Operativ Qərargahın SMS icazə ilə bağlı qərarına əsasən, vətəndaşlar 3 indeks üzrə yaşayış yerini tərk edə biləcək.
FED.az xəbər verir ki, 1-ci indeks üzrə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, 2-ci indeksi üzrə ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar, 3-cü indeks üzrə isə yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk edə bilər. Birinci və ikinci indeks üzrə vətəndaşlar 8103 nömrəsinə SMS göndərməklə, 3-cü indeks üzrə isə Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə ala bilərlər.
1 və 2-ci indeksdən istifadə zamanı vətəndaşlara 2 saatlıq müddət verilir.
İcazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.
Dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.
SMS icazəni almağın qaydaları haqda məlumatı bu linkdən əldə edə bilərsiz.
İcazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
- yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bununla bağlı 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).
İyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda tətbiq edilən xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən sahələr bunlardır:
1. Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə
xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin
istehsalı;
1.5. sosial xidmətlər;
1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları.
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. tərcümə xidmətləri;
9.3. poçt xidmətləri;
9.4. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.