Gömrükdə rüsumdan azad olunan minimum məbləğ və sahibkarlar üçün güzəştlər tətbiq ediləcək
Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin tranzit potensialının inkişaf etdirilməsi, xarici ticarət əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi və sahibkarlıq subyektləri üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə ölkə rəhbəri tərəfindən bir sıra islahatlar həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı əsasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yaradılması da bu sahədə həyata keçirilən tədbirlərə mühüm töhfə verməkdədir (https://azranking.az/).
Komissiya çərçivəsində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, həmçinin beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılmaqdadır.
Qarşıya qoyulan hədəflərə nail olmaq və prioritet tədbirlərin vaxtında icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanları və özəl sektorun nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən, müstəqil ekspertlərdən ibarət müxtəlif işçi qrupları və altqruplar yaradılmışdır ki, bunlardan biri də “Beynəlxalq ticarət” işçi qrupunun tərkibində fəaliyyət göstərən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupudur.
Bu sahədə həyata keçirilən işlər və gözlənidən yeniliklərlə bağlı FED.az-ın suallarını Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun katibi Məhəmməd Nəcəfli cavablandırır.
- Məhəmməd müəllim, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun əsas fəaliyyəti nədən ibarətdir?
- “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun əsas fəaliyyət istiqaməti ölkəmizin sosial-iqtisadi inkişafının əsas struktur elementlərindən olan dövlət-biznes dialoqunun gücləndirilməsi və sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin etməklə rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılmasının inkişaf etdirilməsidir.
Altqrupa üzv olan dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə “Beynəlxalq ticarət” sorğu vərəqəsi təhlil edilmiş, özəl sektor nümayəndələrinin təklif və təşəbbüsləri nəzərə alınmaqla cari ilin fevral ayında “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun 2024-cü il üçün Yol Xəritəsi təsdiq edilmişdir (https://azranking.az/public/images/Serhedde%20Yol%20X%C9%99rit%C9%99si%2027.02.24.-Yekun.pdf).
- Yol xəritəsində əsasən hansı məsələlər əksini tapıb, yəni qrupda hansı əsas tədbirlər üzərində iş aparılır?
- Yol xəritəsi müxtəlif istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işləri əhatə edir. Sənəd 3 əsas bölmədən ibarətdir, buraya (1) qanunvericilik bazasının keyfiyyəti və əhatə dairəsi, (2) dövlət xidmətlərinin keyfiyyəti və (3) beynəlxalq ticarətin səmərəliliyi aiddir. Yol Xəritəsində beynəlxalq ticarət fəaliyyəti ilə bağlı həyata keçirilən rəqəmsal əməliyyatlar, yükdaşıma və logistika sahəsini tənzimləyən normativ-hüquqi aktlarla əlaqədar biznes subyektlərinin məlumatlandırılması, sərhəd və risk idarəçiliyinin təkmilləşdirilməsi, Səlahiyyətli İqtisadi Operator (SİO) institutunun tətbiqi, elektron “bir pəncərə” sistemi və digər istiqamətlər üzrə ümumilikdə 32 (otuz iki) tədbir öz əksini tapıb.
- Qeyd etdikləriniz həm ölkə iqtisadiyyatı, xarici ticarət, həm də iş adamlarının fəaliyyəti baxımından maraqlı tədbirlərdir. Bu tədbirlərlə bağlı hansı işlər görülüb?
- Artıq bir sıra tədbirlərin icrası istiqamətində zəruri işlər görülmüşdür. Belə ki, ölkə ərazisinə müvəqqəti gətirilən malların gömrük tənzimlənməsinin sadələşdirilməsi və səmərəli gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə “Müvəqqəti idxal haqqında İstanbul Konvensiyası”na üzvolma ilə bağlı hazırlanmış əsaslandırma sənədi və təhlil materialları müvafiq təkliflərlə birlikdə Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Məhəmməd müəllim, bu tədbirlər çərçivəsində idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və güzəştlərin tətbiq edilməsi ilə bağlı hansı yeniliklər gözlənilir?
- İdxal-ixrac əməliyyatları üzrə bəzi kateqoriyaya daxil edilən mallara güzəşt və sadələşdirilmənin tətbiq edilməsi məqsədilə “de minimis” məbləğinin müəyyənləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Bundan başqa, mikroixracatçılara dəstəyin verilməsi məqsədilə müəyyən hədlər daxilində idxal olunan malların gömrük ödənişlərindən, ixrac olunan malların isə gömrük yığımlarından azad edilməsini tənzimləyən normativ hüquqi akt layihələri Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin bir qismi sahibkarlvrın və vətəndaşların məlumatlandırılması, gömrük prosedurlarının şəffaflaşdırılmasıdır. Bu istiqamətdə hansı işlər görülüb?
- Eyni zamanda, Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində malların idxalı, ixracı və tranzit daşınması, rəqəmsal ticarət, həmçinin xidmətlər üzrə ticarətlə bağlı müvafiq qanunvericilik layihələrinin ictimaiyyətə açıqlanması, maraqlı tərəflərdən şərhlərin qəbul edilməsi və onların cavablandırılması proseslərini özündə ehtiva edən vahid platforma yaradılmışdır (https://customs.gov.az/az/sahibkarlar-ucun/serhedde-ticaret).
- Yol xəritəsində gömrük sahəsində nəzərdə tutulan mühüm tədbirlərdən biri də Səlahiyyətli İqtisadi Operator (SİO) institutunun yaradılması, yəni bir sıra şirkətlərə bu səlahiyyətin verilməsidir. Ölkəmiz üçün kifayət qədər ciddi yeni təcrübədir. Bildiyimiz qədər, bu sahədə ilk addımların atılmasına başlanılıb…
- Doğrudan da, Yol xəritəsində nəzərdə tutulan mühüm tədbirlərdən biri ölkəmizdə Səlahiyyətli İqtisadi Operator (SİO) institunun tətbiqi ilə bağlıdır. Bu məqsədlə SİO sahəsində əməkdaşlıq ediləcək prioritet ölkələrin siyahısı müəyyənləşdirilərək əməkdaşlığın hüquqi bazasının formalaşdırılması üçün qarşılıqlı tanınma sazişlərinin imzalanması imkanları təhlil edilmişdir. Görülən işlərin davamı olaraq Özbəkistan Respublikası və Rusiya Federasiyası ilə imzalanacaq saziş layihələrinin mətni hazırlanmış, Gürcüstanla işçi qaydada müzakirələr davam etdirilməkdədir.
- Məhəmməd müəllim, xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının tez-tez səsləndirdiyi məsələlərdən biri gömrük rəsmiləşdirilməsi və digər prosedurlar zamanı digər dövlət qurumlarından çoxsaylı sənədlərin tələb olunmasına aiddir. Bu prosesin daha da sadələşdirilməsi üçün hansı yeniliklər nəzərdə tutulur?
- Ölkəmizdə idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi ilə yanaşı vətəndaş məmnunluğunun və şəffaflığın artırılmasında mühüm rol oynayacaq elektron “bir pəncərə” sisteminin tətbiqi Gömrük Komitəsinin qarşısındakı prioritet hədəflərdəndir. Sözügedən sistem vasitəsilə dövlət orqanları və ticarət tərəfdaşları arasında əlaqələndirmə prosesinin keyfiyyətli təşkili təmin olunacaqdır ki, bununla əlaqədar zəruri tədbirlər görülməkdədir.