Xəbər verildiyi kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Bakıda səfərdədir və Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
FED.az-ın məlumatına görə, tərəflər arasında müzakirə olunan məsələlərdən biri Azərbaycan qazının Suriyaya ixrac edilməsidir.
Bu məsələ bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanmışdı.
Görüşdə prezident bildirib ki, Suriyanın əvvəlki hökuməti uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti aparıb və münasibətlərdə durğunluq yaranıb. Suriyada yeni hakimiyyətin qurulmasından sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük imkanlar yaranıb.
Suriya prezidenti Əhməd Əl Şaraa təəssüflə qeyd edib ki, əvvəlki hakimiyyət Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirib. İndi isə rəsmi Dəməşq Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.
Görüşdə müzavirə olunan əsas məsələlərdən biri iki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlıq olub. Bildirilib ki, hazırda Suriya ciddi enerji problemi ilə üzləşib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında anlaşma memorandumu imzalanıb. Suriya mənbələrinin məlumatına görə, SOCAR Suriyanın qaz təminatında və Suriyanın şimal-şərqindəki neft-qaz yataqlarının yenidən qurulmasında iştirak etməyə dəvət edilib. Xatırladaq ki, 2025-ci il aprelin 11-13-də Antalyada keçirilən diplomatik forum çərçivəsində keçirilən ilk ikitərəfli görüşdə Əliyev və Əhməd əl-Şaraa Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında mümkün iştirakını müzakirə etmişdilər.
Görüşdə bildirilib ki, Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına da töhfə verə bilər.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayıb. Görüşdə suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası müzakirə olunub.