Azərbaycanda regionların inkişafı ilə bağlı ötən il görülən işlərə təqribi yekun vurmaq olar. Xatırladq ki, bu sahələrlə bağlı hökumətin bəlli hədəfləri, o cümlədən dövlət başçısının tapşırıqları vardı. Bunlar regionlarda yeni iş yerlərinin yaradılması və sərmayələrin yatırılmasıdır. Prezident İlham Əliyev keçirilən müşavirə və toplantılarda bir neçə dəfə bəyan edib ki, icra başçılarının əaliyyəti məhz bu göstəricilər əsasında qiymətləndiriləcək. FED.az 2017-ci ilin ilkin nəticələrinə əsasən, bölgələrdə nə qədər investisiya yatırıldığını araşdırıb.
Beləliklə, Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ilin ilk 9 ayında Azərbaycana ümumilikdə 11,8 milyard manat yatırılıb. Bunun 3,6 milyard manatı dövlətin, 8,3 milyard manatı isə özəl sektorun payına düşür. Dövlət investisiyaları əvvəlcədən planlaşdırıldığına və rayondakı investisiya mühitindən asılı olmadığına görə, bu yazıda onlara toxunmayacağıq. Əsas məsələ, özəl investisiyaların ölkənin regionların arasında necə bölünməsidir.
DSK-nin FED.az-a açıqladığı məlumatlara görə, ölkəyə yatırılan özəl investisiyaların 7,1 milyard manatı və ya 86%-i Bakının və Abşeron yarımadasının payına düşür. Ölkənin digər bölgələrinə isə ümumilikdə 1,2 milyard manat yatırılıb.
Ən çox investisiya cəlb edən rayonlar
Rəsmi məlumatlara görə, ötən il özəl sektor tərəfindən ən çox pul Gəncəyə yatırılıb - 153,1 milyon manat. Detallar açıqlanmasa da, böyük ehtimalları bu vəsaitin əhəmiyyətli hissəsi ötən il burada inşa edilən «Grand Qafqaz» Ticarət Kompleksi, tikintisi başa çatmaqda olan «Gəncə Mall» Ticarət Mərkəzi, eləcə də yeni tikilən «Majestic Palace» hotelinə sərf edilir.
Özəl sektorun yatırımlarına görə, ikinci yeri son illər turizm və kənd təsərrüfatı mərkəzinə çevrilməkdə olan Şamaxı tutur. İlk 9 ayda bu rayona 51 milyon 329 min manat yatırım edilib. Əsas yatırımlar burada yeni salınan üzüm sahələri ilə bağlıdır.
İnvestisiya həcminə görə üçüncü yeri ölkənin qərb qurtaracağında yerləşən Ağstafa rayonu tutur. Ötən ilin ilk 9 ayında bu rayona 50 milyon 781 min manat özəl investisiya qoyulub. Amma ən maraqlısı odur ki, bu vəsaitin düz 21 milyonu xarici investorlar tərəfindən yatırılıb.
Rayon icra hakimiyyətinin rəsmi saytından belə məlum olur ki, yatırımın əsas müəllifləri özündə 7 müəssisə, eləcə də istixana kompleksini birləşdirən “Karvan-L” EKO Sənaye Parkıdır. İəndiyədək Sənaye Parkınının tikintisi üçün 7 milyon manat vəsait qoyulub. Rayonda Ağstafa taxıl və un məmulatları kombinatı da tikilir. Burada 3 zavod - “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodları olacaq. İndiyədək bu işlərə 26 milyon manat investisiya qoyulub. Bundan başqa, Saloğlu firması da rayonda “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” inşa etməyə hazırlaşır. mebel şəhərciyinin tikintisinə 128,7 milyon manat yatırılacaq.
50 milyon manatdan artıq investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Gəncə şəhəri |
153103,3 |
Şamaxı rayonu |
51329,6 |
Ağstafa rayonu |
50781,0 |
Özəl sektorun yatırımlarının həcminə görə sonrakı yerləri Lənkəran rayonu (33 milyon 752,7 min manat), yeni sənaye parkının yaradıldığı Mingəçevir şəhəri (20 milyon 17 min manat) və İsmayıllı rayonu (20 milyon 778 min manat) tutur. Böyük ehtimalla bu rayonların rəhbərləri iş adamları ilə əlaqə tapa bilblər.
20 milyon manatdan artıq investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Lənkəran şəhəri |
33752,7 |
Mingəçevir şəhəri |
29017,0 |
Sumqayıt şəhəri |
23575,6 |
İsmayıllı rayonu |
20778,7 |
Ölkənin 6 rayon və şəhərində özəl sektorun yatırımları 10 milyon manatdan yüksək olub. Bakıya aparan yolun üstündəki əlverişli mövqeyi olan Hacıqabula 17,3 milyon manat yatırılıb. Əhalisi sahibkarlıqla seçilən və hazırda istixana mərkəzinə çevrilmiş Şəmkir rayonu isə 16,7 milyon dollar yatırım cəlb edib. Son illər meyvəçilik, tüünçülük və fındıq sahələrinin sürətlə artdığı Zaqatala və Balakən rayonlarına 14-15 milyon manat yatırılıb. Bu artımların fonunda həm sahəsi, həm əhalisi böyük olan, ölkənin iqtisadi mərkəzi olan Bakıya bitişik yerləşən Abşeron rayonuna yatırılan cəmi 12,5 milyon manat olduqca az görünür. Ağsu rayonuna yatırılmış 10,6 milyon manat Abşeronun göstəricisindən məbləğcə az olsa da, daha effektiv təsir bağışlayır.
10 milyon manatdan artıq investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Hacıqabul rayonu |
17335,5 |
Şəmkir rayonu |
16650,5 |
Zaqatala rayonu |
14991,5 |
Balakən rayonu |
13667,6 |
Abşeron rayonu |
12558,6 |
Ağsu rayonu |
10625,1 |
Daha 9 rayon da investisiyaların məbləği ilə öyünə bilər. 5-10 milyon manat arasında yatırım edilən rayonların demək olar ki, hamısı hazırda ölkədə aktiv inkişaf etdirilən sahələr üzrə ixtisaslaşıb. Kənd təsərrüfatı, turizm, kənd təsərrüfatı məhsullarının emalı, sənaye müəssisələri və s. Bu sırada xüsusilə Astaraya böyük məbləğdə investisiyanın yatırılması diqqəti çəkir.
5-10 milyon manat investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
İmişli rayonu |
9227,2 |
Göyçay rayonu |
8960,4 |
Qəbələ rayonu |
7835,0 |
Xaçmaz rayonu |
6901,0 |
Astara rayonu |
6753,0 |
Bərdə rayonu |
6070,0 |
Kürdəmir rayonu |
5305,7 |
Cəlilabad rayonu |
5055,8 |
Tovuz rayonu |
5018,7 |
Növbəti 13 rayonun nəticələrini ortabab saymaq olar. Daha sadə desək, il ərzində yatırılmış olan 2-5 milyon manat arasındakı investisiyanı digər cəhətlərdən asılı olaraq həm yaxşı, həm də pis nəticə saymaq mümkündür. Belə ki, bu rayonlar arasında investisiya imkanları kiayət qədər olan bölgələr var. Bəzi rayonlar coğrafi şəraiti, turizm imkanları, kənd təsərrüfatı imkanları sayəsində daha böyük yatırım cəlb edə bilərdilər. Bu siyahıda yaxşı nəticə olaraq Masallı rayonunu və o qədər də böyük olmayan Siyəzən və Samux rayonlarını qeyd etmək mümkündür. Ərazisinin yarısından çoxu işğal altında olan Füzuli rayonuna yatırılan 2,1 milyon manatlıq investisiya da, cəbhə bölgəsinə qoyulduğundan daha qiymətli sayıla bilər.
2-5 milyon manat investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Masallı rayonu |
4605,0 |
Siyəzən rayonu |
3931,5 |
Samux rayonu |
3831,3 |
Şirvan şəhəri |
3765,0 |
Qazax rayonu |
3681,0 |
Ağdaş rayonu |
3342,9 |
Yevlax şəhəri |
3250,0 |
Ağcabədi rayonu |
2859,5 |
Sabirabad rayonu |
2805,0 |
Biləsuvar rayonu |
2706,0 |
Şəki şəhəri |
2523,8 |
Füzuli rayonu |
2130,0 |
Oğuz rayonu |
2020,0 |
Qarşıdakı 10 rayonda isə yatırımlar açıq-aşkar azdır. Bu siyahıdakı istənilən rayon (ola bilər Lerik və Tərtər rayonları istisna olmaqla) öz potensialına görə, il ərzində 5 milyon manatdan artıq vəsait cəlb etmək gücündədir. Yuxarıdakı siyahıya aid yazılanlar bu siyahı üçün də keçərlidir. Həm sahəsinə, həm də iqtisadi imkanlarına görə, münbit sayıla bilən bu rayonlarda daha artıq yatırım olması gözlinilirdi.
1-2 milyon manat investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Salyan rayonu |
1867,8 |
Beyləqan rayonu |
1832,0 |
Qax rayonu |
1817,3 |
Lerik rayonu |
1747,5 |
Saatlı rayonu |
1720,4 |
Qusar rayonu |
1531,5 |
Tərtər rayonu |
1409,5 |
Xızı rayonu |
1371,0 |
Göygöl rayonu |
1148,0 |
Quba rayonu |
1106,8 |
Qarşıdakı 11 rayonun isə yatırım sahəsində olduqcu böyük problemləri var. Sahəsinin yarısı işğal altında olan Ağdam rayonu istisna olmaqla digər rayonların hamısı azı 2-3 qat artıq özəl investisiya cəlb etmək imkanındadır. Xüsusilə Bakıdan 2 saatlıq məsafədə yerləşən Şabran v Qobustan rayonlarına belə az vəsait yatırıldığını heç cür izah etmək mümkün deyil. Bu rayonlara Bakıdakı 2 otaqlı evin qiyməti qədər pul qoyulub.
Turizm mərkəzinə çevrilməkdə olan Naftalanda da il ərzində cəmi 240 min manat cəlb edib. Halbüki bu rayon turistlərin ən çox ziyarət etdiyi müalicəvi turizm zonalarındandır. Ölkənin ucqar rayonlarından olsa da, Daşkəsənə 9 ayda yatırılan cəmi 157 min manat yatırım da qeyri-ciddi görünür.
1 milyon manatdan az investisiya yatırılan rayonlar
Rayon-şəhər |
Məbləğ (min manat) |
Neftçala rayonu |
756,0 |
Yardımlı rayonu |
687,0 |
Ucar rayonu |
654,5 |
Zərdab rayonu |
474,0 |
Ağdam rayonu |
313,0 |
Goranboy rayonu |
310,0 |
Naftalan şəhəri |
239,4 |
Gədəbəy rayonu |
157,7 |
Qobustan rayonu |
110,0 |
Daşkəsən rayonu |
104,4 |
Şabran rayonu |
80,0 |
Beləliklə, Azərbaycanda 21 rayona özəl sektorun yatırımları 2 milyon manata çatmır. Digər xüsusiyyətləri nəzərə almasaq, bu ərazilərdə ötən il investisiya durğunluğunun hökm sürdüyünü demək olar. Xüsusilə axırıncı siyahılakı rayonlarda böyük ehtimalla sahibkarlarla, özəl sektorlar iş olduqca aşağı səviyyədə qurulub, ya da iş adamları, yerli administrasiyaya o qədər də inamla yanaşmırlar. Vəziyyəti dəyişmək üçün özəl sektorla müqasibətlərə yenidən baxılmasına, ciddi islahatların aparılmasına ehtiyac var.