Azərbaycanda “Sky Angels Group” komandasının birgə fəaliyyəti nəticəsində insanların, avtomobillərin, qatarların, təyyarələrin hərəkət intensivliyini sabit enerjiyə çevirmək üçün "Hyper Traffic Energy Module" adlı layihə hazırlanıb.
Layihə nəticəsində yaradılan qurğudan elektrik enerji əldə etmək mümkündür. FED.az "Hyper Traffic Energy Module" layihəsinin idea müəllifi, ixtiraçı Turan İsmayılzadənin TED.az-a müsahibəsini təqdim edir:
- Tural İsmayılzadə kimdir və onun ixtirası nədən ibarətdir?
Azərbaycanda sosial innovasiyaların inkişafı sahəsində həm elmi, həm də praktiki işlər görürəm. Bu gördüyümüz iş Azərbaycanda birinci deyil. Tam olaraq 3 ildir ki, startaplar və 5 il isə ixtiralar üzərində çalışırıq. 35 ixtira üzərində artıq təkmilləşdirmə işləri aparırıq, 200-300 arasında startaplar planlaşdırırıq.
- Necə oldu ki, belə bir qurğu yaratmağa qərar verdiz?
Biz hər hansı bir layihəni işləyərkən əsasən insanların problemlərinə baxırıq və görürük ki, ümumi bir statiskanı araşdıranda dünya üzrə 23% insanın enerji əldə etməyə imkanı yoxdur. Bir çox insanın enerji problemi var və hər kəs çalışır ki, heç bir vəsait xərcləmədən enerji əldə etsin. Yaratdığımız bu qurğu da elə “öz enerjini özün yarat” prinsipi ilə işləyir. Biz hazırda nəqliyyat sahəsini hədəf götürmüşük və əgər bizə maddi cəhətdən dəstək olunsa bunu limanlarda da həyata keçirmək istəyirik.
Yəqin ki, sizin startapa oxşar dünyada startaplar var. Sizinkinin fərqi nədir?
Bizim fərqimiz ondadır ki, biz insanlara zərər vurmadan onların xərcini azaltmış oluruq və bu sahədə toqquşma nöqtəsi olan yerlərdə iş aparmağa çalışırıq. Məsələn, Bakının girişindən hər gün 1 milyondan çox avtomobil şəhərə daxil olur. Hər biri 1 volt enerji versə böyük enerji əldə etmək olar.
Birinci, məsafədir və ən böyük problemlərdən biri maneədir. Bir çoxları maneə üzərində işləyirlər və bu, real qəza deməkdir. Biz onu sadələşdirdik və üzərində heç bir maneə, səs effekti belə olmadan hərəkət edəcək. Çünki biz zərbədən deyil, toxunuşdan enerji alırıq. Ən böyük fərqimiz isə maddiyatdadır. Biz bu layihəni nəqliyyatdan əlavə sahələrə də tətbiq etmək niyyətindəyik. Məsələn, yüzlərlə gənc adada eyni anda rəqs edir və onların əyləncəsindən enerji alıb həmin obyekti işıqlandırmaq olar.
- Kiçik bir stansiya qurmaq üçün sizə nə qədər investisiya lazımdır?
Mingəçevir Su Elektrik Stansiyası kimi böyük bir stansiyanın qurulmasına 5 milyard pul xərclənirsə biz onun kiçik formasını bu üsulla qurub ondan 100 qat aşağı xərclə bunu həll edə bilərik. Azərbaycanda ən böyük problemlərdən biri də investordur. Bizdə investorlar yeniliyə açıq deyillər. Bizim investorlar kənd təsərrüfatına meyillidirlər. Bizə xaricdən də təkliflər gəlir. Onlar deyirlər ki, biz sizə istədiyiniz qədər pul ayırırıq, ancaq bir şərtimiz var ki, gətirin bunu bizim ölkədə qurun. İxtira buradan çıxdıqdan sonra Azərbaycan məhsulu olmayacaq.
- İnvestorlardan danışdınız, startapınızın təqdimatını etmisinizmi?
Bu yaxınlarda “Yeni Fikir” müsabiqəsində olduq. Fərdi görüşlərimiz də çox olub.
- Bu qurğunu harda qurmağı nəzərdə tutursunuz?
Asfalt yolda qurmağın cəriməsi var və icazə verilmədiyinə görə sınaqları dəniz kənarında həyata keçiririk. Gələcəkdə işi böyüdə bilsək, investisiya cəlb edə bilsək yer haqqında düşünməyə zaman və imkan olacaq. Yer məsələsi dəyişəndir. Vəziyyətdən aslıdır...
- Belə başa düşdüm ki, siz komanda şəklində işləyirsiz. Bizə bir az komandanızdan bəhs edə bilərsizmi?
Bu yola birinci, tək çıxdım daha sonra Şahin adlı bir yoldaş qatıldı bizə. l qrup əlil olmasına baxmayaraq,Azərbaycanda çox insandan təhsilli, çox startapçıdan öndə olduğunu sübut edən bir gəncdir. Komandamız 41 nəfərdən ibarətdir, əksəriyyəti kənardan işləyir. Bizsə qarajda işləyirik. Bizim laboratoriyamız yoxdur hələki, qarajda qururuq qurğumuzu...
- Bir startapçı olmaq üçün ilk növbədə nədən başlamaq lazımdır və nələrə diqqət etmək lazımdır?
Ağıl işlətmək lazımdır. Siz möhtəşəm bir iş görə bilərsiz amma bu insanlara lazım olmaya bilər. Ona görə siz birinci görməlisiz bazarda nələr var, nələr çatışmır, o çatışmayanlar niyə yoxdur? Niyə bunu kimsə yaratmayıb? O problemləri həll edə-edə artıq bir startapçı kimi özününzü görə bilərsiz. Və bir də təbii ki, komanda çox önəmlidir. Daha çox iş görmək istəyirsinizsə komanda önəmlidir, çalışsınlar, paylaşa bilsinlər.
Rəqs edənlərin əyləncəsindən enerji alıb bütün adanı işıqlandırmaq olar – STARTAP
20:18
15 İyul 2019