Qarabağda gedən döyüş əməliyyatları və burada təbiq edilən hərbi yeniliklər, xüsusilə də PUA zərbələri dünyanın iri dövlətlərinin ordularının da diqqətini çəkib.
FED.az xəbər verir ki, Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası amerikalı generalları düşünməyə vadar edib.
Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerkalı generalları heyran qoymaqla yanaşı, onları Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin ciddi yenilənməyə ehtiyac duymasının etirafına vadar edib.
ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan ordusunun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir.
"İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik. Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsisi olması ilə bağlı düşünməyə vadar edir.
Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir. Hazırda biz havada üstünlüyə malikik. Amma gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir», - general MakKonvill deyib.
Dünyanın nüfuzlu «Forbs» nəşri isə bildirir ki, Qarabağ döyüşlərində Azərbaycanın istifadə etdiyi PUA-lar müharibədə həlledici rol oynaya bilər.
FED.az-ın məlumatına görə, məqalənin müəllifi Pol İddon (müdafiə və aerokosmik sənaye barədə yazır) yazır ki, sentyabrın 27-də başlayan döyüşlər 1994-cü ildən bəri ən qanlı toqquşmalardır. Və burada Azərbaycan digər silahları ilə yanaşı, pilotsuz aparatlarından da geniş istifadə edir.
Hərbi əməliyyatlar başlayan kimi, tərəflər bir-birlərinə vurulan zərbələrin kadrlarını yaymağa başladılar. Erməni tərəfi Azərbaycan hərbi maşınlarının yerdəki qüvvələrlə vurulması kadrlarını açıqlayanda Azərbaycan tərəfi isə düşmənin hava hücumundan müdafiə qüvvələrinə və hərbi maşınlarına hava zərbələrini nümayiş etdirdilər. Azərbaycan tərəfinin yaydığı videolarda «Baytaktar»ların qarşı tərəfin «Osa» sistemlərini, T-72 tanklarını və sair qurğularını sıradan çıxardığı görünür.
Məqalədə bildirilir ki, son illər Bakı İsraildən çoxsaylı «Harop» aparatları alıb. Onlar dron kamikadzelər kimi tanınır. Bu aparatlar ilk növbədə döşmənin hava hücumundan müdafiə qəvvələrinin və radarlarnın məhvi üçün nəzərdə tutulub.
Amma Azərbaycan təkcə İsrail aparatları ilə kifayətlənməyib. Bu ildən başlayaraq Bakı Türkiyənin «Bayraktar TB2» aparatlarını da almağa başlayıb. Bu PUA-lar yüksək dəqiqlikli intellektual mikro mərmilər - MAM-L daşıyır.
Jurnal yazır ki, «Azərbaycan silahlı qüvvələrində pilotsuz aparatların sayının böyük olması nəticəsində Bakıda, yəqin ki, əmindirlər ki, Ermənistan üzərində böyük hərbi-texniki üstünlüyə malikdirlər, və bu üstünlük Qarabağ uğrunda yeni döyüşlərdə həlledici rol oynaya bilər». «Azərbaycanın böyük PUA arsenalının olması Bakını inandırıb ki, Ermənistan üzərində böyük üstünlüyə malikdir»- deyə «Forbs» yazır.
Bu döyüşlərdə PUA-ların həlledici rolunu prezident İlham Əliyev də təsdiqləyib. Türkiyə televiziyasına müsahibəsində dövlət başçısı bildirib ki, ««Bayraktar TB2 aparatları bu döyüşlərdə özünün nə qədər qiymətli olduğunu sübut edib: «Azərbaycan Ordusuna məxsus olan müasir türk pilotsuz aparatları sayəsində bizim cəbhədəki itkilərimiz azalıb. Bu dronlar Türkiyənin gücünü göstərir, eləcə də bizə güc verir»- deyə prezident bildirib.
Əslində bu yenilik deyil. Azərbaycan İsraildən artıq bir neçə ildir ki, döyüş PUA-ları alır. 2016-cı ildə isə Azərbaycan dron-kamikadzelərdən döyüşdə istifadə edən ilk ölkə olub. Həmin vaxt «Harops» dronu erməni könüllü-hərbçilərini daşıyan avtobusu göyə sovurmuşdu. Bu dronlar 2020-ci ilin iyulunda baş verən döyüşlərdə də aktiv iştirak etmişdilər.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupunun həmsədri olan Metyu Brayza bildirir ki, pilotsuz aparatlara malik olması Azərbaycanın bu dəfəki hərbi döyüş strategiyası fərqlidir.
«Bu dəfə Azərbaycan ermənilərin yaxşı möhkəmləndirilmiş müdafiə xəttini yarmağı nəzərdə tutan ənənəvi «bliskriq»dənsə, PUA-lar vasitəsilə işğal olunmuş ərazilərin dərniliklərinə zərbələr vurmağa üstünlük verir». Brayza bildirir ki, «bliskriq» çox riskli ola bilərdi, çünki erməni tərəfi on illərdir belə hücumu qarşılamağa hazırlaşırdı.
«Bunun əvəzində, PUA-ların müasir imkanları Azərbaycana imkan verib ki, ermənilərin qiymətli hərbi obyektlərinə (məsələn zenit-raket sistemlərinə və zirehli texnikasına) zərbə endirsin. Bu üsul Azərbaycan ordusunu üzücü əməliyyatlardan da xilas edir». «Ənənəvi hücum əməliyyatlarından fərqli olaraq bu yanaşma Azərbaycana imkna verib ki, uzun təchizat xətlərinin (yəni hücum xətti ilə arxa cəbhənin arasındakı məsafənin) zəifliyindən xilas olsun»-deyə Brayza bildirir.
Keçmiş səfir bildirir ki, sözügedən aparatları Türkiyə bu yaxınlarda Suriya və Liviyada uğurla istifadə edib. «Hesab edirəm ki, Azərbaycan Türkiyənin Suriya (fevral/mart) və Liviyada (may ayında) apardığı həlledici zərbələrindən həvəslənib».
Qeyd edək ki, Türkiyə «Bayraktar»ı Suriya və Liviyada olduqca aktiv istifadə etmişdi. Baxmayaraq ki, qarşı tərəflər «yer-hava» raketləri ilə bu dronların bir hissəsini vura bilmişdilər, türk PUA-ları da öz növbələrində qarşı tərəfin texnikasını, xüsusilə Hava hücumundan müdafiə (HHM) avadanlıqlarını səliqə ilə məhv edirdilər. HHM qurğuları susdurulduqdan sonra isə PUA-lar rahatca düşmənin digər texnikasını, hərbi bazalarını, artilleriya nöqtələrini və avtomobil kolonlarını rahatca məhv ediə bilirdilər.
Brayza bildirib ki, xüsusilə Türkiyənin ilin əvvəlində Suriyada İdlibdəki zərbələri o qədər effektli olub ki, Britaniya Silahlı qüvvələrinin Kral institutu bəyan edib ki, yeni PUA-lar indiyədək əsas döyüş maşını sayılan tankın faydasını şübhə altına alıb.
Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan hərbçiləri, Türkiyə hərbçilərinin təcrübəsindən istifadə etmək niyyətindədir. Jurnal yazır ki, ola bilsin, məhz bu amil Bakını «Bayraktar»ları almağa həvəsləndirib.
Amerikanın hərbi dəniz analizi mərkəzinin (CNA) analitiki Samuel Bendett də bildirib ki, Azərbaycanın bu silahları Ermənistan qüvvələrində əlavə stress yaradır və onların qüvvələrini tükəndirir.
«Belə PUA-lar qarşı tərəfi zərbələr endirməklə yanaşı, digər əsas silahları, məsələn döyüş təyyarələrini qoruyub saxlamağa imkan verir, hansı ki, başqa tapşırıqlar üçün nəzərdə tutulub».
Doğrudur, Bendett hesab edir ki, PUA-lar vasitəsilə Qarabağdakı əməliyytalarının effektivliyi Türkiənin İdlibdəki əməliyatlarından bir qədər aşağı ola bilər. Çünki Suriya və Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin keyfiyyəti fərqlidir. «Amma Türkiyənin əməliyyatları bir daha PUA-ların indiki və gələcək əməliyyatlardakı həlledici əhəmiyyətini təsdiqlədi»-deyə ekspert bildirib.