Xəbər verildiyi kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin də Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;
2.0.2. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;
2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
2.0.4. Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etmək;
2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;
2.0.6. daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək;
2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək;
2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;
2.0.9. daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək;
2.0.10. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
2.0.11. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq.
3. Xidmətin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
3.0.2. müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
3.0.3. dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
3.0.4. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;
3.0.5. dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək;
3.0.6. Dövlət Əmlakının Registrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək;
3.0.7. dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Nazirlik vasitəsilə aidiyyəti orqanlarla razılaşdırılmış təqdimat vermək və qəbul olunmuş qərar əsasında əmlakın bələdiyyə mülkiyyətinə verilməsini həyata keçirmək;
3.0.8. Nazirliklə razılaşdırmaqla, Azərbaycan Respublikasının adından əmlakın alınmasını və dövlət əmlakının satılmasını təşkil etmək;
3.0.9. dövlətə məxsus olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitin) satılmasına Nazirliklə razılaşdırmaqla razılıq vermək;
3.0.10. əsas fondların təzələnməsi, yenidən qiymətləndirilməsi, amortizasiya normalarının hazırlanması ilə əlaqədar Nazirliyə təkliflər vermək və onların tətbiq edilməsində iştirak etmək;
3.0.11. Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.12. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınar əmlakın, eləcə də dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsinə dair razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.13. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət əmlakının və dövlətə məxsus olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitin) girov (ipoteka) qoyulmasına razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.14. dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadəyə nəzarət etmək və dövlət orqanlarının (qurumlarının) yerləşdirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.0.15. dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək;
3.0.16. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək;
3.0.17. dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda digər əmlakın hərraclarda satışını təşkil etmək;
3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;
3.0.20. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq;
3.0.21. kadastr uçotuna alınması məqsədilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;
3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;
3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
3.0.24. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;
3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;
3.0.26. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;
3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;
3.0.28. dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;
3.0.29. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Nazirliklə razılaşdırmaqla dövlət təşkilatları tərəfindən dövlətə məxsus olan hüquqi şəxslərin (o cümlədən onların filial və nümayəndəliklərinin) yaradılmasına, yenidən təşkilinə, ləğv olunmasına və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq vermək;
3.0.30. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini Nazirliyə təqdim etmək;
3.0.31. Nazirliyin müəyyən etdiyi hallarda dövlətə məxsus olan hüquqi şəxslərin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla) və iştirakçısı kimi çıxış etmək;
3.0.32. Nazirliklə razılaşdırmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin yenidən təşkili barədə qanunla müəyyənləşdirilmiş qaydada qərar qəbul etmək, onların dövlət qeydiyyatına alınmasını və özəlləşdirilməsini təmin etmək;
3.0.33. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitin) balansdan balansa verilməsinə razılıq vermək və silinməsinə dair rəy vermək;
3.0.34. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyəti üçün lazımsız və yararsız olan əmlakı onların müraciətləri əsasında sərəncama götürmək, habelə dövlətə məxsus olan hüquqi şəxslərin tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək;
3.0.35. dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan hüquqi şəxslərin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək və bu zaman dövlətə məxsus əmlakın satışını təşkil etmək;
3.0.36. dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;
3.0.37. Nazirliklə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.0.38. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Nazirliklə razılaşdırmaqla birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət payının özəlləşdirilməsi barədə əqdlər bağlamaq və alıcılara həmin payın satılmasına dair şəhadətnamələr vermək;
3.0.39. özəlləşdirməyə açıq elan edilmiş dövlətə məxsus olan hüquqi şəxslərə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin hüquqi şəxslərə verilən maliyyə və texniki yardımların əlaqələndirilməsinə, həmin məsələlərlə əlaqədar verilmiş xarici kreditlərdən (yardımlardan) məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.0.40. dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil etmək, bu barədə müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;
3.0.41. dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirməqabağı və özəlləşdirilmiş hüquqi şəxslərin investisiya qoyuluşu imkanları haqqında məlumat bankı yaratmaq, potensial investorlar arasında həmin hüquqi şəxslərin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil etmək;
3.0.42. özəlləşdirməyə açıq elan edilmiş dövlətə məxsus olan hüquqi şəxslərə investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər görmək, bu məsələlərlə əlaqədar investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını aparmaq, investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu barədə rəy vermək, özəlləşdirməyə açıq elan edilmiş dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi ilə bağlı həmin hüquqi şəxslərə investisiyaların cəlb edilməsi sahəsində bağlanılmış müqavilələrin icrası zamanı dövlət mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;
3.0.43. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarında, dövlətə məxsus olan hüquqi şəxslərdə və ya nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə dövlətin maraqlarını təmsil etmək;
3.0.44. dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə məxsus daşınar və daşınmaz əmlakın satılmasına, icarəyə verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə razılıq vermək;
3.0.45. dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və hüquqi şəxslərin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra hüquqi şəxslərin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsiletmə xərclərinin ödənilməsi məqsədilə istifadə etmək;
3.0.46. dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək;
3.0.47. özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək;
3.0.48. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək;
3.0.49. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;
3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;
3.0.51. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini tənzimləyən sənəd nümunələri hazırlamaq və təsdiq olunmaq üçün Nazirliyə təqdim etmək, müsabiqələri və hərracların keçirilməsini təşkil etmək;
3.0.52. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək;
3.0.53. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq;
3.0.54. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək;
3.0.55. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə milli hesabatı hazırlamaq;
3.0.56. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;
3.0.57. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək;
3.0.58. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad stansiyaları şəbəkəsinin yaradılmasını, istismarını təşkil etmək və şəbəkə xidmətinin fasiləsizliyini təmin etmək;
3.0.59. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq;
3.0.60. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla, aidiyyəti üzrə təqdim olunması üçün Nazirliyə təqdim etmək;
3.0.61. kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
3.0.62. şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin layihəsinə, ümumi və baş planlara dair təkliflər vermək;
3.0.63. torpaq bazarını təşkil etmək, torpaq bazarında qiymətləri əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşdırmaq, torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanılmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etmək;
3.0.64. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat, axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində tədbirlər görmək;
3.0.65. müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;
3.0.66. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə təkliflər vermək;
3.0.67. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;
3.0.68. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;
3.0.69. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək, habelə konfransların, seminarların, treninq kurslarının keçirilməsini təşkil etmək;
3.0.70. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.71. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görmək;
3.0.72. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.73. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.0.74. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.75. Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.0.76. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.0.77. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
3.0.78. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.0.79. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirmək.
4. Xidmətin hüquqları
4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək;
4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək;
4.0.3. Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək;
4.0.4. Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.6. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
4.0.7. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.0.8. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
4.0.9. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
4.0.10. strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.0.11. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
4.0.12. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbuat orqanının təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək;
4.0.13. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhətlər və izahlar vermək;
4.0.14. dövlətə məxsus olan hüquqi şəxslərə fəaliyyətlərinin tənzimlənməsi ilə əlaqədar icrası məcburi olan göstərişlər vermək;
4.0.15. torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq;
4.0.16. torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunla müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlər görmək, rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırmaq, məhkəmədə iddiaçı qismində çıxış etmək;
4.0.17. ölkə ərazisində həyata keçirilən aerofotoplanaalma işlərinin nəticələrinə dair məlumatlardan istifadə etmək;
4.0.18. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;
4.0.19. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müqavilələr bağlamaq, strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən Nazirliklə razılaşdırmaqla istifadəni təmin etmək;
4.0.20. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hüquqları yerinə yetirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
5.2. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir.
5.3. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Rəisin Azərbaycan Respublikasının Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 (dörd) müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Rəis:
5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Nazirliklə razılaşdırmaqla, müavinləri arasında vəzifə bölgüsü aparır;
5.5.3. Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq olunması üçün Nazirliyə təqdim edir;
5.5.5. Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.6. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.7. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərinə qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir, işçilərin ixtisasının artırılması, eləcə də onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
5.5.8. xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət təltifləri ilə təltif olunması məqsədilə təqdimat verilməsi üçün Nazirliyə müraciət edir;
5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.10. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.11. Xidmətə dövlət büdcəsindən, büdcədənkənar və qanunda nəzərdə tutulmuş digər mənbələrdən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və həmin vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
5.5.12. Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər;
5.5.13. Xidmətin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir;
5.5.14. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;
5.5.15. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.
5.6. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Xidmət öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.