Son dövrlər İranda Azərbaycana qarşı təhqirlərə yol verən şəxslər Azərbaycandan üzr istəməli və postlarından qovulmalıdır.
FED.az xəbər verir ki, rəsmi Bakının bu mövqeyini prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində açıqlayıb.
Dövlət başçısı müsahibədə Azərbaycan-İran münasibətləri, İranın hələ yeni sayılan prezidenti, eləcə də son günlər İranın bəzi şəhərlərində Azərbaycana və onun prezidentinə qarşı təhqirlərin səsləndirilməsi barədə danışıb.
Prezident bildirib ki, hələlik İranın yeni prezidenti ilə ciddi təmaslar olmayıb: «Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq».
Dövlət başçısı İranın əvvəlki rəhbərliyi ilə münasibətlərin pisləşməsinin səbəblərini də açıqlayıb: «Əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik».
İlham Əliyev bildirib ki, İnan tərəfi bundan sonra da ermənilərə dəstəyi dayandırmayıb: «Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi».
Bundan sonra İran tərəf Azərbaycanı hədələməyə çalışıb, amma eyni tədbirlərlə üzləşib: «Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir».
Daha sonra Azərbaycanın İrandakı səfirliyində terror aktı törədirldi, prezident bildirib ki, bu təşkil olunmuş hadisə idi: «Səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı».
İran tərəfi Azərbaycana həmin hadisəni törədənlərin cəzalandırılacağını bildirsə də, bu baş verməyib, İran tərəfi Azərbaycanı yenə də aldadıb: «Biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.
Bax, bu, məsələnin bir tərəfidir. İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm».
Dövlət başçısı İrandakı bəzi əyalət mollalarının Azərbaycana və onun rəhbərinə qarşı təhqirlər səsləndirməsinə də münasibət bildirib. İlham Əliyevin sözlərinə görə, bu şəxslər işdən qovulmalı və onların hərəkətinə görə Azərbaycandan üzr istəniləməlidir:
«O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır».