Son 14 il ərzindəki reallıqlar göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib. Prezidentin nitqinin tam mətnini təqdim edirik:
“Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz bu il dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq.
Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.
Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.
Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.
Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri də göz qabağındadır. Biz əlbəttə ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlamalı idik. Çünki bu, olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.
Beləliklə, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.
Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayış kompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji ilə qidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdə əminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq.
2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək və bu il görüləcək işlər haqqında bir qədər sonra danışacağıq.
İçməli su və kanalizasiya problemləri insanları çox ciddi narahat edən problemlər idi. Düzdür, bu sahənin bilavasitə iqtisadi və sənaye inkişafımıza o qədər də böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir. Ona görə biz bu məsələ ilə də ciddi məşğul olmağa başlamışıq.
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, - inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldü. Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri olacaqdır və biz artıq bunu görürük.
Biz hazırda yeni layihələr üzərində işləyirik. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına nail oluruq.
Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir.
Beləliklə, ölkə iqtisadiyyatının, regionların inkişafı üçün bu əsas infrastruktur layihələri icra edildi. Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəlir. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.
Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq.
On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır.
2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Yəni, 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.
Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.
Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik.
Keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq.
On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq.
On dörd il ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar.
Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.
Bax, budur, bizim əsas iqtisadi göstəricilərimiz. Eyni zamanda, sosial sahəyə çox böyük diqqət göstərilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.
Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir.
Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Nəzərə almalıyıq ki, 14 ilin əsas hissəsində manatın məzənnəsi dollara nisbətən daha da yüksək idi. Ona görə bu iki milyard manat ən azı iki milyard dollar deməkdir. Güzəştli şərtlərlə verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək qiymətləndirildi, onlar bu kreditlərdən istifadə edərək yeni müəssisələr, iş yerləri yaratdılar və o vəsaiti qaytararaq yenə də imkan verirlər ki, biz bu vəsaiti digər sahibkarlara güzəştli şərtlərlə verək, necə ki, bu il də bu, nəzərdə tutulur.
Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır.
Biz bütün bu işlərlə paralel olaraq, ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək üçün böyük addımlar atmışıq. Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır.
Əlbəttə ki, ölkəmizdə aparılan və tərəfimizdən irəli sürülmüş nəhəng nəqliyyat və energetika layihələri həm böyük vəsait tələb edirdi, eyni zamanda, ölkəmizin uzunmüddətli uğurlu inkişafını şərtləndirən layihələrdir.
Nəqliyyat sahəsində. Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir.
Mən avtomobil yolları haqqında danışdım.
Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir.
Biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə olan bütün məsələləri qısa müddət ərzində həll etdik. Beləliklə, beynəlxalq əməkdaşlığa gözəl şərait yaratmışıq. Dəmir yolunun yenidən qurulması istiqamətində işlər görülüb, görüləcək və biz bu barədə danışacağıq.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Bu, mümkün olmazdı. Heç kim də bizim neft-qaz yataqlarımıza vəsait qoymazdı, əgər bunun ixrac imkanı yoxdursa. Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Ona görə bu kəmərlər mütləq tikilməli idi və çox ağır şəraitdə, təzyiqlər şəraitində tikildi, bizə qarşı kampaniyalar aparılırdı. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün antiazərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də olmazdı. Cənub Qaz Dəhlizi – dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı. Təsəvvür etmək o qədər də çətin deyil.
Ona görə bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı.
Ona görə bu 14 il ərzində görülmüş işlərin hamısını bir çıxışda sadalamaq mümkün deyil. Bəlkə də günlər lazımdır ki, biz bütün işləri qeyd edək. Sadəcə olaraq, mən bu gün əsas məqamları ictimaiyyətin diqqətinə çatdırdım. Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq”.