Koronavirus pandemiyası ilə mübarizə üçün ötən il görülən tədbirlərə baxcmayaraq, 2020-ci ildə virus ölkə iqtisadiyyatına ciddi mənfi təsirini göstərib. Neft Fondunun aktivlərindən tutmuş, ölkədə orta aylıq əmək haqqı, idxal ixrac göstəricilərinədək bütün əsas iqtisadi rəqəmlərə təsir edib.
FED.az Nazirlər Kabinetinə istinadən bildirir ki, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən təxminən 1,5 milyard manat məbləğində vəsait ayrılmış, habelə 2020-ci ilin dürüstləşdirilmiş dövlət büdcəsində bu tədbirlər üçün əlavə 369 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdu.
Bununla belə, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı 3,9 faiz, əlavə dəyərin həcmi neft-qaz sektorunda 6,4 faiz, qeyri neft-qaz sektorunda isə 2,4 faiz azalıb, əsas kapitala 3,8 faiz az vəsait yönəldilib. 2020-ci ilin 9 ayında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8 faiz, idxalın həcmi isə 24,6 faiz azalıb.
Dövlət Neft Fondunun aktivlərində ilin əvvəli ilə müqayisədə 0,1 faiz azalma olub.
Ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz, əhalinin banklardakı əmanətləri isə 8,0 faiz azalıb.
Nazirlər Kabineti bildirib ki, hazırda ölkədə pandemiyanın davam etməsi və son dövrlərdə xəstəliyin səviyyəsinin artması bu istiqamətdə hökumətdən əlavə iqtisadi və sosial dəstək paketinin icrasını, zərər çəkən iqtisadi sahələrin və sahibkarlıq subyektlərinin dəstəklənməsini və qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri edir.
«Habelə, digər ölkələrdə də davamlı olaraq infeksiyanın sürətlə yayılmasının müşahidə edilməsi ölkə ərazisində sərt karantin tədbirlərinin yenidən tətbiqini və sosial təcrid tədbirlərinin sərtləşdirilməsini labüdləşdirir. Bu cür tədbirlər iqtisadi fəallığı daha da zəiflətməklə və işsizlik risklərini artırmaqla bərabər, dövlət büdcəsindən və digər mənbələrdən bu istiqamətdə əlavə olaraq daha böyük həcmdə vəsaitlərin ayrılmasını və büdcənin maliyyə yükünün artmasını şərtləndirir.
Respublikamızda insanların sağlamlığının qorunması, daha az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir».