Son aylar ərzində Azərbaycanda dövlət qurumlarında instusional islahatların yeni dalğası başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buraya dövlət qurumlarında maliyyə axınlarına nəzarətin gücləndirilməsi, yeni qurumların yaradılması və əksinə, təkrarçılıq olan qurumların yenidən təşkil edilməsi formaında birləşdirilməsi aiddir.
Yeni yaradılan qurum:
- Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi.
Əsas işi: dövlət qurumlarında maliyyə vəziyyətinə və vəsaitlərdən istifadəyə ciddi nəzarət edəcək.
Birləşdirilən və optimallaşdırılan, yəni ixtisar yolu ilə xərcləri azaldılan qurumlar:
1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 3 qurum birləşdirilərək bir agentlik yaradılıb. Yəni Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.
2. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 2 qurum bir qurumda birləşdirilib - Aqrar İnnovasiya Mərkəzinin və Aqrar Tədqiqatlar Mərkəzi əsasında Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi yaradılıb.
3. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan 2 institut birləşdirilərək bir qurum yaradılıb - Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya ETİ-lərin əsasında Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu (ETİ) yaradılıb.
4. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan 7 institut birləşdirilərək onların əsasında 2 institut yaradılıb. Belə ki, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik ETİ, Meyvəçilik və Çayçılıq ETİ, Üzümçülük və Şərabçılıq ETİ, Baytarlıq ETİ, Heyvandarlıq və Balıqçılıq ETİ, Tərəvəzçilik ETİ PHŞ-in, habelə Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika ETİ əsasında büdcə təşkilatı qismində Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutunun və Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu yaradılıb.
5. Media və sosial tədqiqatlar qurumları əsasında 1 qurum yaradılıb – yəni Sosial Tədqiqatlar Mərkəzi ləğv edilərək Medianın İnkişafı Agentliyinə birləşdirilib.
6. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ləğv edilib. Yəni Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi yaradılıb.
7. İqtisadiyyat Nazirliyinin 2 qurumu bir qurumda birləşdirilib. Belə ki, KOBİA və AZPROMO təşkilatlarının birləşməsi ilə Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.
8. Bakı Şəhər İcra Hakimiyyətində 2 qurum birləşdirilib. Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı PHŞ-in əsasında Mərkəzi Nəbatat və Dendrologiya Bağı MMC yaradılıb.
9. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində olan 3 quruam bir quruma birləşdirilib. Belə ki, agentliyin nəzdində olan Metrologiya İnstitutu, Standartlaşdırma İnstitutu və Akkreditasiya Mərkəzi PHŞ-lərin birləşmə yolu ilə yenidən təşkil edilib.
10. İcbari sığorta sistemində əsas dəyişiklik – 2 qurum birləşdirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilib və onların əsasında ƏƏSMN tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Bəzi təşkilatlar isə yenidən təşkil edilib və təşkilati hüquqi formaları dəyişib:
-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi PHŞ-nin əsasında Geodeziya və Kartoqrafiya Agentliyi yaradılıb.
-Regional Su Meliorasiya Xidməti PHŞ dəyişərək Regional Su Meliorasiya QSC-ə çevrilib.
-İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ əvəzinə İri Şəhərlərin Su Təchizatı QSC yaradılıb.
-Bakı Şəhər İH tabeliyində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi PHŞ-in əvəzinə Sahibsiz Heyvanlara Qayğı Mərkəzi MMC yaradılıb.
Hökumətin planlarına görə, bu dəyişikliklər idarəetmənin sadələşməsi, səmərəliliyin artmasına, qərar qəbulunun sürətlənməsinə və büdcə xərclərinini azalmasına, bununla da büdcənin maliyyə yükünün azalmasına imkan verəcək. Eyni zamanda dotasiya ilə işləyən, səmərəsiz qurumların (mərkəzlər, təqdiqat mərkəzləri və s.) ləğv edilməsi nəticəsində dövlət vəsaitlərinin israfının qarşısı alınmalıdır.











