliment Fondu yaradılsın.
• Şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulsun və bu barədə müvafiq şəxsin əlaqə vasitələrinə xəbərdarlıq bildirişi göndərilsin.
• Baş örtüyündə pasport şəkli çəkdirilməsinə icazə verilsin.
• Hərbçilərə kirayə, ərzaq, nəqliyyat pulu artırılsın.
• Məhbuslara videozənglər ediməsinə icazə verilsin.
• Məhbusların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizm hazırlansın.
• Dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, dövlət reyestrində qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qadağa qoyulsun.
• "Televiziya və radio yayımı haqqında" proqrama verilən tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyət müəyyən olunsun.
• Sənəddə uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlər artırılsın.
• Ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləği artırılsın.
Çərşənbə günü parlamentdə müzakirə olunacaq təkliflərdən biri də "Aliment Fondu" ilə bağlıdır. Nəzərdə tutulur ki, uşağın saxlanılması üçün ödənişlər xüsusi fonddan ödənilə bilər. Vaxtaşırı verilən alimentlərə görə yığılan borc daha sonra atalardan alına bilər. Bu təklif artıq bir müddətdir ki, gündəmdə qalır.
Sənəddə uşağın anadan olmasına görə, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən müavinətlərin artırılması da təklif olunur.
Daha bir təklif yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiyanın artırılmasını nəzərdə tutur. Təşəbbüsə görə, bu, həmçinin hərbi qulluqçu hazırlayan təhsil müəssisələrinin ailəli kursantlarına da şamil olunmalıdır. Bundan başqa, təklif olunur ki, hərbi qulluqçulara ərzaq payı əvəzinə verilən aylıq pul məbləği minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılsın.
Yeni təklifləri şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov alimentlər məsələsi və hərbi sahəyə aid təkliflərin aktual olduğunu qeyd edir. "Bizim aldığımız 3 müraciətdən ikisi alimentlərlə bağlı olub, həddən artıq çox müraciətlər gəlirdi."
Ombudsman şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulmasını və bu barədə şəxsə xəbərdarlıq bildirişinin göndərilməsini təklif edib. Hazırda şəxsin ölkədən çıxışına qadağası varsa, o, bu barədə bəzən ölkəni tərk edərkən öyrənir. Hazırkı qanunvericiliyə əsasən, şəxsin adı bir neçə dövlət qurumunun tələbi ilə "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na salınır.
Bir neçə il öncə xaricə gedərkən sərhəddə saxlanılan jurnalist Xədicə İsmayılova ölkəni tərk etmək qadağası ilə bilavasitə tanış olan şəxsdir. O, yeni təklifləri çoxdan gözlənilən "aktual problemlər" kimi səciyyələndirib.
Yeni təkliflərlərdən biri də məhbuslara videoəlaqəyə icazə ilə bağlıdır. Qeyd olunur ki, bu təşəbbüs o cümlədən islaholunma, təhlükəsizlik və nəqliyyat xərclərinə qənayət baxımından faydalı ola bilər. Cəzaçəkmə yerlərinə gəlincə, daha bir təklif nəzərə çarpır. O, məhbusların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakına icazə ilə bağlıdır.
ədicə İsmayılova deyir ki, verilən təkliflər müsbət hal olsa da, cəzaçəkmə müəssisələrində ictimai nəzarətin artırılması ilə bağlı addımların atıldığını da görmək istərdi.
Rəsul Cəfərov yeni təkliflərə verdiyi ilkin qiymətləndirmənin ˝müsbət olduğunu˝ deyir. Bu səpkidə o, həmçinin baş örtüyü ilə şəkil çəkdirməyə icazənin verilməsi barədə yeni təklifi qeyd edir: "Hicablı xanımların sənədlərdəki fotoşəkillərdə baş örtüyündə şəkil çəkilməsinə icazə 2020-cu ildə ciddi narazıçılıq yaradan bir məqam idi".
Ombudsmanın təqdim etdiyi təkliflərdən biri, baş örtüyündə pasport şəklinin çəkdirilməsinə icazəni nəzərdə tutur. Azərbaycanda hazırkı qanunvericilikdə buna icazə verilmir.
İnsan hüquqları üzrə müvəkkilin daha bir təklifi əmlak alqı-satqısı ilə bağlı sahəyə aiddir. Təklif olunur ki, dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qadağa qoylsun.
Ombudsman "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"-nın təkmilləşdirilməsini və dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini də təklif edib.
Son təkliflərin irəli sürülməsi həm say baxımından, həm də xarakter baxımından əvvəlki dövrlərdən çox fərqlidir, Rəsul Cəfərov deyir.
Bəs görəsən, bu təkliflər əvvəlki illərə nisbətən daha proqressiv, daha aktual görünürmü, bunu müsbət tendensiya, Ombudsman İnstitutunun inkişafı kimi görmək olarmı?
"Əlbəttə biz deyə bilmirik ki, bu birmənalı irəliləyişdir, amma tendensiya baxımından bəli, pozitiv tendensiya kimi qiymətləndirirəm".
Rəsul Cəfərova görə, əvvəlki illərdə ya ümumiyyətlə təkliflər olmurdu, məruzələr həddən artıq "məhdud xarakter" daşıyırdı və verilən təkliflər də "də bir qayda olaraq, həddən artıq ümumiləşdirilmiş olurdu".
Təkliflər yalnız ilkin mərhələ sayılır. Bundan sonra, onların necə icra olunması daha böyük əhəmiyyətə malikdir.
"Yəni ki, Ombudsman İnstitutu sadəcə təklif verməklə gərək işini bitmiş hesab etməsin. Nəzarətçi bir qurum kimi bir az daha güclü davransın", - Xədicə İsmayıl deyir.
İnsan hüquqları üzrə müvəkkilin məruzəsi ötən ilin fevral ayında Prezidentə və müvafiq dövlət qurumlarına göndərilib.
Onun sabah parlamentin İnsan hüquqları komitəsinin iclasında müzakirəsi gözlənilir. (bbc.com)