Vaşinqton görüşünün nəticələrinə dair imzalanmış birgə bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır.
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət daşıyır: “Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış birgə bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır. Səfərin uğurlu nəticələri iki vacib parametr əsasında qiymətləndirmək mümkündür. İlk mühüm nəticə Ermənistanın uzun müddətdir ki, müxtəlif bəhanələrlə yayınmağa çalışdığı sülhün əldə olunmasıdır. Vətən müharibəsindən sonra Azərbaycan sülh gündəliyini təklif etmiş və bununla bağlı beş prinsip müəyyənləşdirmişdi. Ermənistan isə prosesi mümkün qədər ləngitməyə çalışırdı. Lakin məhz Azərbaycan Prezidentinin müdrik siyasəti, çevik, praqmatik diplomatiyası nəticəni müəyyən edən əsas amil oldu. Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılmasına, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhlizin açılmasına, öz konstitusiyasından ərazi iddiaları ilə bağlı müddəanın çıxarılmasına razılaşmaq məcburiyyətində qaldı. Geosiyasi aspektdən baxsaq, bu, bütün regionun taleyini dəyişən, sülh, əməkdaşlıq və rifah üçün etibarlı pəncərə aşan tarixi nailiyyətdir".
Soltan Məmmədov qeyd edib ki, səfərin uğurunu şərtləndirən digər mühüm məsələ Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün əsasının qoyulmasıdır: “Bayden administrasiyasının yanlış hesablamaları nəticəsində iki ölkə arasında əlaqələr ciddi şəkildə zəifləmişdi. Prezidentin də qeyd etdiyi kimi, ABŞ-nin indiki rəhbərliyi Azərbaycanın geosiyasi rolunu daha düzgün qiymətləndirir. "Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması münasibətlərin yeni müstəviyə çıxarılması istiqamətində atılmış son dərəcə mühüm addımdır. Bu, qarşılıqlı etimadın bərpa olunduğunun, əməkdaşlığı dərinləşdirmək niyyətinin göstəricisidir. Xartiyanın enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələri əhatə edəcəyi gözlənilir. ABŞ kimi güclü bir dövlətlə belə geniş spektri əhatə edən tərəfdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək. Eyni zamanda, təbii ki, ABŞ-nin də regional proselərə təsir imkanlarını, qlobal müstəvidə nüfuzunu bir qədər də artıracaq".
Deputat bildirib ki, səfərin əsas nəticələrindən biri də "Azadlığı müdafiə aktı"na 907-ci düəlişin ləğv edilməsidir. 33 illik tarixə malik bu qərəzli sənədin tətbiqinin tam şəkildə dayandırılması Azərbaycan Prezidentinin növbəti siyasi qələbəsi kimi qiymətləndirilməlidir: "Prezidentin Vaşinqtona səfərinin nəticələri əminliklə deməyə əsas verir ki, dövlətimizin qarşısında dayanan bir neçə strateji vəzifə öz həllini tapdı. Bu, bir daha Azərbaycan Prezidentinin güclü liderliyini, dövlətimizin beynəlxalq nüfuzunu təsdiq edir. Biz yeni bir tarixi mərhələyə qədəm qoyuruq" (Apa).