Azərbaycan hökuməti ölkənin ən böyük bankı olan, dövlətə məxsus «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin özəlləşdirilməsi ideyasından imtina edir.
FED.az xəbər verir ki, bu gün, fevralın 12-də prezident İlham Əliyev Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması ilə bağlı 2015-ci ildə verdiyi fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
ABB ötən il 800 milyon manata yaxın - BİZNES KREDİTİ VERİB
2015-ci il 15 iyul tarixində imzalanmış fərman «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» idi. Başqa sözlə, əvvəlki fərman bankın sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanmasını nəzərdə tuturdu.
Bu günkü fərmana əsasən əvvəlki fərmandan 3 bənd (3.3-cü, 3.4-cü və 4.2-ci maddələr) çıxarılıb. Bu bəndlərin hamısı bankın özəlləşdirilməsi ilə bağlı idi.
Həmin bəndlərdə deyilirdi ki:
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görsün;
3.4. restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı:
4.2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etsin.
Qeyd edək ki, əvvəlki fərmanın verildiyi dövrdə Beynəlxalq Bankın idarəçiliyində və bunun nəticəsi olaraq maliyyə vəziyyətində ciddi problemlər yaranmışdı.
ABB-dən vergi xidməti işçiləri üçün - KREDİT KAMPANİYASI - ŞƏRTLƏR
Ötən dövrdə bankın rəhbər komandası dəyişdirilib, burada ciddi struktur və kadr islahatları aparılıb, bankın problemli aktivləri «təmizlənib», kredit portfeli sağlamlaşdırılıb, yeni strategiyası qəbul edilib və onun reallaşdırılmasına başlanılıb.
Bankın valyuta mövqeyi və digər əmsallar üzrə göstəriciləri də mökəmlənib. Təsadüfi deyil ki, xarici reytinq agentliklərinin hesabatına əsasən, bank – hətta dolların məzənnəsinin dəyişməsi nəticəsində yarana biləcək «valyuta şoku»na davam gətirmək gücündədir.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
Nəticədə Azərbaycan Beynəlxalq Bankı 2017-ci ili 826 milyon manat, 2018-ci ili 299 milyon manat, 2019-cu ili 216 milyon manat, 2020-ci ili 179 milyon manat, 2021-ci ili isə 209 milyon manat xalis mənfəətlə başa vurub. Bu ölkənin bank sektorunda ən yüksək göstəricidir.
Azərbaycan bankları 2021-i belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
Bir neçə illik fasilədən sonra bank öz səhmdarlarına yenidən dividend ödəməyə başlayıb. Prezidentin 22 sentyabr 2021-ci il tarixli fərmanı ilə isə Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Görünür, bankın uğurlu idarəçiliyi, mənfəətlə çalışması və səhmdarlarına, dövlətə normal gəlir gətirməsi nəticəsində hökumət onun özəlləşdirilməsi planlarını dəyişib.