Başa çatmaqda olan 2017-ci il Azərbaycanın siyasi-iqtisadi həyatında mühüm yenilik və hadisələrlə yadda qaldı. Bu dövrdə dövlət, özəl, bank və sığorta sektorunda maraqlı proseslər, struktur dəyişiklikləri, təyinatlar, istefalar baş verdi. FED.az 2017-ci ilin ən mühüm 23 hadisəsini təqdim edir.
1. Azərbaycanda ilk dəfə icbari tibbi sığorta başlandı
Azərbaycanda ilk dəfə olaraq pilot ərazilərdə – Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə başlandı. Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinənin və 166 həyati vacib xidmətin göstərilməsi nəzərdə tutulur. İcbari Tibbi Sığorta Agentliyinin pilot ərazilərdə həyata keçirdiyi sağlamlıq həftələrində 20 minə yaxın şəxs tibbi müayinələrdən keçirilib ki, onların hər 5 nəfərdən birində müxtəlif xəstəliklər aşkarlanıb. Ümumilikdə ilk 9 ay ərzində 256,4 min nəfər əhalisi olan pilot ərazilərində 7,84 milyon manatlıq xidmət göstərilib, adambaşına düşən xidmətin dəyəri təqribən 31 manat olub.
2. Ziya Məmmədov getdi, Nəqliyat Nazirliyi ləğv edildi
Azərbaycanda iqtisadi yeniliklər, daha dəqiqi bu sahədə struktur və kadr dəyişiklikləri fevral ayından başladı. Fevralın 7-də prezident İlham Əliyevin sərəncamı ilə yeni Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəqliyyat naziri Ziya Məmmədovun çoxdan gözlənilən işdən azad edilməsi reallaşdı, birləşmiş nazirliyə rəhbərlik isə Ramin Quluzadəyə həvalə edildi.
3. Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildi
Azərbaycanda ilin ən böyük siyasi hadisəsi fevralın 21-də baş verdi Azərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzaladı. Həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təqdim edib. Qeyd edək ki, bununla bağlı ölkə Konstitusiyasına dəyişikliklər həyata 2016-cı ildə keçirilən referendumda təsdiqlənmişdi.
4. «AtaBank»la «CDB Bank» birləşdi
Aprelin 18-də Azərbaycanın bank sektorunda sakit birləşmə baş verdi. «AtaBank» və «Caspian Development Bank» səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən «CDB Bank» ləğv edilərək «AtaBank»a birləşdirildi. Birləşmə prosesi bir neçə ay davam edərək itkisiz başa çatdı.
5. İslam Həmrəyliyi Oyunları keçirildi
Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. “Bakı-2017”yə islamiadalar tarixində rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə qatıldı. Oyunları 50-dən şox ölkədə 1 milyarddan çox tamaşaçı izlədi.
6. Prezident Administrasiyasının strukturu dəyişdirildi
İyunda Azərbaycanın əsas dövloət strukturu sayılan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında ciddi struktur və kadr dəyişiklikləri baş verdi. Administrasiyaya dövlət başçısının köməkçisi, Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri (Natiq Əmirov) vəzifələri əlavə edildi. Bundan başqa, iqtisadi məsələlər üzrə dövlət müşavirə Vahid Axundov vəzifəsini itirdi.
7. Cocuq Mərcanlı kəndi bərpa olundu
İyunun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsi başa çatdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilib, müvafiq infrastruktur yaradılıb. Kəndin sosial-iqtisadi inkişafı ilə bağlı işlər isə daha da gücləndi, hazırda bu prosesdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) mühüm rol oynayır.
8. SOCAR İstiqrazlarında tarixi hadisə
2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında ən böyük hadisə SOCAR İstiqrazları ilə bağlı oldu. 2016-cı ildə buraxılmış istiqrazlar 2017-cı ildə bazarda ən çox alınıb-satılan qiymətli kağıza çevrildi. SOCAR İstiqrazlarını yerli vətəndaşlar və şirkətlərlə yanaşı, xarici vətəndaşlar da almağa başladı. Birjadakı populyarlığına görə bu kağızlar əsl xalq istiqrazlaına çevrildlər. Nəticədə avqustun 3-də bu kağızlarla təkrar bazar əməliyyatlarının həcmi 100 milyon dolları keçdi. Noyabrdan başlanan repor əməliyatlarının nəticəsində isə SOCAR İstiqrazlarının sahibləri güzi faiz dərəcəsi (illik 3,5%) ilə kredit götürmək imkanı qazandılar.
9. ABB-yə «yeni nəfəs» verildi
2017-ci ilin may-sentyabr ayları Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcların yenidən strukturlaşdırılması prosesi ilə yadda qaldı. Maliyyə naziri Samir Hərifovun iştirakı ilə aparılan danışıqlarda bankın kreditorları Azərbaycan hökumətinin təklifləri ilə razılaşdılar. Sentyabrın 5-də bu poses başa çatdı Bankın menecmentinin yenilənməsi və toksik aktivlərinin «Aqrar kredit»ə köçürlməsindən sonra ABB «normal həyata» qayıtdı.
10. «Əsrin müqaviləsi» 2050-ci ilədək uzadıldı
Azərbaycanın tarixində «Azəri», «Çıraq» və «Günəşli» yataqlarını işlənməsini nəzərdə tutan «Əsrin müqaviləsi» qədər mühüm iqtisadi müqavilə yoxdur. Sentyabrın 14-də imzalanan razılaşmaya görə, müqavilənin müddəti 2050-ci ilə çatdırıldı. Razılaşma arici investorların ölkəmizə 3,6 milyard dollarlıq bonus ödənilməsini, eləcə də SOCAR-ın buradakı payının 11,6 faizdən 25 faizə qaldırılmasını da nəzərdə tutur.
11. Kredit Zəmanət Fondu yaradıldı
Sentyabrın 15-də Azərbaycanda ilk dəfə olaraq Kredit Zəmanət Fondu yaradıldı. Prezidentin bununla bağlı fərmanında bildirilirdi ki, yeni fondun yaradılması kiçik və orta sahibkarların kredit resurslarına çıxışının yaxşılaşdırılması, investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi məqsədi daşıyır. Dekabrın 26-da Kredit Zəmanət Fondu Dövlət İpotkka Fondu ilə birləşdirildi və ona rəhbərlik İpoteka Fondunun sədri Fəxri Kazımlıya həvalə edildi.
12. Neftçalada avtomobil zavodu tikildi
Sentyabrın 24-də Neftçala rayonundakı sənaye məhəlləsi çərçivəsində Azərbaycan-İran birgə müəssisəsi olan «Azərmaş» avtomobil zavodu təqdim edilib. İranın «Khodro» şirkəti ilə birgə qurulan zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Burda buraxılacaq avtomobillərin qiyməti 10-16 min manat arasında dəyişəcək.
13. Çıxarış veriləcək mənzillər məlum oldu
Sentyabrın 27-də Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət nəticəsində yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənmək imkanı əldə etdilər. Bu yenilik, faktiki olaraq tikinti və əmlak sektorundakı bütün qeyri-müəyyənliyi aradan qaldırmağa, əmlak sektorunun şəffaflaşmasına imkan verdi.
14. «Başak-İnam» sığorta şirkəti tarixə qovuşdu
Maliyyə sektorundakı dəyişikliklər sığopta şirkətlərindən də yan keçmədi. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 oktyabr tarixli Qərarı ilə «Başak-İnam Sığorta Şirkəti»nin sığorta fəaliyyəti üçün lisenziyası ləğv edildi.
15. Reyhan Camalova və İvanka Tramp
Oktyabrın 12-də Bakı məktəblisi, 9-cu sinif şagirdi Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində ixtirası ilə iştirak edərək dünyanın diqqətini Azərbaycana yönəldib (12 oktyabr). ABŞ Prezidenti Donald Trampın qızı və baş müşaviri İvanka Tramp Azərbaycandan olan Reyhan Camalovanın nailiyyətini təqdir edərək onun belə gənc yaşında yağış suyundan enerji alınması ilə bağlı ixtirasını alqışlayıb.
16. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi
10 il əvvəl əldə edilmiş razılaşma və tikinti işlərindən sonra oktyabrın 30-da Bakıda dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Uzunluğu 850 kilometr olan dəmir yolunun 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk illərdə 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Belə ki, bu dəmir yolu xətti ilə Çindən birbaşa Londona yüklərin daşınması təmin edilir.
17. Azərbaycanda özəl kredit bürosu yaradıldı
Azərbaycanda ilk özəl kredit bürosunun yaradılması yüngülvari qalmaqalla müşayiət olundu. Aprelin 19-da 20-yə yaxın yerli maliyyə təşkilatı və dünyada kredit məlumatları və risklərin idarəolunması sahəsində aparıcı xidmət təchizatçısı kimi tanınan «Creditinfo» şirkəti özəl kredit bürosunun yaradılması barədə razılaşma imzaladı. Prosesə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Azərbaycan Banklar Asssosiasiyası (ABA) və
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) dəstək versə də, bu ili sonna çatdırmaq mümkün olmadı. «Creditinfo»nin iştirakı ilə yaradılan büro Vergilər Nazirliyində qeydiyata alınmadı. Nəticədə dekabrın 20-də Beynəlxalq Bankın (ABB) baş ofisində özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclası keçirilib. İclasda "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. ABB-nin rəhbəri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.
18. Stimullaşdırma və nəzarətin konturları dəqiləşdi
2017-ci ildən etibarən investisiya təşviqi və ixrac təşviqi mexanizmləri işə düşdü. Hesablama Palatasının funksiyaları nəzərəçarpacaq dərəcədə genişləndirildi. Azərbaycan İnvestisiya Şirkətinin vəzifələri dəqiqləşdirildi. İndi o, vergi imtiyazları ilə işləyən sənaye zonaları üçün məsuliyyət daşıyır. İlin sonuna yaxın dövlət agentliklərinin yaradılması prosesi sürətləndirildi.
19. Ölkəyə gələn turistlərin sayı gedənləri üstələdi
Azərbaycanda turizm sektorunun inkişafı nəticələrini verməyə başladı. İlk dəfə olaraq 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayı ölkədən gedənlərin sayını üstələdi. Yanvar-nyabr on bir ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.
20. Bitkoin «qızdırması» başlandı
Dünyanın kriptovalyuta bazarında əsl inqilab baş verdi. Ən məşhur kriptovalyuta sayılan bitkoinin qiyməti kəskin artaraq 20 min dollara yüksəldi. Sonradan qiymətlər azalaraq 15 min ətrafında sabitləşsə də, bitkoinin bu bahalaşması dünyanın investisiya bazarında zəlzələ effekti yaratdı.
Kriptovalyuta bazarı Azərbayandan kənarda yaransa da, müasir bank və ödəmə sistemləri vasitəsilə Azərbaycan vətəndaşları da bu sahəyə ciddi yatırımlar edirlər. Son məlumatlara görə, ölkəmizdə bitkoindən böyük pullar qazanan kriptoinvestorlar da var.
21. Azərbaycanda vergilər naziri dəyişdi
Azərbaycan hökumətində ilin ən böyük kadr dəyişikliyi dekabrın 5-də baş verdi. 2000-ci ildən bu vəzifəni tutan vergilər naziri Fazid Məmmədov prezidentin sərəncamı ilə azad edildi və onun yerinə həmin günədək təhsil naziri vəzifəsini tutan Mikayıl Cabbarov təyin edildi. Ənənəyə uyğun olaraq nazirin işdən çıxarılmasının səbəbləri açıqlanmasa da, qeyd edək ki, bundan əvvəlki oktyabr və noyabr aylarında vergi planı yerinə yetirilməmişdi.
22. Böyük çətinliklərlə üzləşən «Dəmirbank» bağlandı
Dekabr bank sektoru üçün daha bir şokla yadda qaldı. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr tarixli qərara ilə «DəmirBank»ın bank lisenziyası ləğv edildi.
Palata bu addımını bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olması, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah etd. Qeyd edək ki, buna qədər artıq bir neçə ay idi ki, «Dəmirbank» kredit verilməsini və əmanət qəbulunu dayandırmışdı. Bankın kapitalında güclü xarici investorların olması da onu bağlanmaqdan xilas edə bilmədi.
Bağlanan anda bankda 55 213 nəfərin ümumilikdə 63,5 milyon manat qorunan əmanəti vardı. Əvvəlkilərlə müqayisədə «Dəmirbank»ın bağlanması daha sakit şəraitdə keçdi. Artıq fevralın 1-dən bankın qorunan əmanətlərinin qaytarılmasına başlanacaq.
23. Divanda oturub dövlət əmlakı almaq mümkün oldu
Dekabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk dəfə olaraq elektron özəlləşdirmə hərraclarına başlandı. Bu yenilik nəticəsində Azərbaycan vətəndaşları və şirkətləri, eləcə də xarici vətəndaşlar özəlləşdirmə hərracına gəlmədən, sadəcə internet üzərindən qoşulmaqla özəlləşdirmə hərracında iştirak edib dövlət əmlakı almaq imkanı qazandılar.
Elektron hərracların tətbiqi öz əhəmiyyəti və mümkün nəticələrinə görə, indiyədək özəlləşdirmə prosesində baş verən ən mühüm hadisə sayıla bilər. İnternet üzərindən həyata keçirilən hərraclar özəlləşdrmə prosesini rahatlaşdırmaqla yanaşı, burada maksimum şəffaflıq yaradır. Bu yeniliyin nəticələri özünü 2018-ci ildə daha çox göstərəcək.