2025-ci ilin sonuna Azərbaycanın cəmi valyuta ehtiyatları 80 milyard dolllara çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində bildirib.
Dövlət başçısı çıxışının iqtisadiyyata aid hissəsində ölkənin valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını, xarici borcun isə aşağı düşdüyünü bildirib: «İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır».
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici borcu daha da aşağı düşüb və hazırda ölkənin ümumdaxili məhsulunun cəmi 6,3 faizini təşkil edir: «Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir».
İlham Əliyev xüsusi vurğulayıb ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldiblər: Reytinq agentlikləri investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar».
Xatırladaq ki, ölkənin ümumi valyuta ehtiyatları dedikdə Azərbaycan Mərkəzi Bankının (AMB) və Dövlət Neft Fondunun valyuta ehtiyatlarının cəmi nəzərdə tutulur.
Bu ilin sentyabrın sonuna olan məlumata görə, Neft Fondunun aktivləri 70,2 milyard dolları, Mərkəzi Bankın valyuta ehtiyatları isə ümumilikdə 11,4 milyard dollar təşkil edir.










