Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə fondun builki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.
FED.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "azərtac"a verilən məlumata istinadən xəbər verir ki, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının bu il üçün 20 minə çatdırılması nəzərdə tutulur.
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 milyon manat artırılaraq 10 milyon manata çatdırılmasını nəzərdə tutur.
İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.
Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7 min 267 nəfəri, 2019-cu ildə isə əvvəlki illə müqayisədə 42,45 faiz çox olmaqla 10 min 352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə öz kiçik ailə təsərrüfatlarını yaradıb.
2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün bu il fonddan həmin istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 milyon manat artırılaraq 78 milyon 735 min 400 manata çatdırılıb.
Məşğulluqda əhəmiyyətli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq fonddan ayırmaların 1 milyon manat artırılaraq 3 milyon manata çatdırılmasını nəzərdə tutur.
Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə bu il üçün xərclərinin 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili işlərinə başlanılması da nəzərdə tutulub.