ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etiraz aksiyaları keçirən əhaliyə müraciət edərək onları dövlət qurumlarını ələ keçirməyə çağırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ lideri özünün “Truth Social” hesabında etdiyi paylaşımda İranda davam edən etirazlar fonunda rəsmi Tehranla bütün diplomatik əlaqələri dayandırdığını elan edib.
Tramp İran hakimiyyətinə elan edib ki, nümayişçilərə qarşı zorakılığı dayandırmayana qədər ABŞ İranla heç bir görüş keçirməyəcək.
ABŞ prezidenti iranlı etirazçılara müraciət edərək, ilk dəfə onları hakimiyyəti devirməyə çağırıb - Tramp etirazçıları “vətənpərvər” adlandıraraq mübarizəni davam etdirməyə, dövlət müəssisələrini ələ keçirməyə çağırıb:
“Dövlət müəssisələrini ələ keçirin, kömək yoldadır. Gəlin, İranı yenidən böyük edək”. Xatırladaq ki, Tramp dünən İranla ticarət edən ölkələrə 25 faiz rüsum tətbiq edib.
“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək”, - deyə ABŞ prezidenti bildirib. Tramp qeyd edib ki, qərar dərhal qüvvəyə minəcək və bu sərəncam qətidir.
Qeyd edək ki, dekabrın 28-dən bəri İranda milli valyutanın kəskin dəyərdən düşməsi ilə başlayan aksiyalar hazırda ölkənin 31 vilayətini əhatə edir.









