Nazirlər Kabineti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, qərarla Mərkəzin nizamnaməsi və strukturu təsdiqlənib. Qərara əsasən, Əqli Mülkiyyət Agentliyi bir ay müddətində Mərkəzin sədri və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etməli, eləcə də mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməlidir.
Nazirlər Kabinetinin qərarı ilə 100 min manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait hesabına təmin olunur. Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.
Qeyd edək ki, “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Mərkəzin fəaliyyətinə ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasında, elm və sənayenin inteqrasiyasına və əqli fəaliyyətin təşviq edilməsi yolu ilə innovativ iqtisadiyyatın formalaşdırılmasına dəstək verilməsində iştirak etmək; elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirmək; startap layihələrin dəstəklənməsi üçün texnologiyaların transferi ilə məşğul olan digər dövlət orqanları (qurumları) ilə, eləcə də fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək; müvafiq sahə ilə bağlı daxil olan layihələr və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını yaratmaq; kommersiyalaşdırılan texnologiya layihələrinin sayının artırılması istiqamətində işlərin həyata keçirilməsində, kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transfer prosesində vasitəçi xidmətlərin göstərilməsində, yüksək kommersiyalaşdırılma dəstəyi göstərmək və sairn hallar aiddir.