Kolinda Qrabar-Kitaroviç 1968-ci ildə Xorvatiyanın balaca kəndlərindən birində anadan olub. Valideynləri kənd təsərrüfatı ilə məşğul olduğundan Kolinda hələ uşaq yaşlarından əl əməyinə, zəhmətə alışmışdı. “Yəqin mən NATO-dakı yeganə siyasətçiyəm ki, inək sağmağı bacarıram”, – deyə Xorvatiya lideri müsahibələrinin birində zarafatla demişdi.
Xanım Kitaroviç sıradan bir kənd qızı olduğunu hər zaman etiraf edir. Dediyinə görə, valideynləri ona aza sevinməyi, lakin böyük hədəflərə doğru getməyi öyrədib: “Anam mənim qəhrəmanımdır. Ambisiyalı olmağı mənə məhz o öyrədib”.
Kolinda müxtəlif kənd məktəblərində oxuyub. Və təhsil aldığı hər yerdə dərslərə marağı ilə seçilib. Məktəb müəllimləri və sinif yoldaşlarının sözlərinə görə, Kolinda boş vaxtlarını yaşıdları ilə oyun oynamağa yox, dərsdənkənar məşğuliyyətlərə həsr edirmiş.
15 yaşında ABŞ-ın mübadilə proqramına qoşulub və Amerikanın Los-Alamos şəhərində təhsilini davam etdirmək haqqı qazanıb.
Təhsil aldığı dövrdə amerikalı bir professorun ailəsində qalan gələcək prezident orada ingilis və ispan dillərinimənimsəyir. Dediyinə görə, ABŞ-da oxuyarkən qənaətcil həyat tərzi sürür, ikinci əl geyimlər alırmış.
Xorvatiya lideri ali təhsilini öz ölkəsində alıb. O, Zaqreb Universitetinin incəsənət fakültəsinə daxil olub. Təhsil aldığı illərdə paralel olaraq tərcümələr edərək pul qazanıb. 2000-ci ildə elə bu universitetdə beynəlxalq əlaqələr üzrə magistr dərəcəsinə yiyələnib.
Peşəkar karyerası 22 yaşında başlayıb. İlk olaraq Xorvatiyanın Elm və Texnologiya Nazirliyində məsləhətçi kimi çalışıb. Tələbə qızın fəallığı nazirlikdəki professorların nəzərindən yayınmayıb.
Keçmiş rəhbərinin dediyinə görə, həmin vaxt nazirlikdə peşəkar kadrlara böyük ehtiyac vardı və Kolindanın bilik və bacarıqları, həmçinin əzmkarlığı məmurların diqqətini cəlb etmişdi.
Karyerasını qurmaqla yanaşı, Kolinda peşə bacarıqlarını da inkişaf etdirirdi. Gələcək prezident ABŞ-ın Corc Vaşinqton Universitetinin, həmçinin Harvard Universitetinin nəzdindəki Kennedi adına idarəetmə məktəbinin təqaüdçüsü olub. Həmçinin Con Hopkins Universitetində dəvətli professor kimi çalışıb.
1995-ci ildə Xarici İşlər Nazirliyində Şimali Amerika departamentinin rəhbəri təyin olunub. İki il sonra isə Xorvatiyanın Kanadadakı səfirinin müşaviri kimi fəaliyyətə başlayıb.
Kolinda siyasətə 1993-cü ildə – Xorvatiya Demokratiya Birliyinə üzv olandan sonra maraq göstərməyə başlayıb. 2000-ci ildə hakimiyyətə sosial-demokratlar gələndə gələcək prezident bütün postlarını itirib. Lakin savadlı və aktiv kadr müxalifətə çəkilən partiya üçün gərəkli olub.
2003-cü ildə Xorvatiya Demokratiya Birliyi yenidən parlament seçkilərində qələbə qazanıb və Qrabar-Kitaroviç deputat seçilib. Yeni hökumət formalaşdırılarkən ona Avropaya inteqrasiya üzrə nazir postu təklif olunub.
İki il sonra isə xarici işlər naziri postuna təklif alan Kolindanın qarşısına vəzifə qoyulub – Xorvatiyanın Avropa Birliyi və NATO-ya inteqrasiyası.
Daha sonra o, Xorvatiyanın ABŞ-dakı səfiri olub. 2014-cü ildə isə prezident seçkilərinə qatılmağa qərar verib. Növbəti il seçkinin ikinci turunda səs faizinə görə o vaxtkı prezident İvo Yosipoviçi üstələyərək qələbə qazanıb.
Xanım Kitaroviç ingilis, ispan və portuqal dillərində sərbəst, fransız və italyan dillərində isə orta səviyyədə danışır.
Kolinda həyat yoldaşı Yakov Kitaroviçlə
Kolinda gələcək həyat yoldaşı Yakov Kitaroviçlə universitet illərində tanış olub. Cütlük 1996-cı ildə – Kolinda Xarici İşlər Nazirliyində işləyərkən ailə qurub. Sonrakı illər ev işlərinin əsas ağırlığı Yakovun üzərinə düşüb.
2001-ci ildə cütlüyünü Katarina adlı qızı dünyaya gəlib. İki il sonra isə oğulları Luka həyata göz açıb. Kolinda karyera qurmaqla məşğul olur, Yakov isə bütün vaxtını uşaqlarına həsr edirdi. Kolinda ABŞ-da səfir postunu tutanda diplomatik qəbullar üçün ərzaq bazarlığını da Yakov edirmiş.
Düzdür, Yakov Kitaroviç həyatından razı olduğunu, sevdiyi elm sahəsindən ayrılıb evdə qalmaq məcburiyyətində olmasından peşmançılıq keçirmədiyini deyir.
Uşaqları isə analarının bu qədər məşğul olmasından məmnun deyillər. Deyilənlərə görə, Kolinda prezident seçkilərinə qatılmaq qərarı verəndə oğlu bundan narahat olub və anasını bir daha görə bilməyəcəyindən qorxub.
«Uşaqlarımın məndən uzaqda böyüməsi peşmançılığından heç vaxt qurtula bilməyəcəm”, – deyə Xorvatiya lideri etiraf edib.
Atanın tərbiyəsi altında böyüməyin müsbət nəticələri də olub. Məsələn, Katarina 15 yaşında fiqurlu konkisürmə üzrə Xorvatiya çempionu olub. İdmanla yanaşı, Katarina dərslərində də yaxşı nəticələr göstərir. Bir müddət Belçikada təhsil alan Katarina daha sonra Zaqrebdəki ABŞ beynəlxalq məktəbinə daxil olub.
Xorvatiya prezidenti ölkəsində idmanın inkişafına böyük diqqət ayırır. Xüsusən də futbolun və qızı Katarinanın məşğul olduğu fiqurlu konkisürmənin.
2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Qrabar-Kitaroviçi tez-tez stadionların tribunasında milli komandaya azarkeşlik edərkən görmək olardı.
Xorvatiya finalda Fransa yığmasına məğlub oldu. Lakin Qrabar-Kitaroviçin xorvatiyalı oyunçulara göstərdiyi isti münasibət, onları Fransa və Rusiya prezidentləri ilə birgə təltif etməsi yaddaşlara həkk olundu.
Xorvatiya lideri katolik inancına sahibdir. Onun tez-tez dini məbədlərə baş çəkməsi jurnalistlərin diqqətindən yayınmayıb. Xanım Kitaroviç deyir ki, monastır və məbədlərdə olmaq ruhunu qidalandırır, onda nikbinlik və xalqına inam yaradır.
©Strateq.az