Azərbaycan əhalisinin prezident İlham Əliyev və Prezident Administrasiyasına şikayətlərinin mövzu və ünvanları açıqlanıb.
FED.az xəbər verir ki, dövlət başçısına müraciətləri detallarını Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuata məqaləsində açıqlayıb.
İctimai-siyasi məsələlərə də öz münasibətini bildirən vətəndaşlar Azərbaycanda sosial şəbəkələrdə yol verilən, ölkənin, xalqın imicinə xələl gətirən, bəzən bütün etik və siyasi davranış qaydalarını pozan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edir, televiziya proqramlarında xalqımızın milli-mənəvi dəyərlərinə uyğun gəlməyən verilişlərin qarşısının alınmasına dair təklif, fikir və düşüncələrini bildirirlər.
Təhsil, səhiyyə və sosial məsələlərlə bağlı təkliflərdə vətəndaşlar bu sahələrin inkişafı barədə öz mülahizələrini və arzularını bildirir, o cümlədən ölkə üzrə "Yeni məktəb modeli necə olmalıdır” adlı müsabiqə elan edilməsini, orta təhsil sistemində aparılan islahatların davam etdirilməsini, həmçinin müəyyən kənd məktəblərinin təmiri və daha müasir avadanlıqlarla təmin olunmasını, icbari tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklərin siyahısının və proqramın tətbiq dairəsinin daha da genişləndirilməsini təklif edirlər.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də az deyil.
Kənd təsərrüfatına aid müraciətlərdə arıçılığın inkişafı, bal və bal məhsullarının satışı yarmarkalarının ilboyu təşkili, həmin məhsulların xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin davam etdirilməsi, emal müəssisələrinin sayının daha da artırılması barədə təkliflər diqqəti cəlb edir.
Ekologiya məsələlərinə aid müraciətlərdə şoranlaşmış torpaqların bərpasının, ekoloji mühitin tənzimlənməsinin, Xəzər dənizində çirklənmənin qarşısının alınmasının, dənizin fauna və florasının qorunmasının davam etdirilməsi barədə fikir və mülahizələr bildirilir.
Vətəndaşlar bəzi ucqar kəndlərdə gənclərin asudə vaxtını daha səmərəli keçirmələri üçün əlavə istirahət yerlərinin açılması, mədəniyyət ocaqlarının, tibb məntəqələrinin səmərəli fəaliyyəti üçün daha yaxşı şərait yaradılması barədə yazırlar.
Təkliflərin bir qismində "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsi barədə fikirlər səsləndirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmiş görkəmli siyasi xadimlərin, bu işdə xüsusi xidmətləri olan ziyalılarımızın xalqa daha yaxşı tanıdılması, xatirələrinin yaşadılması da verilən təkliflər sırasındadır.
Vətəndaşlarımız əmin ola bilərlər ki, cəmiyyətin inkişafına xidmət edən təkliflər bundan sonra da diqqət mərkəzində olacaqdır.
2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalmışdır.
Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artmışdır.
Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olmuşdur.
Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir və onlar bu imkandan daha geniş yararlanırlar.
Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.
Ümumiyyətlə, 2018-ci ildə daxil olan müraciətlərin ümumi sayının vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azaldığını xüsusi qeyd etməliyik. Bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, şəhər, rayon İHB aparatlarının fəaliyyəti, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqçuların sosial müdafiəsi, əmək mübahisələri və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir.
Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır.
Prezident Administrasiyasına daxil olan müraciətlərin azaldığı sahələrdən biri də əhalinin sosial müdafiəsinin əsas istiqamətlərindən olan məşğulluq və işlə təmin olunma məsələləridir.
Ötən illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının azaldığı mövzulardan biri də kənd təsərrüfatı məsələləridir. Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olmuşdur.
Kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq islahatlarının davam etməsinə baxmayaraq məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də çoxdur. Bununla belə, Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı ötən il artmışdır. Müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar. Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apelyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir.
Hüquq mühafizə orqanlarının fəaliyyətinə dair müraciətlərin arasında prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər xüsusi yer tutur.
Ötən il prokurorluq orqanlarında 29 mindən artıq vətəndaş qəbul edilib, onların müraciətləri əsasında 6400-dən çox vətəndaşın pozulmuş hüquqları bərpa olunub. Ötən il 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 6 nəfər orqandan xaric olunub, 8 nəfər vəzifədən azad edilib, 16 nəfərə töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib.
Prokurorluq orqanlarının fəaliyyəti barədə Prezident Administrasiyasına Bakı şəhərinin Xətai, Qaradağ, Nəsimi, Nizami, Səbail, Suraxanı rayonlarından, həmçinin Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Biləsuvar, Cəlilabad, Daşkəsən, Kürdəmir, Quba, Laçın, Lerik, Masallı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çox olub.
Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyil. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.
Vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərmiş, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci illə müqayisədə 11,2 faiz azalmışdır. Bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görüləsi işlərin hələ çox olduğunu göstərir.
Gömrük sahəsində aparılan islahatlar və sağlamlaşdırma prosesinin nəticələri vətəndaş müraciətlərində də əksini tapmışdır. Bu mövzu üzrə şikayətlər faiz etibarilə azalmışdır. Buna baxmayaraq, 2018-ci ildə bəzi gömrük-keçid məntəqələrinin fəaliyyəti barədə şikayətlər daxil olmuşdur.
Gömrük sahəsində aparılan islahatlar, innovasiya layihələrinin həyata keçirilməsi 2019-cu ildə vətəndaş məmnunluğunun təmin edilməsinə və bu qəbildən olan müraciətlərin azalmasına xidmət edəcəkr.
Bir daha vurğulamalıyıq ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin hər biri diqqətlə baxılıb araşdırılır, lazımi tədbirlər görülür, əsaslı müraciətlər həll edilir və nəticəsi barədə vətəndaşlara cavab verilir.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım vardır. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınmışdır. Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalmışdır.Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır.
2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 72,3 faizi bilavasitə vətəndaşlardan, 27,7 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olmuşdur. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil etmişdir.
Təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyəzən, Şamaxı, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.
Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilmişdir.
Buna misal olaraq, İcbari Tibbi Sığorta və Dövlət Turizm agentliklərini, Milli Arxiv İdarəsini, Maliyyə Bazarlarına Nəzarət və Auditorlar palatalarını, Ali Attestasiya Komissiyasını, İpoteka və Kredit Zəmanət Fondunu, Dövlət Sığorta Kommersiya Şirkətini, "Azneftkimyamaş” və "Aqrarkredit” səhmdar cəmiyyətlərini, Sumqayıt və Gəncə apelyasiya məhkəmələrini göstərmək olar.
Ümumilikdə, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılmışdır. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunmuş, 3,1 faizi qismən təmin edilmiş, 10 faizi əsassız sayılmış, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.
Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunmuş, 2,8 faizi qismən təmin edilmiş, 4 faizi əsassız sayılmış, 49,2 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,4 faizi icradadır.
Vətəndaş müraciətlərinin bilavasitə tematik təhlilinə nəzər saldıqda görürük ki, vətəndaşlar dövlət orqanlarına ən müxtəlif mövzularda müraciətlər ünvanlamışlar. Bəzi hallarda mövcud dövlət xidmətlərinin tədricən yeni formada, daha müasir tərzdə göstərilməsi, yaxud innovativ yanaşmaya əsaslanan, təmassız, onlayn rejimdə yeni xidmətlərin təqdim olunması mahiyyətcə müraciətlərin yeni formalarının yaranmasına, nəticə etibarilə müraciətlərin sayının çox olmasına gətirib çıxarır.
Misal üçün, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı 2018-ci ildə əvvəlki illə müqayisədə xeyli artmışdır.
Ötən il Prezident Administrasiyasına bu mövzuda 2017-ci ilə nisbətən 52 faiz çox müraciət daxil olmuşdur. Artımın səbəbi araşdırıldıqda aydın olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliklərindən sonra əlillik təyinatına bilavasitə məsul olan bu nazirlikdə və Səhiyyə Nazirliyində yaradılmış işçi qruplar tərəfindən 2018-ci il ərzində verilən əlillik təyinatları təhlil edilmiş və ilin əvvəlindən təyin olunmuş əlillik dərəcələrinin əsaslılığı araşdırılmışdır. Araşdırmanın nəticələrinə əsasən, 1000-dən artıq təyinat ləğv olunmuş, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılmış, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanılmışdır. Təbii ki, bu cür tədbirlər öz növbəsində TSEK-lərlə bağlı vətəndaş müraciətlərinin sayının artmasında müəyyən rol oynamışdır.
Əlillik təyinatı və ya əlillik təyinatından imtina zamanı vəzifə öhdəliklərinin icrasında yol verdikləri nöqsanlara görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədrlərindən 8-i işdən azad olunmuş, 2-sinə isə töhmət verilmişdir.
Prezident İlham Əliyevin "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli fərmanının tələblərinə uyğun olaraq, dövlət hakimiyyəti orqanlarında icra intizamına riayət olunması işi daim diqqət mərkəzində saxlanılmışdır.
Bütövlükdə müraciətlərdə qaldırılan məsələlərin öz həllini tapmasında onlara nəzarət qaydasında baxılmasının böyük rolu olmuşdur. Prezident Administrasiyasında nəzarətə götürülmüş vətəndaş müraciətlərinin statistik təhlili göstərir ki, 2018-ci ildə belə müraciətlərin 31,3 faizi müsbət həll olunmuş, 14,6 faizi qismən təmin edilmiş, 35,9 faizi ilə bağlı müvafiq izahat verilmiş, 12,7 faizi əsassız hesab edilmiş, 1,3 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 4,2 faizi isə icradadır.
Göründüyü kimi, təhlil və nəzarət işini bir-birindən ayrı təsəvvür etmək çətindir. Belə olduqda dövlət orqanına müraciət ünvanlayan, ona ümid bağlayan hər bir vətəndaş hiss edir ki, dövlət daim ona dayaq duracaq, onun qanuni tələbini təmin edəcəkdir.
Şikayətlərin bir səbəbi də biganəlikdir
Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar.
Ümumiyyətlə, 2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalmışdır. Bununla belə, araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.
Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalmışdır.
2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artmışdır.
Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalmışdır.
Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.
Ötən il bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmiş, həmin faktlar əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işləri açılmış, görülmüş tədbirlər nəticəsində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmış, bələdiyyə mülkiyyətinə vurulan ziyanın ödənilməsi təmin edilmişdir.
2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət etmişlər. Bunlardan "Hermes-S”, "Murad M.S.”, "İnteks”, "Grand Plaza”, "Elite City”, "N Turan”, "Pearl Construction”, "TFM Smart Project”, "Fədək”, "Sizin mənzil”, "NV Construction”, "Dönüş-1”, "MVVL Verus Praedium”, "Azadlıq Residence”, "Pilot-1”, "FVS İnşaat”, "Rahatlığın məkanı”, "Poleks”, "Park Bayil”, "İnşaat Konstruksiyaları”, "Draft Construction”, "Qlobal-SF”, "Malibo”, "Avrasiya Construction”, "İnkişaf-S”, "SKY Residence”, "Xəmsə-İnşaat”, "Buta Qroup”, "Cavid 2016”, "Rahat Həyat”, "Qismət-M Construction”, "Archico” MMC-lər, "Sabah Residence”, "Best Construction”, "Regal Residence”, "Orbita”, "Merkuri”, "Pilot İnşaat A”, "Yeni ev -19”, "Məkan”, "EDİF”, "Mahal”, "Teymuroğlu”, "Olympus Park”, "Bəhrə”, "İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olmuşdur.
Eyni zamanda, vətəndaşlar "Belıy lebed”, "Rahatlığın məkanı”, "Burhan”, "Altes Park”, "AAAF” yaşayış komplekslərində illərdən bəri idarəetmədə mövcud olan problemlərin həll olunmadığından şikayət etmişlər.
Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir.
Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur. Təkrar müraciətlər Bakı şəhəri rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan, digər şəhər və rayonların payına düşür.
Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar.
Abşerondan Sakit Xankişiyev, Ağcabədidən Elçin Cəlilov, Ağdamdan Şakir Məhərrəmov və Vidadi Sadıqov, Bərdədən Zahid Mikayılov, Beyləqandan Gürşad Ramazanov və Vüqar Əliyev, Biləsuvardan Eldar Hüseynov və Elvin Quluzadə, Binəqədidən Həmid Axundov, Zərbani Ağayeva, Cəlilabaddan Emil Bayramov, Sadıq Yarıyev, Göyçaydan Təşəkkür Şirinov, İmişlidən Nahidə Şirinova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Masallıdan Nərgiz Əmirova, Naftalandan Ruqiyyə Qarayeva, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Nəsimidən Fatma Piriyeva, Nizamidən Veronika Rufullayeva, Saatlıdan Qismət Səmədov, Sabunçudan Olqa və Aleksandra Smolyaninovalar, Gülsəfa Musayeva, Bahar Əhmədova, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Şövqi Həsənov, Yelena Yusupova, Sevil Səfərova, Zərdabdan Mehman Məmmədov, digər şəhər və rayonlardan başqaları ilboyu müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.
"Vətəndaşların müraciətləri haqqında” qanunun əsas maddələrindən biri də bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən 16-cı maddədir və həmin maddədə konkret olaraq göstərilir ki, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu əks etdirir.
Burada bir daha "Vətəndaşların müraciətləri haqqında” qanunun "Müraciətin baxılmamış saxlanması” maddəsinə bir daha nəzər salmaq yerinə düşər. Həmin maddədə həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər qanunun verdiyi bu imkandan sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.
2018-ci ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda əmək və əhalinin sosial müdafiəsi naziri - 565, kənd təsərrüfatı naziri - 487, təhsil naziri - 314, daxili işlər naziri - 303, ekologiya və təbii sərvətlər naziri - 302, mədəniyyət naziri - 236, ədliyyə naziri - 226, gənclər və idman naziri - 182, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - 172, səhiyyə naziri - 140, iqtisadiyyat naziri - 126, fövqəladə hallar naziri - 114, vergilər naziri - 30, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - 747, Dövlət Gömrük Komitəsinin sədri - 260, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - 228, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - 227, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - 99, Baş prokuror - 296, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - 245, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri - 111 vətəndaşı qəbul etmişdir.
Bütövlükdə 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 62 şəhər və rayonda keçirdikləri qəbullarda iştirak etmiş 5410 vətəndaş 5201 müraciət təqdim etmişdir. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,8 faizi müsbət həll olunmuş, 42,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş,digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.
Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunmuş, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilmişdir. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmamış, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilmiş, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilmiş, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunmuş və qəbul otaqlarında müvafiq şərait yaradılmışdır. Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar.
Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir. Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, "Bakı Metropoliteni” QSC, Milli Arxiv, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apelyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər.
Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.