Bu gün «Diqlas» Ticarət Mərkəzində yanğın və burada sahibkarlara böyük maddi zərər dəyməsi ilə bağlı prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ticarət mərkəzində təhlükəsizlik tədbirlərinin görülməməsinə görə, Nizami Raon icra hakimiyyətini və «Diqlas»ın rəhbərliyini ittiham edib.
Eləcə də bax:Onlara güzəştli şərtlərlə kreditlər verilməlidir"
Nazir bildirib ki, FHN tərəfindən 2015-ci ildən başlayaraq «Diqlas» ticarət mərkəzinə və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın və digər təhlükəsizlik tədbirləri görülməyib, o cümlədən bu məqsədlə tələb olunan hidratlar qoyulmayıb.
Nazirin bu bəyanatı bir qədər təəccüb doğurur, məsələ bundadır ki, yanğın təhlükəsizliyi ilə bağlı məsələlərlə birbaşa olaraq FHN özü məşğul olur və TM-də təhləkəzlik tədbirlərinin görülməsinə nəzarət də nazirliyin müvafiq qurumları tərəfindən aparılır.
FED.az məsələni aydınlaşdırmaq üçün FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı ilə əlaqə saxlayıb. «Təhlükəsizlik tədbirləri görülmədiyi halba bu obyektlər fəaliyyətlərini necə davam etdirirlər? Sualına cavab olaraq Y.Babanlı bildirib ki, nazirlik buna nail olmaq üçün ondan asılı olan bütün tədbirləri görüb, tələblərə cavab verməyən obyektlərinə fəaliyyətinə müdaxilə edilməsi isə sahibkarlıq sahəsində yoxlalamaların qadağan edilməsi haqqında qanuna görü mümkün deyil.
- Bu təşkilat təhlükəsizlik tədbirləri görmədiyi halda necə olub ki, onlar fəaliyyətlərini davam etdirə biliblər?
- Məsələ ondan ibarətdir ki, biz mütəmadi olaraq şəhər və rayon icra hakimiyyətlərinə ümumiyyətlə tövsiyə xarakterli məktublar göndəririk.
O cümlədən iri ticarət mərkəzlərinə ki, onlara istiqamət verilsin (yəni icra hakimiyyəti orqanları tərəfindən) və müvafiq təhlükəsizlik sistemlərini təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülsün.
Sahibkarlıq subyektərində də yoxlamaların aparılması, onların fəaliyyətinə müdaxilə arzuolunmazdır, o nöqteyi-nəzərdən bizim tərəfimizdən görülməli bütün işlər, vaib tədbirlər həyata keçirilib.
- Amma həmin qanunda yazılır ki, əhalinin həyat və təhlükəsizliyinə təhlükə yarandığı hallarda yoxlama aparmaq mümkündür. Haqqında danışılan halda isə belə təhlükə var.
- Biz ümumiyyətlə binalar və digər obyektləri təhvil alanda, yanğın təhlükəsizliyi qurğuları və sistemləri, ümumiyyətlə FHN-nin fəaliyyət dairəsinə aid məsələlərə ciddi yanaşırıq və onlar öz əksini tapandan sonra onlara rəy, yəni istismara icazə verilir.
Sadəcə olaraq elə qurğular və sistemlər var ki, onların mütəmadi nəzarət olunmasına və təkmilləşdirilməsinə ehtiyac var. Həm də 2015-ci ildən sonra mütəmadi olaraq bütün dediyim cavabdehlik daşıyan qurumlara, orqanlara və şəxslərə tövsiyə xaakterli məktublar yazılıb.
- Sahibkar bu məktublara əməl etməyəndə FHN onlara qarşı hər hansı addım atıbmı? Məsələn, onlar cərimələnibmi və ya çatışmazlıqlar aradan qaldırılana qədər onların fəaliyyətinin dayandırılmısı ilə bağlı məhkəməyə müraciət edilibmi?
- 2015-ci ildən sonra sahibkarlıq subyektlərinə birbaşa müdaxilə etmirik. Sadəcə çalışırıq ki, hər hansı binaya istismara təhvil aktı veriləndə bütün parametrlərə nəzarət edirik. Sonradan isə təlimat və qaydalara riayət olunması ilə bağlı, onsuz da tədbirlər görülür - təlim, məşğələ, müşavirə və sair keçirilir. Biz hər bir obyktə bir nəzarətçi yerləşdirə bilmərik ki, gedib ayrıca nəzarət etsin.
Həm də yoxlamanın da bir dövrü var, biz hər gün yoxlama keçirə bilmərik axı. Onun keçdiyi müddət var, ola bilər ki, biz bu gün baxaq ki, orada sistem işlək vəziyətdədir, biz oranə tərk edəndən sonra məsuliyyətsizlik edirlər, ya sistemin fəaliyyətini dondururlar, ya da laqeyd qalırlar və sistemi sıradan çıxır.
Qeyd edək ki, FHN nümayəndəsinin davamlı istinad etdiyi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu da təhlükəsizlik tədbirlərinin görülmədiyi «Diqlas» Ticarət Mərkəzi və onun kimi digər obyktlərdə yoxlama və araşdırma aparılmasını qadağan etmir. Qanunun 10-cu maddəsində (Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi) göstərilir ki, Sahibkarda plan üzrə yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. Həmin maddəyə əsasən, risk qrupundan asılı olaraq yoxlamalar ildə bir dəfə, iki ildə bir dəfə və 3 ildə bir dəfə aparıla bilər. Başqa sözlə, nazirin müşavirədə səsləndirdiyi 2015-ci ildən indiyədək «Diqlas»da indiyədək azı bir dəfə, xəbərdarlıq məktublarına cavab verilmədiyini və təhləkəsizlik tələblərinin yerinə yetirilmədiyini nəzərə aldıqda isə azı 2 dəfə yoxlama aparılmalı idi.
Bundan başqa, qanunun 16-xı maddəsində (Plandankənar (növbədənkənar) yoxlama) göstərilir ki, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda həmin obyektlərdə yoxlamalar aparmaq olar.
Amma belə yoxlamalar və TM-in idarəçilərinə qarşı heç bir inzibati tədbirlər görülməyib, icrası məcburi olan göstərişlər verilməyib. Nəticədə ilkin ehtimallara görə, məhz təhlükəsizlik tədbirlərin lazımi səviyyədə görülməməsi, yanğının vaxtında söndürülməsinə mane olmaqla, ağır maddi itkilərə səbəb olub.