«Taliban» hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Kabildə döyüşlər getməsə də, Taliban nümayəndələri prezident sarayındadırlar və indiyədək hökumətin sülh yolu ilə talibana verilməsi üçün danışıqlar aparırlar.
FED.az xəbər verir ki, Kabildə Taliban hərəkatı ilə Əfqanıstan hökuməti arasında hakimiyyətin ötürülməsi ilə bağlı danışıqlar indiyədək davam edir.
Hələlik, Əfqanıstanın sabiq daxili işlər naziri Əhməd Cəlali ölkədə keçid hökumətinin başçısı vəzifəsini öz üzərinə götürüb. Əhməd Cəlali vaxtilə Əfqanıstanın Almaniyada səfiri də işləyib.
Əfqanıstanın bütün sərhədlərinə Taliban nəzarət edir, keçid məntəqələri bağlanıb, ölkədən yalnız helikopter və təyyarələr vasitəsilə çıxmaq mümkündür.
Kabildə bankların qarşısında böyük növbələr yaranıb – adamlar taliblərin hücumu ilə əlaqədar olaraq banklardan pullarını çıxarmağa başlayıblar.
Əfqan vətəndaşları kütləvi surətdə xarici ölkələrin səfirliklərinə müraciət edirlər. «Sky News» xəbər verir ki. minlərlə əfqan Türkiyə və İran səfirliynin qarşısına toplaşıb və viza alaraq ölkəni tərk etməyə cəhd edirlər. Ölkədən getmək istəyənlərin bəziləri Özbəkistanla sərhədə üz tutub. Taliblər əhalini ölkədən getməməyə çağırırlar, onlar bəyan edir ki, yeni hökumətin onların istedadlarına və bacarıqlarına ehtiyacı var.
Məşhur hərbi baza və müasir silahlar taliblərdə
Əfqanıstan hökuməti elan edib ki, məşhur Bəhram aviabazası taliblərin nəzarətinə verilib. Burada həm də böyük həbsxana – «Əfqan Quantanamosu» adlanırdı – yerləşir. Kabilin 60 kilometrliyində yerləşən bazadakı həbsxanada 5 minə yaxın dustaq var, onların bir hissəsi vaxtilə əsir alınmış taliblər, İŞİD nümayəndələri ə digər şəxslərdir.
Rusiya tərəfi bildirir ki, bazarın taliblərin əlinə keçməsi nəticəsində 5 min cinayətkarın azadlığa buraxılması ilə yanaşı, taliblər həm də çoxsaylı silah-sursata yiyələnəcəklər. Belə ki, indiyədək bazaya nəzarət edən ABŞ nümayəndələri helikopter və təyyarələri çıxarsa da, burada uzaq məsafələri vurmaq üçün raketlər və digər müasir silah-sursat qalıb. İndiyədək isə «Taliban»ın silahları müasir deyildi – onlar əsasən «Kalaşnikovlar» və qumbaraatanlarla silahlanıblar.
Minlərlə hərbçi taliblərin qisasından qorxur
Hazırda Əfqanıstan Ordusunun minlərlə hərbçisi taliblər tərəfindən sərt cəza alacaqlarından narahatdırlar. Onlar, xüsusilə də 2 gün əvvəl taliblərin ələ keçirdiyi Heratda olan hərbçilər amnistiya tələb edirlər. Hərbçilər qorxur ki, taliblər 1996-2001-ci ildə olduğu kimi onlara qarşı vuruşanlara divan tutacaqlar.
Artıq bəzi ölkələr əfqan qaçqınlarına sığınacaq verəcəklərini açıqlayıblar. Albaniya baş naziri Edi Rama bəyan edib ki, ölkəsi Əfqanıstanda xarici sülhməramlı qüvvələrlə işləyən və hazırda həyatına təhlükə olan yüzlərlə əfqana sığınacaq verməyə hazırdır.
Taliblər: "Heç kimdən qisas almayacağıq"
Taliblər isə elan ediblər ki, «kimdənsə qisas almaq» və reppessiya etmək niyyətləri yoxdur. O cümlədən vaxtilə hökumətdə və Orduda qulluq edərək onlara qarşı döyüşənlərə toxunmayacaqlar.
Qadınlar işdən çıxarılırlar
Taliblərin nümayəndəsi elan edib ki, onlar qadın hüquqların hörmət edəcək və onların təhsil almasına mane olmayacaqlar. Amma bəzi məlumatlara görə, artıq qadınlara elan edilib ki, onlar iş yerərini tərk edə bilər və onları iş yerində öz qohumları olan kişilər əvəz etsin. Bundan başqa, artıq Kabildə gözəllik salonlarının qarşısı və digər yerlərdə qadınların şəkillərinin üstünü rəngləməyə başlayıblar.
Xarici ölkələr də səfirliklərini ölkədən çıxarırlar. Artıq ABŞ səfirliyinin Kabildən köçürülməsinə başlanılıb. ABŞ diplomatlarının təhlükəsizliyini 5 min ABŞ hərbçisi təmin edir. ABŞ bütün əməkdaşlarını 3 gün ərzində Əfqanıstandan çıxaracaq.
Rusiya Xarici işlər nazirliyi isə səfirliyi köçürmək niyyətində deyil, taliblər də Rusiya səfirliyinə təhlükəsizlik zəmanəti veriblər.
Taliban bildirib ki, xarici vətəndaşlar ölkəni tərk edə bilərlər, amma qalmaq istəsələr Talibanda qeydiyyatdan keçməlidirlər. Hazırda BMT Təhlükəsizlik Şurasının Əfqanıstandakı vziyyətlə bağlı təcili toplantısının keçirilməsi gözlənilir.