Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün dövlət rüsumunun məbləği dəyişir.
FED.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat rüsum nəzərdə tutulur.
Layihəyə əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat dövlət rüsumu tutulması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Notariat haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Qanun qəbul ediləcəyi halda 1 mart 2021-ci ildən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.