Dünyanın başı ABŞ-Çin iqtisadi prosesinə qarışdığı bir vaxtda Afrikada önəmli iqtisadi hadisə baş verməkdədir. FED.az xəbər verir ki, belə ki, bugündən etibarən dünyanın ən böyük azad ticarət zonası- Afrika Kontinental Azad Ticarət Zonası (Bundan sonra AfCFTA) əsası qoyulur. Bu təşkilat ümumilikdə 55 ölkəni, 1.2 mlrd əhalini, $2.5 trln. ÜDM özündə birləşdirən nəhəng iqtisadiyyat olacaqdır.
2016-cı ildə başlayan danışıqlar və 44 ölkə (sonradan 53-ə qalxmışdır) tərəfindən imzalanan niyyət protokolu ən azı 22 ölkənin parlamenti tərəfindən qəbul edilməli idi ki, zonanın əsası qoyulsun. Hal hazırda layihəni 22 ölkənin parlamenti ratifikasiya etmiş, 20 ölkə isə ilkin müqaviləni imzalamış və demək olar ki, işlər ratifikasiya mərhələsindədir. Ümumilikdə 55 ölkədən yalnız 3 ölkə - Nigeriya (Afrikanın ən böyük iqtisadiyyatı), Benin və Eritreya müqaviləni imzalamaqdan və layihənin bir parçası olmaqdan boyun qaçırır. Bu barədə aşağıda ətraflı danışacağıq.
Eləcə də bax: Neft qiymətləri istənilən zaman çökə bilər - EKSPERT
AfCFTA daxilində yerləşən ölkələrdə istehsal olunan məhsulların 90%-i üzrə sıfır gömrük tarif tətbiq edilməsi planlaşdırılır. Bu baş verərsə iqtisadiyyatı yalnız ucuz əmtəə ixracı ilə tanınan Afrika ölkələri əmtəələrini həm də emal və istehsal etməklə əlavə dəyər yaradaraq iqtisadi rifahın yüksəlməsinə nail olacaqlar. Bundan əlavə kiçik və parçalanmış vəziyyətdə olan ölkə iqtisadiyyatları bir-birinə inteqrasiya edərək potensial 1 mlrd. müştəri bazasına nail olacaqlar.
AfCFTA çərçivəsində bərbad vəziyyətdə olan infrastruktur, dəmir və avtomobil yollarının yenidən qurulması da Afrika ölkələri ilə digər qitə ölkələri arasında olan infrastruktur kəsirin (gap-in) kiçilməsinə gətirib çıxaracaqdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, AfCFTA-ya qoşulmaqla Nigeriya bunun öz iqtisadiyyatına zərər verəcəyini düşünür. Nigeriya prezidenti Muhammadu Buhari təşkilata qoşulmağın Nigeriya iqtisadiyyatı üçün zərər və faydalarını araşdırması üçün komissiya yaratmışdır.
AfCFTA-dan ayrı qalacağı təqdirdə izolyasiya olmaqdan çəkinən Nigeriya, qoşulacağı təqdirdə isə transmilli korporasiyaların və digər iri şirkətlərin onun iqtisadiyyatına rahatlıqla girəcəyindən və bunun da yerli şirkətləri sıxışdıraraq iqtisadi tənəzzül və işsizlik kimi xoşagəlməz nəticələrə gətirəcəyindən çəkinir. Digər tərəfdən Nigeriya höküməti xarici şirkətlərin gətirəcəyi sərmaye, innovativ texnologiya və yüksək standartların da iqtisadiyyatın gələcəyi üçün önəmli olduğunu dərk edir.
Yekun olaraq ümid edirik ki, uzun illər müstəmləkə olmuş bu ölkələrin bir araya gəlməsi aclıq və səfalət içərisində olan xalqların rifahının yüksəlməsinə və 2063-cü ildə “Afrika Birləşmiş Ştatları” ideyasının həyata keçməsinə gətirib çıxaracaqdır.
©finkorp.com