Xəbər verildiyi kimi, Liviyanın Milli Razılıq Hökuməti hərbi yardımla bağlı Türkiyəyə rəsmi sorğu ilə müraciət edib.
FED.az xəbər verir ki, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti rəsmi Ankaradan "hava, quru və dəniz" qoşunları ilə bağlı hərbi yardım istəyib.
Eləcə də bax: Liviya rəsmən Türkiyədən - HƏRBİ YARDIM İSTƏYİB
Daha əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır. O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.
Türkiyə tərəfi isə Liviyaya dəstək verməyə hazır olduğunu bildirib.
"Biz müsbət cavab verəcəyik"
Liviyanın müraciətini şərh edən Türkiyənin Liviya xüsusi nümayəndəsi və AK Partiya Ankara Millət vəkili Emrullah işlər, "Liviyanın Qanuni hökumətindən gələn dəvətə Türkiyə olaraq müsbət cavab verəcəyik" deyib.
İşlər, sosial media hesabından edilən şərhdə bildirib ki, «Liviyada BMT-nin qanuni saydığı Milli razılaşma Hökumətinin Türkiyədən hərbi yardım tələbinə Türkiyə olaraq laqeyd qala bilmərik. 361 il birgə keçmişimiz olan Liviyanın Qanuni hökumətindən gələn dəvətə Türkiyə olaraq müsbət cavab verəcəyik. Gazi Məclisinin Liviyaya hərbi dəstək verməsi ilə bağlı qətnaməsinin təsdiqlənməsi ilə hər zaman qardaş Liviya xalqının və qanuni hökumətinin tərəfində olduğumuzu bir daha nümayiş etdirəcəyik».
«Dəvət olunduğumuz yerə gedirik»
Əslində Liviyanın kömək üçün Türkiyəyə müraciəti gözlənilirdi və bu məsələyə Prezident Ərdoğan ötən gün münasibət bildirmişdi. Ərdoğan demişdi: «Müxtəlif Avropa və Ərəb ölkələri tərəfindən dəstəklənən qiyamçı generala qarşı mübarizəni həyata keçirən Tripoli rəhbərliyinə hər cür dəstək verdik. Dəvət olunduğumuz yerə gedirik, ancaq dəvət olunmadığımız yerə getmirik. Liviyadakı qanuni hökuməti daha təsirli şəkildə dəstəkləmək imkanımız olacaq. İnşallah bunu Məclisimizdə 8 və 9-da keçirəcəyik və dəvətə cavab verəcəyik»
Liviyada iki hökumət var
Qeyd edək ki, hazırda Liviyada vətəndaş müharibəsi gedir. Bir tərəfdən ölkənin müvəqqəti razılıq hökuməti olan və beynəlxalq aləmdə, o cümlədən BMT tərəfindən tanınan Faiz Sərracın hökuməti, digər tərəfdə isə qiyamçı general Xəlifə Həftarın dəstəklədiyi və Abdulla Abdurrəhman əl-Taninin başçılıq etdiyi müvəqqəti kabinetdir.
Türkiyə, Qətər və İtaliya Faiz Sərracın hökumətini, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya isə Həftarı dəstəkləyir.
Həftar Tripolini mühasirəyə alıb
Aprel ayından etibarən Həftar Tripolini ələ keçirmək üçün hücuma başlayıb və hazırda vəziyyət onun xeyrinədir. Məhz buna görə faktiki olaraq mühasirədə qalan Liviya hökuməti Türkiyədən yardım istəyib.
«Biz kənarda qalmayacağıq»
BMT-nin Liviyaya silah verilməsini qadağan edən qərarı var. Amma bir qədər əvvəl BƏƏ və İordaniya Həftara silah verdiyinə görə, eləcə də Rusiyanın Hərbi Şirkəti olan Vaqnerin dəstəsi Həftara dəstək veriyinə görə, Türkiyə də BMT sanksiyasını pozaraq öz müttəfiqlərinə dəstəyə başlayıb.
Tərəflər ötən ay hərbi əməkdaşlığı dərinləşdirə biləcək bir təhlükəsizlik sazişi imzalayıb.
Bir qədər əvvəl Prezident Tayyib Ərdoğan Türkiyənin Liviyadakı Xəlifə Həftarı dəstəkləyən Rusiyaya məxsus muzdlulara qarşı səssiz qalmayacağını bildirib. Belə ki, rəsmi Moskva Həftarın düşmənlərinə dəstək olaraq Türkiyənin Liviyaya mümkün hərbi qoşun yeritməsindən narahatlığını dilə gətirib.
Türkiyə Birləşmiş Millətlər Təşkilatının silah üçün nəzərdə tutulmuş sanksiyasını pozaraq Liviyaya hərbi qüvvə göndərib. ABŞ ekspertlərinin Reuters agentliyi tərəfindən ötən ay açıqlanan hesabatına görə, Sərracın Milli Saziş Hökuməti (GNA) Həftarın İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən dəstək almasından sonra Türkiyədən kömək istədiklərini bildirib.
Türkiyə hesabatdakı iddialara birbaşa cavab verməyib, amma Ərdoğan rəsmi Ankaranın Həftarın Kremlə bağlı Vaqner qrupundan aldığı dəstəyi qulaqardına vura bilmədiyini deyib.
“Vaqner adlı qrup Liviyada Həftarın muzdlu işçiləri kimi işləyir. Onlara kimin pul ödədiyini bilirsiniz” deyən Rəcəb Tayyib Ərdoğan Malayziyadan qayıdarkən NTV telekanalına açıqlamasına "Bu belədir və bütün bunlara qarşı səssiz qalmağımız düzgün olmaz. İndiyə qədər əlimizdən gələni etdik və bundan sonra da edəcəyik” fikirlərini də əlavə edib.
Ərdoğan bu açıqlamaları Sərrac hökumətinin rəsmi Ankara ilə təhlükəsizlik və hərbi razılaşmanın əldə olunmasını bildirdikdən bir gün sonra verib. Bu addım Həftar qüvvələri ilə uzun illər davam edən mübarizədə Türkiyənin dəstəyini mümkün edir.
Rusiya bu addımdan narahat olub
İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü Rusiya Türkiyənin Liviyaya qoşun göndərməsi perspektivindən çox narahat olduğunu vurğulayıb.
Çərşənbə günü Ərdoğan Türkiyənin GNA-ya hərbi dəstək vermək və Aralıq dənizinin şərqində ortaq addımları dəstəkləməklə Liviya ilə əməkdaşlığı daha da yaxşılaşdıracağını qeyd edib. Rəsmi Ankara əvvəllər bəyan etmişdi ki, GNA-ya müraciət olacağı təqdirdə hərbi dəstək göndərə biləcək. Lakin hələ də belə bir tələbin edilmədiyi bildirilir.
Kreml çərşənbə axşamı Ərdoğan və Vladimir Putinin gələn ay Türkiyədəki danışıqları zamanı rəsmi Ankaranın Liviyaya potensial olaraq hərbi qüvvə yerləşdirməsini müzakirə edəcəklərini deyib
Türkiyə «köhnə tanışları» ilə üz-üzə
Türkiyə Liviyada özünün «köhnə tanışları» ilə üz-üzə gələcək. Yunanıstan və Misir Ankaranın bu qərarına qarşı çıxıb və Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb. Liviyanın Afinadakı səfiri ötən cümə persona non-qrata elan edilib və Yunanıstanı tərk etməsi üçün ona üç gün vaxt verilib.
«Liviya Türkiyə üçün Əfqanıstan və Vyetnama çevriləcək»
Artıq indidən Rusiya mənbələri Türkiyənin Liviya kampaniyasının uğursuz olacağı barədə məlumatlar yaymağa, təbliğat kampaniyasına başlayıblar. Rusiya mənbəli internet resursları Liviyanın Türkiyə üçün «Vyetnam və Əfqanıstana çevriləcəyini» bildirir, «Əvvəl İraq, sonra Suriya, indi də... - Ankara növbəti bataqlığın astanasında» mesajı ilə məlumatlar yayırlar.