Vergilər Nazirliyinin Kollegiyası bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair qaydaları təsdiqləyib.
FED.az xəbər verir ki, bu qaydalar Vergi Məcəlləsi ilə ilə müəyyən edilmiş vergilərin, eləcə də məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının vergi orqanı tərəfindən yerlərə getmədən hesablanması, habelə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan digər məlumatlar əsasında aparılan vergi yoxlamaları üzrə vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərini və bu proseslər üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilən prosedurları əks etdirir.
Qaydalara görə, kameral vergi yoxlamaları aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
1. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamələr, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar, habelə bu Qaydaların 1.3.2-ci yarımbəndində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz;
2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş bəyannamə), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir;
3. Kameral yoxlama aparmaq üçün təqdim olunmuş bəyannamə və ya hesabatlar ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən və ya sığortaedəndən əlavə məlumat, sənəd və izahat tələb edə bilər;
4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir;
5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər;
6. Kameral yoxlama zamanı vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi və (ya) sığorta haqlarının məbləğinin az göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatları, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri və sığorta haqlarını hesablamaq hüququ vardır;
7. Kameral vergi yoxlamasının aparılması üçün vergi orqanlarına təqdim olunan vergi bəyannamələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların və digər sənədlərin Azərbaycan dilində tərtib olunması təmin edilməlidir;
8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fərqli müddəalar nəzərdə tutulmamışdırsa vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələrində və hesabatlarda vergilər və sığorta haqları Azərbaycan Respublikasının pul vahidi manatla hesablanmalıdır;
9. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində və ya sığortaedəndə səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər;
10. Könüllü açıqlama edildiyi halda təqdim edilən hesabat üzrə kameral vergi yoxlaması aparılmır və yalnız hesablanmış vergi və ya sosial sığorta haqqı məbləği büdcəyə ödənilir;
11. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdir. Müddətlə bağlı müəyyən edilmiş 3 illik məhdudiyyət məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir;
12. Vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, onlara hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 1.3.11-ci yarımbəndində müəyyən olunmuş müddətə daxil edilmir;
13. Fərdi sahibkarların gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və əmlak vergisi üzrə cari ödəmələri üzrə vergi ödəyicisinə bu Qaydaların 7 nömrəli əlavəsində göstərilən forma üzrə “Cari vergilərin hesablanması barədə Bildiriş” hazırlanaraq göndərilir.
Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair QAYDALAR – TAM MƏTN
Kameral vergi yoxlamaları qaydaları təsdiqləndi – TAM MƏTN
13:09
27 İyun 2019