Koronavirus (COVID-19) pandemiyası qlobal problem kimi bütün dünyaya mənfi təsiri nəticəsində Azərbaycan iqtisadiyyatında mühüm yeri tutan logistika prosesləri də müəyyən zərər çəkib. Bu barədə mütəxəssislərin fikrini öyrənməyə çalışdıq.
FED.az biznes portalı AzFood.az-a istinadən Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzinin direktoru və eyni zamanda bir neçə ali məktəbdə strateji menecment və logistika sahəsini tədris edən Ruslan İmamquliyev ilə müsahibəni təqdim edir:
– Ruslan müəllim, məlum olduğu kimi koronavirus (COVID-19) pandemiyası qlobal problem kimi bütün dünyaya mənfi təsir etdiyi kimi Azərbaycan iqtisadiyyatındanda yan keçməyib. Hazırda iş adamları və sahibkarlara ciddi ziyan dəyməkdədir. Mövcud karantin rejim ilə əlaqədar qida və ərzaq logistikasının ümumi biznes ekosistemində fərqləndiyi məlumdur. Bu gün hansı xüsusiyyətlər bu sahənin daha da önəmli edir?
– Öncə maraqlı və son dərəcə zəruri bir sahəyə, logistika sahəsinə toxunduğunuz üçün minnətdarlığımı bildirirəm. Mövcud vəziyyət logistika sisteminin zəruriliyini və təchizat zəncirində yerini daha da aktual edib. Qida məhsullarının logistikası bu gün ən mühüm sahələrdən biridir. Qida logistikasında daşınma, saxlanma, anbarlama şəraitindəki hər bir kiçik nöqsan böyük fəsadlara səbəb ola bilmə ehtimalı çox olduğu üçün bu sahə xüsusi diqqətə saxlanılmalı bir sahədir. Bu sahənin strateji əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə mühüm işlər görür. Biz bu işləri hər gün mediadan izləyirik. Siz də təsdiq edə bilərsiniz ki, bəzən qida məhsulları yararlı olsa da onların anbarlaşdırılması və yaxud da daşınması düzgün həyata keçirilmir. Biz logistika şirkəti olaraq AQTA-nın bu sahədəki fəaliyyətini tam dəstəkləyirik. Biz axı təkcə logistika prosesinin iştirakçıları deyil, həm də istehlakçılarıyıq. Düzgün daşınmayan qida, hər birimizin ailəsinə, evinə daxil ola bilər. Ona görə də təkcə istehsalçılar deyil, bütün təchizatçılar, logistiklər qida və ərzaq biznesi zəncirinin mühüm və məsuliyyətli tərəfdaşlarıdır. Hesab edirəm ki indiki həssas dövrdə, logistiklər də daxil olmaqla hər birimiz dövlət orqanlarının direktivlərinə qeyd şərtsiz əməl etməli və biz logistiklər bu sahədə Qida Təhlükəsizliyi Agentliyinin bütün şərtlərinə və standartlarına cavab verən bir daşıma sistemini həyata keçirməklə Agetliyin yanında olmalı və dövlət maraqları naminə istənilən prosesdə həmrəyliyi təmin etməliyik.
– Mövcud vəziyyətdə ərzaq və qida daşınması sahəsində əsas nəyə diqqət yetirilməlidir?
– Çox maraqlı sualdır. Ümumiyyətlə qida və ərzaq sektoru rejimindən və mühütün təsirlərindən asılı olmayaraq tam təhlükəsiz və keyfiyyətli daşınmalıdır. Aydınlıq gətirmək üçün bir neçə müddəanı bu sahənin xüsusiyyətləri olaraq qısaca qeyd etmək istərdim. İlk növbədə, daşınacaq məhsullar ayrı-ayrılıqda tək-tək xüsusiyyətlərinə görə xarakterizə edilməlidir. İkinci qeyd edəcəyim mühüm amil, daşıma vasitələrinin və uzunmüddətli və ya qısa müddətli keçici saxlama məntəqələrinin standartlara uyğun steril şəraitinə daima diqqət edilməlidir. Üçüncüsü, yol boyunca yük daşıma vasitələrinin içindəki, temperatur və nəm səviyyəsi məhsulun xüsusiyyətlərinə uyğun olaraq müntəzəm nəzarətdə saxlanılmalıdır. Yəqin ki, siz məhsulların üzərinə baxarkən orda məhsulun hansı nəmlikdə və yaxud da hansı temperaturda, bir sözlə saxlanması xüsusiyyətləri barədə yazılar görmüsünüz. Baxın bu yazılar logistiklərin əməl etməli olduğu qaydalardan biridir. Dördüncü qeyd etmək istərdim ki, qida məhsulları ilə insan təmasını minumuma endirilməli və təmasda olması lazım olan heyətin sağlamlıq vəziyyəti mütəmadi olaraq xüsusi müayinələrlə yoxlanılmalıdır. Bu qeyd etdiklərim logistika, qida və ərzaq ekosisteminin ayrılmaz tərkib hissəsidir. Həm də mühüm nəzərə alınmalı olan məsələlərdir. Bir önəmli məsələni də vurğulamaq istərdim. Qida məhsullarının logistik təminatı marketinq tələblərinə müvafiq olaraq fərqli istiqamətlər üzrə təşkil edilə bilər. Məhsulun daşınması üzrə bunlardan bir neçəsini qeyd etmək istərdim. İlk olaraq, kənd təsərüfatı sahəsindən birbaşa satış məntəqəsinə daşınma. İkincisi, kənd təsərrüfatı sahəsindən istehsalat məntəqəsinə və ordan anbara daşınma məsələləri. Üçüncüsü, kənd təsərrüfatı sahəsindən anbara və ordan istehsal məntəqəsinə daşınmanın təşkili. Dördüncü, anbardan istehsalat məntəqəsinə və təkrar anbara daşınma. Nəhayət sonuncu, beşinci qeyd edəcəyim məsələ, anbardan satış məntəqəsinə daşınma məsələləri. Bəhs etdiyim bu 5 istiqamət üzrə təchizat zəncirinin logistik təminat nümunələrinə baxsaq strateji əhəmiyyət daşıyan qida məhsullarının daşınmasının əhəmiyyətini və özəlliyinin nə dərəcədə zəruri olduğununu görürük. Təkcə bu faktlara əsaslanaraq, Azərbaycan Respublikasının Qida Təhlükısizliyi Agentliyinin narahatçılığını başa düşərək onların bu sahədə gördüyü işləri vətəndaş olaraq dəstəkləməliyk.
– Logistika sahəsində qida və ərzaq daşımaçılığında anbarlamanın təşkili barədə nə deyə bilərsiniz?
– Öncəki sualda da qeyd etdiyim kimi logistika və təchizat zəncirinin bir çox mərhələlərində müddətindən asılı olaraq açıq və ya qapalı şəraitlərdə məhsulun xüsusiyyətlərinə görə saxlama şəraitinin təmin olunması mütləqdir. Bu məsələlərdə isə anbarların önəmi, anbarlama standartları ön plana çıxır. Bu gün ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi ilə yanaşı anbarlama standartlarına nəzarət olunması mütləqdir, hansı ki, bu məsələyə ciddi riayət olunmazsa ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi mümkün olmaz.
Ümumi olaraq anbarlar hava şərtlərindən qorunma dərəcəsinə görə açıq, qapalı və soyuq hava anbarı olaraq sinifləndirilir. Bəzi məhsullar var ki, qısa müddətli olaraq yağışdan, günəşdən qorunacaq şəkildə və daha çox əkin sahələrinə yaxın məsafədə məhsulun qısa müddətli saxlanmasına imkan verən sadəcə üstü örtülü, kənar şəxslərin və zərər vericilərin girişlərini məhdudlaşdıran açıq hava anbarları dediyimiz anbarlarda saxlanıla bilər. Niyə anbar məsələlərinə xüsusən toxunuram? Çünkü anbar logistikanın ayrılmaz bir tərkib hissəsidir. Ola bilər ki sən yükü keyfiyyətli daşıyasan, amma məlum olsun ki, daşıdığın yük qida və ərzaq normal anbar şəraitində saxlanılmayıb. Məhz bu səbəbdən, qapalı anbarlarda temperatur önəmli olmadığı və sadəcə gigeyena faktorlarını əsas tutaraq saxlama şəraitinin olduğu anbarlardır. Soyuq hava anbarları isə əsasən məhsulun növünə görə xüsusi rejimli soyutma sistemi avadanlıqları ilə təchiz edilmiş anbarlardır. Bütün hallarda məhsulla insan təmasını minimuma endirən müasir avtomatlaşdırma sistemlərindən istifadə etmək əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, məhsulun xüsusən də strateji əhəmiyyət kəsb edən qida hasilatının uzun müddətli ən optimal yolla utilizasiyası təmin edə biləcək şəkildə müasir innovativ yanaşmalara görə təchiz edilmiş soyuq saxlama anbarlarının mövcudluğu təchizat zəncirinin önəmli bir parçası olaraq ölkə strategiyasına təsir etməkdədir. Bugün ölkəmizdə müasir standartlara cavab verən anbarların olmasına baxmayaraq bu istiqamətdə yeniliklər daima yaxından izlənməli və innovativ yanaşmaların tətbiqinə yönəlik fəaliyyətlərə hazırlıqlı mütəxəssislərin nəzarətində hazır olunmalıdır. Biz bu sahədə inkişafı həm də təhsilli və bilikli şəxslərin iştirakı ilə görürük. Məhz bu məqsədlə də, bu gün rəhbərlik etdiyim şirkət Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universitetlə çox sıx əməkdaşlıq edir. Hər iki Ali təhsil müəsissəsi ölkəmizdə gənc kadrların fərqli istiqamətdə yetişdirlməsində mühüm rol oynayır. Bir logistika şirkəti olaraq, biz də öz istiqamətlərimiz üzrə həm də hər iki mötəbər Ali təhsil müəsissəsindən çox yeniliklər öyrənirik. Bu yenilikləri işlərimizdə elmi əsaslarla tətbiq edirik. Eyni zamanda tələbələrin logistika sahəsinin xüsusi bir növü olan qida və ərzaq logistikası ilə də daha yaxından tanış etmək kimi bir imkanımız olur.
– Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA dəstəyi ilə onlayn supermarket (“BakuMart Supply” tətbiqi) yaradılıb. Bu prosesdə logistika sektorunun rolu nə dərəcədədir?
– Qeyd etdiyiniz layihə barədə tam məlumatlıyıq. Hətta fürsətdən istifadə edib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova təşəkkür etmək istərdim ki, karantin rejimi tətbiq edilməmişdən öncə müxtəlif sektorların iştirakı ilə KOBİA-da bir neçə dəfə görüşlər keçirildi. Biz də bu görüşlərdə iştirak etmişik. Bütün fikir və təkliflərimiz bildirmişik. Təkliflərimiz nəzərə alınıb. Ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində “BakuMart Supply” tətbiqi təkmilləşdirildi. “BakuMart Supply”ın rəhbəri Ramil Qəhrəmanov və eyni zamanda bir çox elektron satış tətbiqlərinin bir sistem halında istifadəsini reallaşdıran dostumuz, bu gün ölkəmizdə elektron ticarət mühiti üçün böyük fədakarlıq edən, Logix şirkətinin rəhbəri Sakit Səmədovla da dəfələrlə görüş və müzakirələrimiz olub. Çünkü onlayn sifarişlərdə ən mürəkkəb prosesi logistika təşkil edir. Qeyd etdiyiniz tətbiq mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb. “BakuMart Supply” tətbiqinin təkmilləşdirilməsinə KOBİA ilə yanaşı, biznes tərəfdaşlığı platforması çərçivəsində yerli logistika, təchizat və onlayn ödəniş sistemləri tərəfindən də dəstək göstərir. Bizim şirkət də bu prosesin bir parçasıdır və bundan çox qürurluyuq. Bildiyiniz kimi karantin dövründə “BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur. Biz təchizatçılar bu məsələnin öhdəsindən hələ ki, öz daxili infrastrukturumuz çərçivəsində gəlmək istəyirik. Amma ehtiyac yaranarsa bu sahədə logistika proseslərinin subsidiyalaşması zərurəti yarana bilər. Biz, öz sosial məsuliyyətimizi tam anlayaraq bu prosesdə də cənab Prezident İlham Əliyevin çağırışına qoşulub həmrəylik nümayiş etdiririk. Fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər olsaq da vahid nəticələr yarada bilirik. Bildiyiniz kimi Daxili İşlər Nazirliyi də öz sosial şəbəkə hesablarında əhaliyə onlayn alış-verişdən istifadənin zəruriliyini tövsiyə edib. Məhz bu səbəbdən də hər birimizin üzərinə böyük, çox böyük bir məsuliyyət düşür. Logistiklərin isə xüsusən böyük məsuliyyəti var. Adını çəkmədiyim bütün daşıma və logistika şirkətlərinin hər birinin bu işlərdə böyük əməyi var. Onlar doğurdan da bu gün hər biri fədakarlıq edirlər. Belə bir izah verim. Alıcı pulunu ödədi məhsulunu, bank da bu pulu marketə transfer etdi, market də bu ödəməni aldı, alıcı üçün mal ayrıldı. Bütün bu proses elektron baş verir. Amma bu məhsulu sonunda biz logistiklər daşımalıyıq. Ona görə də fürsətdən istifadə edib, bütün sürücülərə, o cümlədən velosiped, moped, motosiklet, bir sözlə istənilən nəqliyyat vasitəsi ilə daşıma fəaliyyətini həyata keçirən şəxslərə, o cümlədən bu daşımanı həyata keçirdikləri zaman onalara dəstək olan dövlət orqanları nümayəndələrinə, vətəndaşlarımıza, xüsusən də Azərbaycan polisinə dərin təşəkkür edirəm.
– Ruslan müəllim, sizə müsahibəniz üçün dərin təşəkkür edirəm. Çox sağ olun.
– Siz sağ olun ki, bu məsələləri diqqətdə saxlayırsınız.