Xəbər verildiyi kimi, prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanları ilə Azərbaycanda dövlət idarəçiliyində bir sıra ciddi dəyişikliklər edilib, bir nazirlik, bir neçə agentlik və dövlət qurumu ləğv edilərək bir qurumda birləşdirilib. Bu yeniliklərə münasibətini açıqlayan iqtisadçı ekspert Rövşən Ağayev struktur islahatlarının daha da genişlənməsini və dərinləşməsini, ümumiyyətlə idarəetməyə yanaşmanın dəyişməsini vacib sayır:
«Ölkə prezidenti büdcədən maliyyələşən, hər biri az qala nazir səviyyəsində bir rəisin kreslosuna qucaq açan xeyli dövlət qurumunu ləğv edib. Hələ 2-3 gün əvvəl 2018-ci ilin iqtisadi yekunları ilə bağlı keçirilən toplantıda bunun anonsu da verilmişdi -prezident struktur islahatların başlanacağını bəyan etmişdi.
Bu addımlar çox önəmlidir - illərdi icitimai rəydə bu təkliflər dönə-dönə vurğulanır. Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur.
Amma rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf eləmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək.
Problemi kökündən həll eləmək lazımdır - idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır. Yəni lazımsızları ləğv eləmək, lazımlıların isə sosial-iqtisadi sahədə lokal səlahiyyətlərini seçkili yerli orqanların xeyrinə məhdudlaşdırmaq çox mühümdür.
Yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurmlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlirlər.
Sosial-iqtisadi ehtiyacları nazir və icra başçılarının kabinetlərində yox, açıq və kollektiv müzakirələr aparılan yerli parlamentlərdə (bələdiyyə şuralarında) müəyyən edilməli, ehtuyac olan vəsaiti də hamının gözü qabağında xərclənən yerli büdcələrdən ayırmaq lazımdır.
Gerçək iqtisadi inkişafın yolu tarazlı regional inkişafdan, əksmərkəzləşmədən, demokratik yerli özünüidarə sisteminin qurulmasından keçir».